Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur.
Heydər ƏLİYEV Azərbaycan xalqının Ümummilli Lideri
Həyatının bütün mənasını öz xalqına və dövlətinə xidmətdə görən, Azərbaycanın müstəqilliyini dünyanın ən böyük neməti hesab edən Ümummilli Lider Heydər Əliyevin adı milli tariximizə qızıl hərflərlə yazılmışdır. Əsas məqsədi, amalı azad və firavan Azərbaycan qurmaq olan, dövlətimizin müstəqilliyinin dönməz və əbədi olduğunu həmişə çıxışlarında qətiyyətlə qeyd edən Ulu Öndər Heydər Əliyev deyirdi: "Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi və əbədi olması bundan da çətindir". Azərbaycanın dövlət müstəqilliyi Ümummilli Lider Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qorundu və əbədiləşdirildi. Ulu Öndərin layiqli varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inamlı və düşünülmüş daxili və xarici siyasət konsepsiyası nəticəsində əldə edilmiş uğurlar daha da inkişaf etdirildi, milli maraqlarımızın və mənafelərimizin etibarlı qorunması təmin olundu.
Canından çox istədiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, dünya birliyində layiqli yer tutan müasir, müstəqil və qüdrətli Azərbaycan bəxş edən Ümummilli Lider Heydər Əliyevin böyük qürur hissi ilə dediyi "Azərbaycanlı kimi dünyaya gəldiyimə, Azərbaycan dilində danışdığıma, Azərbaycanı təmsil etdiyimə görə özümü çox xoşbəxt sayıram. Mən fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri isə hər bir soydaşımızın qəlbində dərin iz buraxmış, onun Vətənə və xalqına nə qədər bağlı, sədaqətli olduğunu bir daha isbatlamışdır.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqillik illərində ölkəyə yenidən rəhbərlik etməsi isə həqiqətən xalqımız üçün böyük şans, uğur və xoşbəxtlik idi. Onun 1993-cü ildə xalqın təkidli və israrlı tələbi ilə siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkədə sabitlik tədricən bərqərar oldu, qonşu dövlətlərlə münasibətlər tənzimləndi, daxildəki pozucu, separatçı qüvvələrlə mübarizə gücləndi və onların qanunsuz fəaliyyətlərinin qarşısı alındı. Əldə edilən daxili sabitlik müstəqil dövlətimizin sonrakı dövrdə qazandığı ən ciddi nailiyyətlərdən biri kimi respublikamızın yüksəlişinə yol açdı. Ölkəmizin bugünkü sosial-iqtisadi inkişafının əsası da məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının həyata keçirilməsi ilə qoyuldu.
Hələ ötən əsrin ortalarından başlayaraq Azərbaycanın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin strategiyasına uyğun respublikamızda həyata keçirilən genişmiqyaslı proqramlar müasir iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyimizin təmin olunması üçün zəmin hazırlamışdır.
Öz mənalı ömrünü xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin millətçi damğası ilə təqib olunmalarından qorunması, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması, həmçinin respublikadakı vacib sahələrin milliləşdirilməsi istiqamətində işlərin görülməsi Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış bir proses idi. İmperiyanın mövcudluğu dövründə milliləşmənin çox çətin olduğunu qeyd edən Ulu Öndər deyirdi: "DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini, milli şurunu oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkələnməyini reallaşdırmaq arzusunda idim. Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən, onu ayıq və oyaq salmadan görmək istəyirdim".
Azərbaycanın bir çox tanınmış ziyalıları dahi rəhbərimiz Heydər Əliyevin böyük fədakarlığı və hədsiz vətənpərvərliyi nəticəsində imperiya cəngindən qurtula bildilər.
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi köklərini dərindən bilən Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə həmin problemi daim diqqət mərkəzində saxlamış, o dövrdə Dağlıq Qarabağda baş verən təxribat-pozuculuq hərəkətlərində Ermənistan SSR rəhbərlərinin əlinin də olduğunu çəkinmədən bildirmişdi. Həmin illərdə Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan torpaqlarına gəlmə olduqlarını nəinki başa düşmüş, hətta diyara köçürülmələrinin 150 illiyi münasibəti ilə abidə də qoymuşdular.
Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan təhsil müəssisəsini - görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbi yaratmaqla Azərbaycanın müstəqilliyini bərpa etməsindən 20 il öncə milli hərbi kadr hazırlığı üçün zəruri bazanın ən yüksək səviyyədə təşkilinə nail olmuşdu. Azərbaycan dövlətçiliyinin intellektual və hərbi potensialının formalaşdırılmasına yönəlmiş bu cəsarətli addımların əhəmiyyəti, müstəqil dövlət quruculuğundakı rolu əvəzsiz idi.
