PDF Oxu

Siyasət

  • 10

İsmayıllı sakinləri I Avropa Oyunlarına öz töhfələrini verəcəklər

İsmayıllı sakinləri I Avropa Oyunlarına öz töhfələrini verəcəklər

YAP İsmayıllı rayon təşkilatı I Avropa Oyunları ilə əlaqədar tədbir keçirib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd edib ki, bugünkü toplantı YAP fəallarının, xüsusən də gənc partiya təmsilçiləri tərəfindən I Avropa Oyunları zamanı ölkəmizə səfər edəcək və İsmayıllıya gələn turistlərin və qonaqların yüksək səviyyədə qarşılanması ilə əlaqədar vəzifələrə həsr olunub. O bildirib ki, intibah dövrünü yaşayan Cənubi Qafqazın lider dövləti olan Azərbaycan hər il mühüm nailiyyətlərə imza atır, beynəlxalq miqyasda imicini durmadan artırır: "Fəxrlə demək olar ki, 2011-ci ildə "Evrovision" Mahnı Müsabiqəsində qalib gələn Azərbaycan 2012-ci ildə bu yarışmaya ən yüksək səviyyədə, yaddaqalan formada ev sahibliyi etdi və bütün dünyanı, eləcə də avropalıları heyrətləndirdi. Bütün tərəqqipərvər bəşəriyyətin diqqət mərkəzində olan Azərbaycan daha bir möhtəşəm ilkə imza atmaq ərəfəsindədir. 12-28 iyun tarixlərində Azərbaycan tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarına sahiblik edəcək. I Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən təşkilati işlər yüksək səviyyədə həyata keçirilir, ilk Avropa Oyunlarına hazırlıqla bağlı işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Artıq ölkə ictimaiyyəti, dünyanın Azərbaycansevərləri I Avropa Oyunlarının Azərbaycan Respublikası Prezidenti, YAP Sədri Cənab İlham Əliyev tərəfindən "Atəşgah"dan alovlandırılan məşəlini böyük coşqu və yüksək əhval-ruhiyyədə qarşılayırlar. Bütün ölkə miqyaslı tədbirlərdə olduğu kimi, YAP üzvləri, YAP Gənclər Birliyinin təmsilçiləri məşəlin səyahətində də yaxından və fəal iştirak edirlər. Bu oyunların əleyhinə olan qarayaxma kampaniyasına qarşı gənc fəallarımız antiazərbaycançı yalanların sosial şəbəkələrdə ifşa olunması istiqamətində geniş iş aparırlar".

Rayon təşkilatının sədri bildirib ki, I Avropa Oyunları ilə əlaqədar ölkəmizə və turizmin inkişaf etdiyi bölgələrə turistlərin geniş axını gözlənilir. Respublikamızda I Avropa Oyunlarının keçiriləcəyi günlərdə "Azərbaycanın mirvarisi" olan İsmayıllıya da turistlər səfər edəcəklər. Bu məqsədlə rayonda geniş hazırlıq işləri həyata keçirilir, qonaqların yüksək səviyyədə qarşılanması üçün müvafiq tədbirlər görülür.

O, qeyd edib ki, istirahət mərkəzləri, qonaqların maraq dairəsində olan Lahıc və Basqal qoruqları turistlərin qarşılanmasına tam hazırdır. İsmayıllı rayon Heydər Əliyev Mərkəzi, İsmayıllı və Lahıc Tarix-Diyarşünaslıq muzeyləri, Rəsm Qalereyası, zəngin təbiətimiz, Lahıc və Basqal qoruqları, müasir görkəmi ilə fərqlənən İvanovka turistlərdə rayon haqqında zəngin təəssürat yaradacaq. Lahıc sənətkarları I Avropa Oyunlarını tərənnüm edən əl işləri və suvenirlər hazırlamışlar.

Rayonda mehmanxana və mehmanxana tipli istirahət mərkəzlərində turistlərin gəzintisi və mənalı istirahəti üçün hər cür şərait yaradılıb. Bu möhtəşəm idman yarışı yüksək səviyyədə, böyük coşqu, yüksək əhval-ruhiyyədə keçiriləcək, idmançılarımız yeni-yeni qələbələrə imza atacaq. Bu beynəlxalq tədbir Azərbaycanın və Avropanın idman tarixinə qızıl sətirlərlə yazılacaq.

Bu mötəbər tədbir Azərbaycanın beynəlxalq imicinin daha da artmasına, onun hansı xarüqələrə qadir olduğu bir ölkə olmasının bütün dünyaya nümayiş etdirməklə yanaşı, ölkə daxilində ictimai-siyasi sabitliyin davamlılığına, xalq-iqtidar birliyinin daha da möhkəmlənməsinə zəmin yaradacaq.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxış edərək bildirib ki, ölkəmizi diyar-diyar dolaşan I Avropa Oyunlarının məşəli mayın 26-sı əvvəlcə qədim sənətkarlar yurdu olan Lahıcda, sonra isə Azərbaycanın mirvarisi İsmayıllıya gətirildi: "İsmayıllıda möhtəşəm bir bayram ovqatı yaşandı. Böyükdən-kiçiyə hər kəs bu böyük tədbirin məşəlinin İsmayıllıda alovlanması anını qürur dolu həyəcanla qarşıladı. Daim Azərbaycan dövlətçiliyinə sadiq olan, ölkə Prezidenti, Möhtərəm Cənab İlham Əliyevin ətrafında sıx birləşən İsmayıllı sakinləri bu mötəbər tədbirin yüksək səviyyədə keçirilməsinə öz əməli töhfələrini verəcəklər."

Tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov, Lahıc Turizm və İnformasiya Mərkəzinin rəhbəri Dadaş Əliyev, İsmayıllı Olimpiya İdman Kompleksinin direktoru Tofiq Hümbətov, İsmayıllı Humanitar və Texnologiya Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Rahid Rəcəbli, YAP rayon təşkilatı gənclər birliyinin sədri Əsli Süleymanzadə, Şəhər 3 saylı tam orta məktəbin müəllimi Çingiz Muradlı çıxış edərək bildiriblər ki, Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən böyük etimadın, inamın göstəricisidir. Sevindirici hal isə oyunların təkcə paytaxtda deyil, ölkəmizin hər yerində coşqu ilə, bayram əhval-ruhiyyəsi ilə qarşılanmasıdır.

Rayonda bu möhtəşəm tədbirlə əlaqədar müxtəlif yerlərdə quraşdırılacaq monitorlar vasitəsilə sakinlər kütləvi şəkildə I Avropa Oyunlarını izləmək imkanı da əldə edəcəklər. Onlar eyni zamanda, birlik, həmrəylik, əməkdaşlıq bayramı kimi dəyərləndirilən ilk Avropa Oyunlarının ölkəmizdə müvəffəqiyyətlə keçirələcəyinə əminliklərini bildiriblər.

ZÜMRÜD

Digər xəbərlər