Ötən gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının X konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda YAP İcra katibinin müavini Siyavuş Novruzov, Yasamal rayon icra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, YAP Yasamal rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov, YAP-nın Bakı şəhəri üzrə rayon təşkilatlarının sədrləri və millət vəkilləri iştirak ediblər. Konfransda dünyasını dəyişən YAP Yasamal rayon təşkilatının sədri, mərhum Fikrət İsmayılovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransı açıq elan edən YAP Yasamal rayon təşkilatının sədr əvəzi Tağı Əhmədov təşkilatın ötən dövr ərzində göstərdiyi fəaliyyəti ilə bağlı hesabatla çıxış edərək bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası qarşıya qoyulan bütün məqsədləri uğurla həyata keçirməkdədir: "Partiyamızın nailiyyətlər əldə etməsinin köklü səbəblərindən biri də xalqın bu təşkilat ətrafında sıx birləşməsidir. Partiyamızın Sədri, ölkə Prezidenti Cənab İlham Əliyevin siyasi uğurlarının tərkib hissəsi kimi məhz YAP-ın rolu danılmazdır. YAP Yasamal rayon təşkilatı da 28 minə yaxın üzvü ilə birlikdə Azərbaycanın inkişaf və tərəqqisində öz sözünü deyir".
Konfransın gündəliyi təsdiq olunduqdan sonra çıxış edən Yasamal rayon icra hakimiyyətinin başçısı, YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü İbrahim Mehdiyev, BDU-nin rektoru, millət vəkili, YAP Yasamal rayon təşkilatının idarə heyətinin üzvü Abel Məhhərrəmov, YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva hesabat ətrafında çıxış edərək, təqdim edilən hesabatı qənaətbəxş qiymətləndirdilər. Qeyd olunub ki, YAP Yasamal rayon təşkilatı hər zaman intellektual cəhəti ilə müxtəlif ictimai-siyasi proseslərdə müsbət rol oynayıb: "Eyni zamanda gənclərin partiyaya axını çoxalmaqda davam edir və Yasamal gəncləri öz potensiallarını bu və ya digər formalarda göstərməyə çalışırlar. Əlbəttə ki, bu yüksəlişin bir göstəricisidir. Rayonun ərazi ilk partiya təşkilatlarında aparılan düzgün, səmərəli fəaliyyətin nəticəsidir ki, bütün seçkilərdə, o cümlədən də partiyanın təşkilati məsələlərində üzvlərimiz mütəşəkkilliklə iştirak edib, öz tövsiyələrini əsirgəməyiblər. Biz təşkilat olaraq bundan sonra da bu yöndə işlərimizi davam etdirməklə daha böyük uğurlara imza atacağıq".
Daha sonra YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov çıxış edərək Tağı Əhmədovun YAP Yasamal rayon təşkilatına sədr seçilməsini təklif etdi. Səsvermə keçirildi və Tağı Əhmədov yekdilliklə YAP Yasamal rayon təşkilatının sədri vəzifəsinə seçildi.
İcra katibinin müavini Siyavuş Novruzov T.Əhməddov haqqında məlumat verərək onun sədrliyinin partiyaya davamlı səmərə verəcəyini qeyd edərək bildirib ki, respublikanın tərəqqisində müstəsna xidmətlər göstərmiş Yeni Azərbaycan Partiyasının inkişaf təməlində rayon təşkilatlarının rolu böyükdür: "Bu baxımdan Yasamal rayon təşkilatını xüsusi qeyd etmək istərdim. Çünki YAP-ın yaranma tarixinin başlanğıc nöqtələrindən biri də Yasamal rayonuna təsadüf edir. Belə ki, partiya təsis olunduqdan sonra əsas təşkilatlanma məhz Yasamal rayonunda başlayıb və buradan da şaxələnib. Ona görə də, siyasi təşkilatımızın şərəfli tarixində Yasamal rayon ərazisindəki Bakı Dövlət Universitetinin ayrıca səhifəsi var. Çünki ilk sosial elektoratın formalaşmasında BDU özəlliyi ilə seçilib və bu gün də seçilməkdədir. O cümlədən rayon ərazisində fəaliyyət göstərən dövlət qurumları, ali təhsil ocaqları, səhiyyə müəssisələri də həmin vaxtlar olduğu kimi, indi də YAP sıralarında əzmlə irəliləməkdədirlər. Mən hər bir YAP üzvünə bu qələbə və zəfər yolunda uğurlar arzu edirəm, yeni seçilən sədrə isə müvəffəqiyyətlər arzu edirəm".
Daha sonra təşkilatı məsələlərə baxılıb. 6 nəfər YAP Yasamal rayon təşkilatının sədr müavini, 89 nəfər şura üzvü, 33 nəfər idarə heyətinə üzv seçilib.
İntizarə Məmmədova