"Mən hər zaman demişəm ki, hazırda Müsavat partiyasında başqan Arif Hacılı olsa da qərarların qəbul edilməsi bilavasitə İsa Qəmbərin iradəsinə tabedir. Yəni Arif Hacılının başqanlığı formal xarakter daşıyır". Bu fikirləri SİA-ya açıqlamasında politoloq, Müsavat partiyasının keçmiş başqan müavini Qabil Hüseynli deyib.Qabil Hüseynli qeyd edib ki, Müsavatda bir çoxları hələ də İsa Qəmbəri özünün lideri hesab edir: "Bu baxımdan da hesab edirəm ki, partiyadakı mövcud vəziyyət dəyişməyənə qədər növbəti istefalar qaçılmaz olacaq".İsa Qəmbərin yenidən Müsavat partiyasının başqanı olacağı təqdirdə vəziyyətin dəyişə biləcəyi fikirlərinə də münasibətini açıqlayan politoloq deyib ki, əgər İsa Qəmbər yenidən başqan olarsa, bu heç nəyi dəyişməyəcək: "Çünki artıq gedən gedib, qopan qopub. Qatar artıq getdi. Müsavat artıq kiçik bir partiya halını alıb ki, İsa Qəmbər bunun qarşısını ala bilməyəcək. Hər gün bu və ya digər formada təzyiqlə üz-üzə qalan müsavatçılar qırğın-davayla, təhqirlə, söyüşlə oradan canlarını qutarıblarsa, yenidən dönə bilərlərmi? Təbii ki, mümkünsüzdür".
sia.az