PDF Oxu

Siyasət

  • 12

Naxçıvan inkişaf edir, quruculuq xəritəsi genişlənir

Naxçıvan inkişaf edir, quruculuq xəritəsi genişlənir

İlham Əliyev: "Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadi siyasətin mahiyyətindən irəli gələrək ötən 11 ildə qarşıya qoyulmuş başlıca vəzifələr əhalinin sosial rifah halının yaxşılaşdırılmasından, abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasından, xidmət və infrastruktur sahələrində işin müasir dövrün tələblərinə uyğunlaşdırılmasından ibarətdir. Ölkə başçısı yeni dövrün tələblərinə uyğun olaraq Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün konkret vəzifələr müəyyənləşdirmiş Dövlət Proqramı təsdiqlənmişdir. Bu dövlət proqramları regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün geniş imkanlar açmışdır. Azərbaycanın müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Naxçıvan Muxtar Respublikasında da qabarıq görünür. Muxtar respublikada ötən müddətdə tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış, yol-nəqliyyat sisteminin əsaslı təmirinə və yenidən qurulmasına başlanılmış, əhalinin kommunal problemlərinin həlli, infrastrukturun yeniləşdirilməsi istiqamətində vacib addımlar atılır, uğurlu sosial-iqtisadi inkişaf müşahidə edilir.

Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır

Ölkə Prezidenti İlham Əliyev muxtar respublikanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir ki, Naxçıvanın inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. İlk növbədə, ona görə ki, Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət, Ulu Öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu Öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir. 1970-1980-ci illərin əvvəllərində respublikanın sosial-iqtisadi inkişafı üçün çox böyük işlər görmüşdür. O vaxt Azərbaycanın hər bir yerində olduğu kimi, Naxçıvanda da sürətli inkişaf dövrü müşahidə edilirdi. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1980-ci illərin əvvəllərində sovet məkanında ən qabaqcıl yerlərdə idi, o cümlədən Naxçıvanda da böyük sosial quruculuq işləri aparılırdı. Naxçıvanın sənaye potensialı formalaşırdı. Bir sözlə, muxtar respublika öz inkişaf dövrünü yaşayırdı. O vaxt Ulu Öndərin təklifi ilə "sovet sosialist" sözləri muxtar respublikanın adından çıxarıldı və Naxçıvanda ilk dəfə olaraq 1990-cı illərdə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edildi.

Naxçıvan inkişafın yeni mərhələsində

Bu gün Naxçıvan Muxtar Respublikası yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyata keçirilən uğurlu inkişaf strategiyası, aparılan geniş tikinti-quruculuq işləri paytaxt Naxçıvan şəhərini də əhatə edib, mərkəzlə yanaşı, şəhərin ətraf qəsəbə və kəndləri də yeniləşmə prosesinə qoşulub. Abad yol iqtisadi inkişafın əsas göstəricilərindəndir. Muxtar respublikanın digər yaşayış məntəqələrində olduğu kimi, paytaxt Naxçıvan şəhərində də yol-nəqliyyat infrastrukturu yenidən qurulur. Xüsusi olaraq vurğulamaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfəri ölkəmizin bu qədim diyarının böyük uğurlar qazanması ilə bağlıdır. Dövlət başçısının açılışında iştirak etdiyi obyektlərin sırasının geniş olması da bu fikri təsdiqləyir. Naxçıvan Muxtar Respublikasının inkişafının 2003-cü ildən sonrakı dövrünə diqqət yetirdikdə, bir daha aydın olur ki, regionun dinamik inkişafı tamamilə təmin olunmuşdur. Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına şərait yaratmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov da öz çıxışında bu uğurları diqqətə çatdıraraq demişdir: "2013-cü ildə ümumi daxili məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olmuşdur. 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artmışdır. 2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır. Görülən tədbirlər nəticəsində muxtar respublikanın enerji təhlükəsizliyi də təmin olunmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısı sayəsində 14 illik fasilədən sonra 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilmişdir. Bu gün muxtar respublikanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qaz verilməsin. Əgər Sovet İttifaqı dövründə muxtar respublika üzrə cəmi 33 min abonentə təbii qaz verilirdisə, indi artıq 81 mindən çox abonent təbii qazla təmin olunur. Əgər 2003-cü ilə qədər muxtar respublikada 1 su elektrik stansiyası vardısa, indi 6 yeni elektrik stansiyası yaradılmışdır".

