"Prezident İlham Əliyevə bütün media ictimaiyyəti adından təşəkkür edirik". Bunu SƏS TV-yə açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Müşviq Ələsgərli Prezidentin mətbuatın 140 illiyinin keçirilməsi haqqında imzaladığı Sərəncama münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyev hakimiyyətdə olduğu dövrdə media sahəsi ilə bağlı bir çox proqramlar həyata keçirilib: "Mətbuatın inkişaf istiqamətində görülən işlərin, mətbuata və mətbuat işçilərinə verilən qiymətin dünyada analoqu yoxdur. Mətbuat nümayəndələrinə mənzillərin verilməsini buna misal göstərə bilərik. Cənab Prezidentin Azərbaycan mətbuatının daha da yüksək səviyyədə inkişaf etməsi istiqamətində gördüyü bütün işlər diqqət və qayğının təcəssümüdür".
M.Ələsgərli qeyd etdi ki, "Əkinçi" qəzeti Azərbaycan dilli ilk peşəkar media qurum olmaqla yanaşı həm də kifayət qədər adını tarixə yazmış bir media kimi yaddaşlarda qalmaqdadır: "Bildiyiniz kimi, "Əkinçi" qəzetinin prinsipləri əsasən milləti maraqlandıran məsələlər sahəsində marifləndirmə işi olub. Yəni, "Əkinçi" qəzeti yarandığı gündən peşəkar media qurumu olmaqla yanaşı həm də milli media qurumu olub. Burada onun media qurumu olması təkcə Azərbaycan dilində çıxması ilə bağlı deyil. Eyni zamanda, öz xalqının problemlərini gündəmə gətirməsi və həmin problemlərin həllinə çalışması ilə bağlıdır. Burada mənim vurğulamaq istədiyim məsələ onunla bağlıdır ki, orta dövrdə sovet mətbuatı gəldi və Azərbaycan müstəqillik qazanandan sonra medianın müxtəlif tipləri ortaya çıxdı. Bldiyiniz kimi, mediamızın siyasiləşmə ilə bağlı problemləri var. Belə ki, neqativ əməllərlə məşğul olan media qurumları, müxtəlif xarici güclərin maraqlarına xidmət edən media qurumları ölkəmizdə fəaliyyət göstərirlər. Bu cür fəaliyyət yolu tutanlar isə qəzetçilik prinsiplərini pozmuş olurlar".
sia.az