PDF Oxu

Siyasət

  • 9

ONLAR NƏDƏN "NARAHATDIRLAR"?

ONLAR NƏDƏN "NARAHATDIRLAR"?

Ölkəmizin paytaxtında keçiriləcək ilk Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca, bu möhtəşəm tədbirə sayılacaq günlər və saatlar qaldıqca, Qərbin bir sıra dairələri və mediaları tərəfindən təşkil olunmuş qarayaxma və gözdənsalma kampaniyası da miqyas baxımından artmaqdadır. Belə ki, gah ABŞ da daxil olmaqla, bir sıra Qərbi Avropa ölkələrinin mətbu orqanlarında, gah da ki, uzun illər dövlətimizin nüfuzuna qarşı fəaliyyət göstərən qərəzli beynəlxalq təşkilatlarda aparılan "araşdırmalar", "təhlillər", "rəy sorğuları" və "hesabatlar" nəticə etibarilə onların istədikləri sonucları vermir. Görünür, bu baxımdan qarşı tərəfdə bir aqressivləşmə, qısqanclıq halları müşahidə olunmaqdadır.

"The New York Times"in ABŞ-da baş verən məlum hadisələr barədə geniş çıxışlara yol verməməsinin səbəbləri bəllidir

Məsələn, ABŞ-da nəşr olunan "The New York Times" qəzeti Avropa Oyunlarına kölgə salmaqdan ötrü son məqamından istifadə etməyə cəhd göstərərək, heç bir reallığı əks etdirməyən yazılar dərc edir. Maraqlısı da budur ki, "repressiyalar", "insan haqlarının pozulması" ətrafında manipulyasiyalar edən bu kimi nəşrlər reallıqda Azərbaycanı uzaq ərəb dövlətləri ilə səhv salırlar. Unudurlar ki, Azərbaycan Avropa və Asiyanın birləşdiyi məkan kimi öz inkişaf və tərəqqisi, demokratik dəyərləri ilə hətta Avropanın dırnaqarası demokratik dəyərlərini belə kölgədə qoymaqdadır.

Ancaq ortada olan real dəlilləri və faktları bir kənara qoyaraq, "Human Rights Watch" və s. kimi qərəzli təşkilatların "hesabatlarına" istinad edən "The New York Times" ABŞ-da baş verən məlum hadisələr barədə - insan haqlarının kobudcasına pozulması, irqçilik faktorunun artması, məhkəmə ədalətsizlikləri ətrafında bir cümlə də olsa yazmır. Niyəsini, hansı səbəbdən olmasını isə yaxşı olardı ki, elə "The New York Times"in özü yazsın. Ancaq buna cürəti çatmır. Çünki bu qəzet heç də sözdə demokratiya beşiyi kimi təqdim olunan ABŞ hakim dairələrinin dediklərinə əks olan fikir dərc edə bilməzlər. Etsələr belə, çox yəqin ki, təzyiqlərlə qarşı- qarşya qalmış olarlar. Bütün bunlar təbii ki, öz yerində.

Daha bir qısqanclıq hissi isə Azərbaycanın ilk Avropa Oyunlarının ardınca, növbəti böyük idman hadisələrinə də ev sahibliyi etməsi faktıdır. Bunu elə "The New York Times"in öz dilindən qeyd edək: "Gələn il Bakıda "Formula-1", 2017-ci ildə İslam Həmrəylik Oyunlarının, 2020-ci ildə isə Avropa futbol çempionatının 4 oyunu keçiriləcək".

Göründüyü kimi, qısqanclıq və qərəz burada özünü son həddə qədər aşkar etməkdədir.

Almaniyanın Olimpiya Komitəsi hələ Azərbaycanda Avropa Oyunları ilə bağlı qərar verilərkən, onu dəstəkləyib

Yuxarıda da qeyd etdiyimiz kimi, ABŞ-la yanaşı, Qərbi Avropanın da bir sıra siyasi dairələri son ana qədər I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı ifrat dözümsüzlüklərini gizlədə bilmirlər. Belə dairələrdən biri də Almaniya Bundestaqıdır. Xatırladaq ki, Avropa Oyunlarının açılış günündə Almaniya Bundestaqında Azərbaycandakı "repressiyalar" ətrafında müzakirələrin aparılması qərarı verilib.

Söz yox ki, ABŞ nəşri "The New York Times" necə "Human Rights Watch"ın "hesabatına" istinad edibsə, Almaniya Bundestaqının Avropanın real dəyərlərindən xəbərsiz olan deputatları da "Sərhədsiz Reportyorlar" təşkilatının "hesabatlarına" istinad ediblər. Hətta öz siyasi həyasızlığını gizlədə bilməyən "Sərhədsiz Reportyorlar" təşkilatının nümayəndəsi Kristian Mir Berlində çıxış edərək Almaniya Olimpiya Komitəsinin sədri Mixail Vesperdən Azərbaycandakı bütün "siyasi məhbusların" (?!-R.N.) azad edilməsi üçün qəti və birmənalı çıxış etməli olduğunu tələb edib.

Əlbəttə ki, bu tipli "tələblərin", sadəcə imitasiya xarakteri daşıdığını da qeyd etmək olar. Çünki Almaniyanın Olimpiya Komitəsi hələ Azərbaycanda Avropa Oyunları ilə bağlı qərar verilərkən, onu dəstəkləyib. Bu baxımdan, hesab etmək olar ki, əgər Almaniyanın Olimpiya Komitəsi həqiqətən də Azərbaycanda insanların hüquqlarının pozulduğunu müşahidə etsəydi, hər halda özünün böyük nümayəndə heyəti ilə ilk Avropa Oyunlarında iştirak etmək üçün ölkəmizə səfər etməzdi. Eyni zamanda "Sərhədsiz Reportyorlar" təmsilçisinin özü də anlayır ki, onun bu çağırışı burnundan uzağa gedib çıxmayacaq.

Ancaq elə də uzağa getməyərək, ötən günlərdə Almaniyada keçirilmiş sammitdə polisin antiqlobalçılara qarşı sərgilədiyi vəhşi üsulları, həbsləri, döyülmə faktlarını, Almaniyada irqçilik hallarını xatırlayıb, Azərbaycandakı ilk Avropa Oyunlarına qarşı təzyiq dili ilə danışmağa cəhd edənləri özlərinə sarı baxmağı tövsiyə edərdik.

Belələri kifayət qədər əmin ola bilərlər ki, Azərbaycanı öz müstəqil siyasətindən döndərməyə müvəffəq olmayacaqlar

Son olaraq isə həmin dairələrə xatırlatmaq yerinə düşərdi ki, Azərbaycanı gözdən salmağa və etibarını sarsıtmağa hesablanmış çirkin kampaniyalar nəticəsiz qalacaq. Çünki bu cür çirkin, ürəkbulandırıcı kampaniyaların müəllifləri və icraçıları, onların qeyri-sağlam məqsədlərinin mahiyyətini kifayət qədər sərgiləyir. Yəni bu, normal düşüncəli hər kəsə, istər Azərbaycan ictimaiyyətinə, istərsə də xarici aləmə məlumdur. Ona görə də belə ucuz və primitiv metodlarla başqa ölkələrlə bağlı reallaşdırdıqları ssenarilərin ölkəmizdə keçməyəcəyi gün kimi aydın görünür. Belələri kifayət qədər əmin ola bilərlər ki, Azərbaycan öz müstəqil siyasətindən döndərməyə müvəffəq olmayacaqlar və başlarını qaldırdıqca, öz layiqli cavablarını (hətta qapazlarını -R.R.) alacaqlar. Heç də "narahat" olmasınlar...

Rövşən RƏSULOV

Digər xəbərlər