PDF Oxu

Siyasət

  • 12

Xeyirxahlığın və ümidin mücəssəməsi

Xeyirxahlığın və ümidin mücəssəməsi

Mehriban xanım Əliyeva yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq milyonlarla insanın ürəyini fəth edib

Müasir dünyanın gətirdiyi nailiyyətlərdən danışarkən, qarşıya qoyduğu tələbləri də unutmamalıyıq. Qloballaşan dünyamızın nizamını tənzimləmək, onun baxışından yaşadığımız cəmiyyətə yeni baxış və düşüncələri əlavə etmək bir o qədər də asan deyildi. Çünki mövcud çağırışlar daha dəqiq məntiqə, təfəkküfə əsaslanır.

Azərbaycan müasir dünyamızda dünyanın görünən bir tərəfinə çevrilib desək, yanılmarıq. Dünyanın elə bir ölkəsi yoxdur ki, Azərbaycan orada öz sözünü deməsin. İstər ictimai-siyasi baxışları, istər mədəni-sosial layihələri, istərsə də mötəbər təbdirlərin iştirakçısı olaraq. Dünyaya ismarıcları da bu sırada istisna deyildi. Şərqlə Qərbin ortaq dəyərlər modeli sayılan Azərbaycan dünyanın mədəniyyətlərarası dialoq mərkəzlərindən birinə çevrilib. Tolerant, mehriban birgəyaşama mədəniyyəti baxımından artıq dünya üçün bir örnəkdir. Bu və ya digər ümümbəşəri dəyərləri Azərbaycanın adına həkk edən, onun mövqeyini dünyaya bəyan edən Azərbaycan Prezidenti Cənab İlham Əliyevin həyata keçirdiyi siyasət olmaqla yanaşı, bu işə təkan verən Heydər Əliyev Fondunun fasiləsi və qətiyyətli fəaliyyətini də nəzərə çatdırmalıyıq. Bu gün mübaliğəsiz deyə bilərik ki, dünyanın eşidilən səsində Azərbaycan adını vurğulanmasında Heydər Əliyev Fondunun ximətləri kifayət qədərdir. Azərbaycanın ictimai, sosial, mədəni həyatında önəmli rola malik olan Heydər Əliyev Fondu qurum olaraq humanitar layihələrinin miqyasını genişləndirir. Fond səhiyyə, mədəniyyət, təhsil, sosial sahələrdə bir sıra layihələri reallaşdırır. Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsini, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədini həyata keçirən fond nəinki Azərbaycanda, onun hüdudlarından belə kənarda humanist ideyaların gerçəkləşdirir.

Ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi, mənəvi rifahının yaxşılaşması naminə ardıcıl fəaliyyəti, eləcə də Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması, uşaq və gənclərin hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi istiqamətində gördüyü işlər Azərbaycanın beynəlxalq arenada tanınmasına, xalqımız haqqında obyektiv ictimai rəyin formalaşmasına təkan verib. Heydər Əliyev Fondu bir sıra dost dövlətlərdə - Rusiya Federasiyasında, Rumıniyada, Türkiyədə və ABŞ-da nümayəndəliklər yaratmaqla Azərbaycanın beynəlxalq nüfuzunun daha yüksəlməsinə nail oldu. Bütün bunlar Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın əməli fəaliyyətində özünü təsdiqləyir. Onun bu genişmiqyaslı layihələri təkcə Azərbaycanda deyil, dünya miqyasında belə yüksək qiymətləndirilir.

Mehriban xanım Əliyeva dünya miqyasında maraq doğura biləcək, beynəlxalq mahiyyət daşıyan layihələrinə imza atır. Humanizm, xeyriyəçilik missiyasının reallaşmasına söykənən fəaliyyət davam edir. Fondun həyata keçirdiyi işıqlı layihələrinin sayı artıq hesaba belə gəlmir. Dünyanın bir çox ölkələri tərəfindən fəxri adlara, mükafatlara layiq görülməsi, eyni zamanda onun gördüyü genişmiqyaslı işlərin dünya mətbuatında, efirlərində yer alması Mehriban Əliyevanın fəaliyyətinə verilən qiymətdir.

Azərbaycanın Birinci Xanımı haqqında olan daha bir məqalə də diqqətimizdən kənarda qalmadı. Özbəkistanda populyar olan "uchildiz.uz" saytı və "podrobno.uz" Xəbərlər Agentliyinin səhifələrində Tulkin Eşbeyin "Mehriban Əliyeva xeyirxahlığın və ümidin mücəssəməsidir" sərlövhəli məqaləsi yerləşdirilib. Bu məqalə Mehriban xanım Əliyeva ətrafında dünya ictimaiyyəti tərəfindən yüksək fikirlərin formalaşmasını göstərən daha bir nümunədir. Öz-özünə "Mehriban Əliyeva yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq milyonlarla insanın ürəyini necə fəth edib?" sualını verən Tulkin Eşbeyin bunun çox sadə olduğunu bildirir. "Onu ətrafdakılara humanist münasibətinə, ehtiyacı olan insanlara qayğı göstərdiyinə və kömək etdiyinə, onların dərdinə şərik çıxdığına və lazımlı məqamda yanlarında olduğuna görə ehtiram bəsləyir və sevirlər", - deyə suallını belə cavablandırır.