Çətin, həmçinin şərəfli həyat yolu keçmiş Azərbaycan milli təhlükəsizlik orqanlarının inkişaf tarixi də bilavasitə ömrünün böyük bir hissəsini bu orqana həsr etmiş görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır. Hələ, XX əsrin ortalarından etibarən Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanın gələcək müstəqilliyi və milli təhlükəsizlik orqanlarında kadr potensialının həlli naminə respublika təhlükəsizlik orqanının milliləşdirilməsi istiqamətində işə başlanılmışdı. Ulu Öndər bildirirdi ki, milliləşmə dövlət-təhlükəsizlik orqanlarında çox vacib məsələ idi: "Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının milliləşdirilməsi prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun fəaliyyətinin istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu".
Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlət təhlükəsizlik orqanında əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də rəhbərliyə irəli çəkildiyi 1967-ci ildən sonrakı dövrdə olduğu kimi, respublika və İttifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarına öz qayğısını əsirgəməmişdir. Məhz bütün bu dövrlər ərzində bu orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başlamışdı.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ilə görüşündə Ulu Öndər Heydər Əliyev xatırlayırdı: "Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, dövlət təhlükəsizliyi orqanlarında rəhbər vəzifələrdə işlədiyim zaman, bu orqanın başçısı olduğum zaman və ondan sonra Azərbaycan Respublikasının bascısı olduğum zaman Azərbaycan xalqının milli mənafeyinə əks olan hec bir addım atılmamısdır. Amma nə qədər belə təkliflər, belə təzyiqlər var idi".
Müstəqil Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin milli mənafelərin və təhlükəsizliyin qorunması istiqamətində fəaliyyətinin yenidən qurulması dövrü də məhz Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı, milli təhlükəsizlik orqanları sisteminin kökündən formalaşdırılması və nizamlanmasına göstərdiyi tələbkarlıq, eyni zamanda gündəlik qayğı və diqqətlə bilavasitə bağlı idi. Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev təhlükəsizlik orqanları qarşısında da yeni reallıqlardan irəli gələn vəzifələr qoydu.
Hər bir dövlətin ən böyük sərvəti, onun yüksək ixtisaslı, savadlı kadrlarıdır. Təhsil sahəsinin xalqın, dövlətin taleyində oynadığı əvəzsiz rolu yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev 1998-ci il dekabrın 1-də imzaladığı Sərəncamla milli təhlükəsizlik orqanları üçün kadrlar hazırlayacaq ali təhsil ocağının təməlini qoydu. 2004-cü ildə akademiyada Heydər Əliyev adına xüsusi təqaüd təsis edildi. 2005-ci ildə isə akademiyaya Ulu Öndərin adı verildi.
Ümummilli Lider Heydər Əliyevin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlət quruculuğunun yeniləşmə və müasirləşmə mərhələsində milli təhlükəszilik orqanları müasir zamanın çağırışlarına uyğun olaraq özünün sürətli inkişaf və modernləşmə dövrünü yaşayır.
Məhz dövlət başçısının bilavasitə diqqət və qayğısı sayəsində Milli Təhlükəsizlik Nazirliyinin fəaliyyətinin normativ-hüquqi bazasının möhkəmləndirilməsi və təkmilləşdirilməsi istiqamətində 2004-cü ildən başlayaraq yeni tədbirlər həyata keçirildi. Azərbaycanın milli maraqlarının və təhlükəsizlyinin etibarlı təmin olunması strategiyasına uyğun olaraq islahatlar aparıldı, beynəlxalq əlaqələr xeyli genişləndi. Terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığın müxtəlif təhlükəli növləri ilə qətiyyətli və uğurlu mübarizə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin məqsədyönlü, səmərəli təşkili və önəmli nəticələri milli təhlükəsizlik orqanlarına olan etimadı xeyli artırdı.
Bu gün Dahi Şəxsiyyət Heydər Əliyevin peşəkarlıq məktəbini ləyaqətlə və uğurla davam etdirən milli təhlükəsizlik orqanları Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin göstərişi və tövsiyələri əsasında fəaliyyətlərini zamanın çağırışlarına uyğun olaraq daha da təkmilləşdirərək, Azərbaycan xalqının ən böyük nailiyyəti olan dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkənin milli maraqlarının qorunmasında və hərtərəfli təmin olunması istiqamətində bütün qüvvəsini səfərbər edərək əzmlə çalışmaqdadır.
H.AĞAMMƏDOV