Son 10 ildə ölkə başçısı İlham Əliyevin bu regiona 11 dəfə səfər etməsi həmin inkişafa yüksək təkan vermişdir. Dövlətimizin başçısı Naxçıvana sonuncu səfəri zamanı "Arpaçay-1" və "Arpaçay-2" su-elektrik stansiyalarının işə salınması mərasimində, Kəngərli rayon Mərkəzi Xəstəxanasının yenidən qurmadan sonrakı açılışında, Naxçıvan şəhər Su Anbarı və Sutəmizləyici Qurğular Kompleksinin istifadəyə verilməsi mərasimində iştirak etmişdir. Möhtərəm Prezidentimiz, həmçinin Naxçıvan-Şahbuz-Batabat Magistral Avtomobil Yolunun, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun yeni inzibati binasının, Gənclər Mərkəzinin və Naxçıvanın Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışında iştirak etmişdir. Ölkə başçısı yeni yaradılan "Naxçıvanqala" Tarix-Memarlıq Muzey Kompleksi və Biznes Mərkəzində yaradılan şəraitlə də tanış olmuşdur.

Naxçıvan Muxtar Respublikasında informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər görülür. İnformasiya-kommunikasiya sahələri sürətlə inkişaf etdirilir. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 94 faizi optik şəbəkəyə birləşdirilmiş, Naxçıvan şəhərində "Evədək optika" layihəsinin icrasına başlanmışdır. Muxtar respublikanın yaşayış ərazilərinin 92 faizində genişzolaqlı internet, 80 faizində isə simsiz internet xidməti göstərilir. Azərbaycanın ilk peykinin orbitə buraxılması Naxçıvan Muxtar Respublikası ərazisində də keyfiyyətli yayım imkanı yaratmışdır. "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı" icra olunmuş, orta ümumtəhsil məktəblərində hər 14 şagirdə 1 kompyuter dəsti olmaqla 3409 kompyuter, 551 elektron lövhə quraşdırılmışdır. Quraşdırılmış kompyuterlərin 84 faizinin birbaşa internetə çıxışı təmin olunmuşdur. Qeyd olunan dövrdə ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrin tikintisinə də diqqət artırılmış, 56 min 926 şagird yerlik 142 orta məktəb binası, 17 uşaq bağçası, 17 məktəbdənkənar müəssisə, 20 uşaq musiqi məktəbi tikilərək və ya yenidən qurularaq gənc nəslin istifadəsinə verilmişdir. Məktəb tikintisində Ümummilli Liderimizin adını daşıyan fond da yaxından iştirak etmiş, fondun təşəbbüsü ilə 8 məktəb binası tikilmişdir.

Azərbaycan Prezidenti Naxçıvanda görülmüş işləri yüksək qiymətləndirərək demişdir: "Son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm".

Bəli, məhz yuxarıda sadalanan xüsusiyyətlər inkişafın Naxçıvan modelinin və ya Naxçıvan möcüzəsinin əsas səbəbi olmuşdur. Həqiqətən də sürətlə inkişaf edən, yüksələn Naxçıvan Muxtar Respublikasının Vətən sevgisindən güc alan insanlarının gördükləri möhtəşəm işlər təbrikə layiqdir. Çünki həmin insanlar bu gün qədim diyarımızı gündən-günə gözəlləşən, çiçəklənən cənnət məkana çeviriblər. Naxçıvan Muxtar Respublikasının ölkəmizin hərtərəfli inkişafındakı rolunu qiymətləndirmək, təkcə coğrafi baxımdan deyil, həm də iqtisadi, eyni zamanda da siyasi əhəmiyyətini dəyərləndirmək sözün həqiqi mənasında çox mühüm tarixi addımdır. Bu, bir daha göstərdi ki, artıq Azərbaycanda mükəmməl idarəetmə strategiyasına söykənən mütərəqqi, müdrik bir siyasət yeridilir və bu siyasət hər qarış torpağına sahib çıxır, bunu bacarır və mərdliklə qorunmasına xidmət etməkdədir.

R.HÜSEYNOVA

Digər xəbərlər