PDF Oxu

Siyasət

  • 11

Vətənin xilası, xalqın qurtuluşu...

Vətənin xilası, xalqın qurtuluşu...

15 İyun - Milli Qurtuluş Günü... Düz 22 il bundan öncə, tarixin bü günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə ölkədə milli birliyə nail olundu, iqtisadi-siyasi həyatda ciddi uğurlara imza atıldı. Söhbət etdiyimiz ziyalılar, millət vəkilləri "SƏS" qəzetinə verdikləri açıqlamalarında Ulu Öndər Heydər Əliyevin dünya xalqlarının həsəd apara biləcəkləri lider olduğunu bildirdilər.

Millət vəkili Nəriman Əliyev:

- Belə bir deyim var: adını tarixə yazanlar, adı ilə tarixi yazanlar. Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə böyük hərflərlə həkk olunub. Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurucusu Azərbaycan xalqının Ümummilli Lideri kimi adını tarixə qızıl həriflərlə yazmış dahi Liderdir. Heydər Əliyev Azərbaycanın yüksəldən onu tanıtdıran, inkişaf etdirən Lider kimi hər birimizin qəlbində əbədiyyətə qədər yaşayacaqdır. Bugünkü Azərbaycanımız, müstəqilliyimizin möhkəmlənməsi və ölkəmizin lider dövlətə çevrilməsi, məhz Ulu Öndər Heydər Əliyevin müqayisə edilməyən siyasətinin məntiqi nəticəsidir. Lakin 1990-1992-ci illərdə, səriştəsiz rəhbərlik, eyni zamanda, ölkədə yaradılmış bir çox siyasi qruplaşmalar, xaos, özbaşınalıq yaradaraq, Azərbaycanı uçuruma aparırdı, dövlətçiliyk, müstəqillik böyük təhlükə altında qalmışdı. Belə bir vaxtda xalq Heydər Əliyevin Azərbaycana qayıdışı tələbi ilə çıxış edirdi və bu tarix 1993-ci il iyunun 15-də Azərbaycanımızın salnaməsinə qızıl hərflərlə yazıldı. Ulu Öndər Heydər Əliyevin Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıtması, bütövlükdə, ölkədə yenidən Azərbaycan cəmiyyətinin qurulması ilə başlanıldı. Nəticədə, Azərbaycan vətəndaşları yaranmış təhlükələrdən qurtuldu, Azərbaycanın bir dövlət kimi dünya xəritəsindən silinməsi təhlükəsi isə tamamilə aradan qaldırdı və bundan sonra, məhz Ulu Öndərin qətiyyəti, iradəsi sayəsində ölkədə bütün sahələr üzrə quruculuğa start verildi. Ona görə də bu gün hər bir Azərbaycan vətəndaşının fiziki varlığı, mənəvi varlığı birmənalı olaraq Ümummilli Lider Heydər Əliyevin adı ilə əbədi bağlıdır. Azərbaycan bu gün Heydər Əliyev siyasətinin uğurlu inkişafı nəticəsində artıq lider dövlətə çevrilmiş və regionda öz sözünü deyən ölkə kimi böyük layihələrin həyata keçirilməsində uğurlara imza atmaqdadır. Əlbəttə ki, məhz bu gün bu tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin və Onun layiqli davamçısı ölkə Prezidenti Cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olundu. Azərbaycan bu gün inkişaf etmiş dövlətlər sırasında dayanan güclü, qüdrətli, müstəqil, öz sözünü beynəlxalq kürsülərdə qətiyyətlə deyən müstəqil ölkələrdəndir. Söz yox ki, Azərbaycanın tərəqqisi və inkişafı, dünya dövlətləri arasında xüsusi əhəmiyyətilə seçilməsi Ulu Öndər Heydər Əliyev siyasətinin məntiqi nəticəsidir. Azərbaycan bir çox mötəbər beynəlxalq təşikilatlarda söz sahibinə çevrilib. Paytaxt Bakı dünyanın mərkəzi kimi bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Məhz buna görə də, Azərbaycan xarici ölkələrdə bir qüdrətli dövlət, güclü ölkə kimi qiymətləndirilir. Bütün bunların əsas mənbəyi isə məhz 15 iyun tarixindən doğan reallıqlardır.

Millət vəkili Malik Həsənov:

- 1993-cü il 15 iyununda Azərbaycan Respublikası Ali Sovetində keçirilən səsvermədə Ümummilli Lider Heydər Əliyev Sədr seçildi. Bununla da Azərbaycanda yeni eranın başlanğıcı qoyuldu. Ulu Öndər Heydər Əliyev dağılmaqda olan, parçalanan, yox olmaq təhlükəsinin bir addımlığında dayanan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etmiş, dünyada söz və nüfuz sahibi, dinamik, inkişaf edən bir ölkəyə çevirdi. Təkcə elə buna görə də onun ikinci dəfə siyasi hakimiyyətə gəldiyi 15 iyun 1993-cü il tarixi xalqımız və dövlətimiz üçün Milli Qurtuluş Günüdür. Müstəqillik dövründə də, yəni 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə Azərbaycana yenidən, ikinci dəfə ali siyasi hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin iqtisadi potensialının yüksəlməsinə nail oldu. Həmin dövrlədə Azərbaycanın dövlət büdcəsi indikindən yüz dəfə aşağı idi. Yəni 250 milyonu əhatə edirdi. Həmin dövrdə də Ulu Öndər Heydər Əliyev sosial siyasətə olduqca həssas yanaşırdı və çox əhəmiyyətli fərmanlar imzalayırdı. Qaçqınların və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşması, onların ərzaq təminatı, pensiya müavinətlərini daima olaraq artırılması, əmək haqlarının artması, iqtisadi islahatların artması və bu kimi məsələlərlə bağlı fərman və qərarlar qəbul etmişdir. 1998-ci ildən başlayaraq, Azərbaycanda iqtisadi sabitlik əldə olundu. Görülən böyük, nəhəng işlərin nəticəsində Azərbaycan 2000-ci ildən özünün uğurlu iqtisadi inkişafına qədəm qoydu və Onun siyasətini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyev məhz Azərbaycanı Heydər Əliyevin əsasını qoyduğu strategiya əsasında quraraq, ölkəni böyük iqtisadi nailiyyətələr əldə etmiş respublikaya çevirmişdir. Etiraf edilməlidir ki, Ümummilli Liderin titanik səyləri nəticəsində yaradılan bünövrə və müəyyənləşdirilən siyasət indiki dinamik yüksəlişin ilkin əsası rolunu oynamaqdadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Bu gün gerçəyə çevrilənlərin əsası Ümummilli Lider tərəfindən qoyulan ideyalardır. Bu gün Prezident İlham Əliyevin xarici siyasətdə əldə etdiyi bütün uğurlar Onun şəxsi müdrikliyi və diplomatik bacarığı ilə bərabər, eyni zamanda Ümummilli Lider Heydər Əliyevin vaxtilə yaratdığı inkişaf strategiyasına söykənir. Bir sözlə, məhz Ümummilli Liderimizin görmək istədiyi Azərbaycan bu günün reallığına çevrilib və Heydər Əliyev yolu ilə inamla daha yüksək inkişafa doğru addımlayır. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq.

Mehriban Abasquliyeva: "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin o zaman həyata keçirdiyi layihələr Onun müdrik siyasətindən xəbər verir"

15 İyun Milli Qurtuluş Gününün gələcəkdə də Azərbaycan tarixində bir əlamətdar gün kimi qeyd olunacağına əminliyini bildirən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirdi ki, 1993-cü ildə Azərbaycanda bütün sahələrdə böhran və tənəzzül hökm sürürdü: "İqtisadi, siyasi, sosial, maddi, mədəni sahələr ciddi böhran keçirirdi. Torpaqlarımız işğal altında idi. Həm xaricdən ölkəmizə qarşı təcavüzkar siyasət yeridilirdi, həm də daxildə, cənubda separatçı "Talış-Muğan Respublikası", şimalda isə sadvalçılar baş qaldırmışdı. Eyni zamanda, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə idi".

Azərbaycanın böyük bir təhlükə ilə üz-üzə olduğu bir zamanda xalqın Ulu Öndər Heydər Əliyevə üz tutmasının və Onun hakimiyyətə gəlməsini istəməsinin ən düzgün seçim olduğunu deyən M.Abasquliyeva bildirdi ki, Heydər Əliyev xalqının harayına cavab verdi və hakimiyyətə gəldi: "O, Azərbaycan xalqını fəlakətdən qurtardı. Necə ki, Atatürk qurtuluş savaşında Türkiyəni fəlakətdən qurtardı, eləcə də 1993-cü il iyunun 15-də Ulu Öndərimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətinin, xalqının, bütövlükdə regionun, Türk dünyasının bugünkü taleyində bir dönüş nöqtəsi oldu. Heydər Əliyev hakimiyyətə gələndən sonra bütün qüvvəsi ilə daxildəki problemləri həll etməyə çalışırdı. 1994-cü ilin mayında atəşkəs müqaviləsi imzalandı. 1994-cü ilin sentyabrında əsrin neft müqaviləsi imzalandı. Ondan sonra Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars kimi böyük layihələrin əsası qoyuldu. Bu layihələr tək Azərbaycan üçün əhəmiyyətli deyildi, həm də Avropanın enerji təhlükəsizliyi probleminin həllinə də böyük töhfə verdi. Bütün əldə olunan uğurlar Azərbaycanın sağlam inkişafına səbəb oldu".

R.HÜSEYNOVA

Digər xəbərlər