PDF Oxu

Siyasət

  • 6

Qərəzli dairələrin reallaşmayan maraqları

Qərəzli dairələrin reallaşmayan maraqları

İlham Əliyev: "Azərbaycanda hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur"

Birinci Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca, ölkəmizin uğurunu istəməyən bəzi xarici qüvvələr və onların havadarları Azərbaycana qarşı qərəzli mövqelərini daha qabarıq şəkildə göstərməyə başlayıblar. Ancaq onların bu çirkin oyunları heç bir nəticə verməyib. Çünki Azərbaycanın uğurlu inkişafı möhkəm təməllər üzərində qurulmuşdur.

Ölkə Prezidenti İlham Əliyev bütün çıxışlarında Azərbaycanın uğurlu inkişafını qəbul etməyən qüvvələrə daima fikirlərini bildirmişdir. Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısı onların səylərinin heç bir nəticə verməyəcəyini demişdir: "Əlbəttə, anti-Azərbaycan qüvvələri bizə qarşı durmadan fəaliyyət göstərir. Bu barədə mən öz fikirlərimi dəfələrlə bildirmişəm. Azərbaycanın uğurlu inkişafını qəbul etməyən, bizim işimizə kölgə salmaq, bizi ləkələmək istəyən dairələr öz səylərini davam etdirirlər".

Dövlət başçısı bildirib ki, ancaq nə Azərbaycanda, nə də ölkəmizdən kənarda onların səyləri heç bir nəticə vermir və verə də bilməz: "Ölkəmizdən kənarda Azərbaycanın nüfuzu, beynəlxalq imici haqqında indi mən qısa da olsa, çox dəqiq dəlillərlə öz fikirlərimi bildirdim. Ölkə daxilində də vəziyyət hamının gözü qabağındadır. Sabitlik, inkişaf, xalqla iqtidar arasındakı birlik bir daha onu göstərir ki, bizə qarşı aparılan kampaniyalar, yaxud da ki, burada hansısa iğtişaş yaratmaq cəhdlərinin heç bir təsiri yoxdur, ola da bilməz. Azərbaycan inamla inkişaf edir. Ancaq əlbəttə ki, bu səylər davam edəcək. Çünki uğurlarımızı həzm edə bilməyən dairələr, əlbəttə ki, bizdən əl çəkməyəcəklər. Biz isə onlara ən yaxşı cavabı öz işlərimizlə veririk və onların nə sözlərinə, nə məqalələrinə, nə bəyanatlarına heç bir əhəmiyyət vermirik və verməyəcəyik".

Azərbaycan möhkəm dayaqlar üzərində qurulubdur

Təbii ki, ölkəmizə qarşı olan bu kampaniya Azərbaycan cəmiyyəti, ölkədə fəaliyyət göstərən ictimai və siyasi təşkilatlar, QHT-lər, kütləvi informasiya vasitələri tərəfindən etirazla qarşılanır və qərəzli kampaniyaya qarşı haqlı mövqe ortaya qoyaraq bildiriblər ki, Azərbaycan möhkəm dayaqlar üzərində qurulubdur.

İsa Həbibbəyli: "Azərbaycanı sevməyən qüvvələr paxıllıqlarını gizlədə bilmirlər"

Milli Məclisin deputatı İsa Həbibbəyli ilk Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasına münasibət bildirərkən deyib ki, Azərbaycanı sevməyən qüvvələr belə bir mötəbər tədbirin keçirilməsindən paxıllıqlarını gizlədə bilmirlər: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin müstəqillik dövründə inkişafının böyük bəhrələrindən biridir. Azərbaycanın bu möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəmizin qüdrətini və inkişafını dünyaya bəyan edən bir hadisədir. Şübhəsiz ki, buna Azərbaycanın dostları sevinir, düşmənləri isə paxıllığını gizlədə bilmir. Mən ilk Avropa Oyunlarına qara yaxan xarici qüvvələri Azərbaycanı, türk dünyasını istəməyən, nailiyyətlərimizə paxıllıq edən və inkişafımızı gözü götürməyən adamların bataqlığının bir nümunəsi hesab edirəm".

İ.Həbibbəyli bildirib ki, Azərbaycan artıq neçənci dəfədir ki, böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir: "Azərbaycan hər il çoxlu sayda insanların iştirak etdiyi humanitar forum, mədəniyyətlərarası dialoq, dinlərarası dialoq kimi böyük tədbirlər keçirir. İndiyə qədər ölkəmizdə böyük beynəlxalq idman tədbirləri, "Eurovision-2012" kimi möhtəşəm mahnı müsabiqəsi uğurla keçirilib. Azərbaycanın artıq beynəlxalq tədbirlər keçirməkdə böyük təcrübəsi var. Ona görə də hesab edirəm ki, sağlam qüvvələr bu cür qarayaxmalara inanmırlar, onların məkrli niyyətdən irəli gəldiyini, paxıllıqdan doğduğunu bilirlər, Azərbaycan xalqı isə ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyur".