Mehriban xanım Əliyevanın fəaliyyətinə geniş nəzər salan müəllif Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələrin səhiyyə, mədəniyyət, sosial, ekologiya, idman və digər istiqamətləri əhatə etdiyini faktlar əsasında oxucusunun nəzərinə çatdırır. Onun müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilən fəaliyyəti cəmiyyətin həyatında Azərbaycan qadınının rolu haqqında aydın təsəvvür yaradır.

Tulkin Eşbeyin yazır ki, Azərbaycan qadınları Mehriban xanımın timsalında təkcə lider və ictimai xadim deyil, həm də ehtiyacı olanların hamısına yardım əli uzadan etibarlı arxa, doğma insan görürlər.

"Bütün bəşəriyyətə məxsus tarix və mədəniyyət abidələrinin bərpası Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biridir", - deyə müəllif yazır. Mehriban Əliyeva Azərbaycan Versal Sarayı Parkında mədəniyyət abidələrinin, Luvrda İslam İncəsənəti Bölməsinin, Berlin Qəsrinin, Romadakı Kapitoli Muzeyində "Filosoflar zalı"nın və başqa mədəniyyət abidələrinin bərpa olunmasında fəal iştirak edir.

Azərbaycanı dünyaya olduğu kimi - tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim etmək ölkənin Birinci Xanımının fəaliyyətində prioritet məsələlərdən biridir. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri birgə yaşayır və ölkəmizin uğurlu inkişafına töhfələrini verirlər. Bu gün Azərbaycan sözün əsl mənasında multikulturalizm mərkəzinə çevrilmiş məkandır.

Heydər Əliyev Fondu müxtəlif mədəniyyətlər və sivilizasiyaların qarşılıqlı zənginləşməsinə, xalqlararası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi diqqət ayırır. "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsini həyata keçirir. Layihə çərçivəsində dini abidə və ziyarətgahlarda təmir-bərpa işləri aparılır, tədbirlər təşkil edilir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Azərbaycan - tolerantlıq ünvanı" layihəsi çərçivəsində Bakıda Pir Həsən ziyarətgahı, "Müqəddəs Məryəm - mövlud" pravoslav kilsəsi və Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Şamaxıda Cümə məscidi və Gəncədə "Həzrəti Zeynəb" məscidindən tutmuş Fransanın müxtəlif bölgələrində kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, habelə Həştərxanda Knyaz Vladimirə abidə ucaldılmasına qədər müxtəlif dini obyektlərdə bərpa işləri aparılıb. Beynəlxalq Birlik Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpa olunmasını xristian aləminin müqəddəs abidələrinin qorunub saxlanılmasına müsəlman dünyasının töhfəsi kimi qəbul edir.

Mehriban Əliyevanın fəaliyyət dairəsinə nüfuz edən müəllif onun milli-mədəni dəyərlərin qorunub saxlanmasına və dünyaya təqdim olunmasına töhfələr verdiyini də göstərir. "O, minlərlə adama sağlamlığını və ümidini qaytarıb", - deyərək Mehriban Əliyevanın bir məqsədlə - xalqının və Vətəninin rifahına xidmət məqsədi ilə hər bir işi gördyünü səmimiyyətlə qələmə alır. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi əbədiyaşar dəyərlərin təsdiqinə xidmət edir.

Məqalədə "Bakı - 2015" Avropa Oyunlarına münasibət də diqqətdən kənarda qalmayıb. Paytaxtımızda iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi fəaliyyətinə də işıq salınıb. Onun təşkilatçılığı ilə dünya ölkələrində silsilə olaraq "Bakı-2015" ilk Avropa Oyunlarının təqdimatı da keçirilib.Qeyd edək ki,Romada keçirilən təqdimat mərasimində iştirak edən Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki "Bakı-2015" ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında AOK tərəfindən qəbul edilmiş qərarın nə dərəcədə düzgün olduğunu bildirib: "İlk Avropa Oyunları hər kəsə - idmançılara, federasiyalara, Milli Olimpiya Komitələrinə və bütünlükdə Avropa gənclərinə faydalı olacaq". P.Hikkinin sözlərinə görə, Azərbaycanın tezliklə ev sahibliyi edəcəyi bu mötəbər idman tədbiri bütün dünya gənclərini ruhlandıracaq. Təbii ki, bu fikirlər P.Hikkinin Azərbaycanda Avropa Oyunlarını yüksək səviyyədə hazırlıq işlərini aparılmasından qaynaqlanır. Ölkəmizin iqtisadi inkişafı, sabitliyi, idman hərəkatı onda belə münasibət formalaşdırıb.

Müəllif belə qənaətdədir ki, Mehriban Əliyevanın birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıq üzrə Təşkilat Komitəsinə rəhbərlik etməsi onun fəaliyyətinin Azərbaycan dövlətinin rifahına və beynəlxalq arenada ölkənin nüfuzunun yüksəlməsinə dəlalət edir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi etimadı yüksək səviyyədə doğruldur. Bu oyunlar tarixə sadəcə birinci Avropa Oyunları kimi deyil, həm də ən gözəl oyunlar kimi daxil olacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər