"Ümumiyyətlə biri var ki, xaricdən olan müəyyən qüvvələr Azərbaycana qarşı "qara-piar", "şər-böhtan" kampaniyası həyata keçirir ki, bu da başadüşüləndir. Biri də var ki, öz daxilimizdə olan Azərbaycan vətəndaşı, ölkəmizdə hər şeydən bəhrələnən insanlar, Azərbaycan mətbuatı dövlətimizə qarşı kampaniya aparır. Təbii ki, bu, pislənilməli bir mövqedir". Bunu SİA-ya millət vəkili Elman Məmmədov "Azadlıq" qəzetinin bir neçə gün öncə Almaniyanın Avropa Oyunlarını boykot edəcəyi ilə bağlı dərc etdiyi xəbərin öz təsdiqini tapmamasına münasibət bildirərkən deyib.
Deputatın sözlərinə görə, hətta insanda şübhə yaranır ki, görəsən onlar öz mövqelərini sərgiləyirlər, yoxsa hansısa tapşırığı yerinə yetirirlər: "Hesab edirəm ki, bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən pislənilməli bir haldır. Artıq ilk Avropa Oyunları ilə bağlı həm xarici qüvvələrin, həm də bizim daxilimizdə olan xaricdən qidalanan, bəhrələnən anti-Azərbaycan qüvvələrin apardıqları bütün "qara-piar" kampaniyalarının hamısı puça çıxdı. Bu gün artıq bu problem yoxdu. Beləcə, deyilənlərin hər biri ifşa olundu. Ötən gün bizlər hər birimiz müşahidə etdik ki, artıq birinci Avropa Oyunlarının məşəli bölgələrimizdən Bakıya gəldi. Prezidentimiz başda olmaqla ailəsi həmin tədbirdə böyük ruh yüksəkliyi ilə iştirak etdi. Eləcə orada Azərbaycanın görkəmli tanınmış insanları iştirak etdi. Bu, bizi və dostlarımızı sevindirir. Sevinməyənlərin mövqeyi bizim üçün o qədər də əhəmiyyətli deyil. Biz ilk Avropa Oyunlarını ən yüksək səviyyədə keçirəcəyik. Artıq biz Avropa standartlarına uyğun yox, əksinə Avropa Azərbaycan standartlarına özünü uyğunlaşdıracaq. Biz bununla fəxr etməliyik və qürur duymalıyıq".
sia.az