Eldar İbrahimov: "Heç bir şantaj, təhdid, təzyiq Azərbaycanı öz yolundan döndərə bilməz"

Millət vəkili, MM-in Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Avropa Oyunlarının ilk olaraq məhz Azərbaycanda keçirilməsi ölkəmiz və xalqımız üçün böyük uğurdur, tarixi hadisədir: "İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi, eyni zamanda onun sübutudur ki, Azərbaycan həqiqətən nəinki regionun, hətta Qərbin, Avropanın, dünyanın lider dövlətlərindəndir, dinamik, sıçrayışlı inkişaf yolu ilə addımlayan, böyük zəfərlərə imza atan bir ölkədir. Azərbaycanda ictimai-siyasi sabitlik, inkişaf, tərəqqi, təhlükəsizlik mövcud olmasaydı, Avropa tərəfindən belə bir idman yarışmasının Azərbaycanda keçirilməsinə heç cür razılıq verilməzdi. Artıq avropalılar fərqindədirlər ki, Azərbaycan güclu inkişaf, tərəqqi yolundadır, bu ölkədə demokratik-hüquqi əsaslara söykənən ictimai-siyasi sabitlik var, bu ölkədə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Artıq Azərbaycan Avropa Oyunlarına tam hazırdır. Dünya bir daha şahidi oldu ki, Azərbaycan nəyə qadirdir, hansı işləri görür və hansı işləri görə bilər".

E.İbrahimov, həmçinin ilk Avropa Oyunlarının Azərbaycana salınması bəzi xarici və daxili qüvvələr tərəfindən qısqanclıqla yanaşdıqlaını da bildirib: "Həmin qüvvələr böyük təlaş, həyacan, qüssə-kədər içindədirlər. Onlar heç cür həzm edə bilmirlər ki, məhz Azərbaycan belə bir idman yarışmasına ev sahibliyi edir. Onların bu addımı Azərbaycanın inkişafını, müstəqil dövlət olmasını, heç kimin diktəsi ilə hərəkət etməməsini və müstəqil siyasət yeritməsini qəbul edə bilməməklə bağlıdır. Onlar hər zaman Azərbaycan xalqı tərəfindən nifrətlə anılıblar və anılacaqlar və heç bir şantaj, təhdid, təzyiq artıq Azərbaycanı öz yolundan döndərə bilməz və bilməyəcək. Azərbaycan "Eurovision-2012" mahnı yarışması kimi, ilk Avropa Oyunlarına da uğurlu ev sahibliyi edəcək və bununla dostlarını bir daha sevindirəcək, düşmənlərini, bədxahlarını isə bir daha xəyal qırıqlığına uğradacaq, məyus edəcək".

Beləliklə, həmin Azərbaycanı sevməyən qüvvələr ilk Avropa Oyunlarının möhtəşəm və uğurla baş tutacağından sonra bir daha görəcəklər ki, Azərbaycanın dünyada mövqeyinin möhkəmlənməsi, getdikcə daha artıq nüfuz sahibi olması, müstəqil iradəsi ilə fərqlənməsi və heç bir kənar təsir və təzyiqin onu tutduğu yoldan döndərmədiyi üçün belə mötəbər tədbirlərə hələ çox zamanlar ev sahibliyi edəcək. Çünki Azərbaycan günü-gündən inkişaf edir və sözün əsl mənasında müstəqil beynəlxalq siyasət yürüdür. Amma özlərini dünyanın ən qabaqcılı adlandıran ölkələr dünyaya demokratiya və insan haqlarından yol göstərmək, dərs vermək istədikləri halda öz ölkələrinin siyasi arenalarında əsl diktatura, irqçilik, ksenefobiya hökm sürür, vətəndaşlarına irqi-milli mənsubiyyətlərinə görə təzyiqlər, hətta öz narazılıqlarını bildirmək istəyənlərə qarşı fiziki təzyiqlər və həbslər genişlənməkdədir. Təbii haldır ki, belə ölkələrin bəzi nümayəndələrində dinamik inkişaf edən, qısa bir zamanda böyük məsuliyyət tələb olunan Avropa Oyunlarının keçirilməsinə yüksək hazırlaşmış ərazicə kiçik, potensialına görə çox böyük olan Azərbaycana qarşı qısqanclıq olmalıdır. Çünki onlar bunu heç cür həzm edə bilmirlər və bilməzlər. Belələrini qıcıqlandıran, içəridən yeyən məhz paxıllıq, qısqanclıq və digər bu kimi siniflərə aid olan qurdlar yeyir. Nəticədə daha da azğınlaşan həmin tərəflər məhz daxillərində olan qurdlar vasitəsilə bitib-yüklənməyə məhkum olacaqlar.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər