İlham Əliyev: "Əminəm ki, dünya miqyasında ən gözəl oyunları biz keçirəcəyik"
Nəhayət ki, günlərini saydığımız zaman yaxınlaşdı. Möhtəşəm tarixi günə bir addım da yaxınlaşdıq. Sabah "Bakı-2015" ilk Avropa Oyunlarının möhtəşəm açılış mərasimi keçiriləcək. Bütün dünyada canlı nümayiş olunacaq Avropa Oyunları ölkəmizin dünyaya daha da yaxından sərgiləməkdə də bir vasitəçi olacaq. Birinci Avropa Oyunlarının açılış mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq və həmin zamandan dünyanın ölkəmizə diqqəti tam yönələcək.
"Bakı-2015"in açılış mərasimini keçimək üçün bütün imkanlar var və buna dünya miqyasında keçirilən canlı yarış mərasimlərinə başçılıq edən dünyanın ən təcrübəli və tanınmış peşəkarlarından biri olan Katerina Uqvu nəzarət edəcək.
Azərbaycan bütün dünyaya qapısını qürurla açacaq. Ona görə ki, ona həvalə edilən vaxt çərçivəsində bütün öhdəlikləri yerli-yerində, məsuliyyətlə yerinə yetirdi. İdman obyektləri inşa olundu, bəziləri yeniləndi. Oyunların simvolu müəyyənləşdi, medal təsis olundu, Təşkilat Komitəsinin rəhbərliyi ilə dünya ölkələrində təqdimat mərasimləri keçirildi. Avropa Oyunlarının məşəli 47 gün Azərbaycan torpağını gəzdi. Azərbaycan bütün qüvvəsi ilə Oyunların yüksək səviyyədə təşkilinə məsuliyyətlə yanaşdı.
AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİNİN TƏRKİBİNƏ 291-İ İDMANÇI OLMAQLA ÜMUMİLİKDƏ 444 NƏFƏR DAXİLDİR
İlk Avropa Oyunlarını Azərbaycan idmançıları da səbirsizliklə gözləyirlər. Beynəlxalq idman yarışlarında, olimpiyadalarında iştirak edən və Azərbaycan bayrağını dalğalandıran idmançılarımız ilk Avropa Oyunlarına da ciddi hazırlaşıblar. Məlumdur ki, "Bakı-2015" Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibinə 291-i idmançı olmaqla ümumilikdə 444 nəfər daxildir. Onların yüksək nəticə əldə etməsi ilə bağlı iyunun 9-da Azərbaycan Prezidenti Cənab İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının idmançılarını və onların məşqçilərini Bakı şəhərində keçirilən ilk Avropa Oyunlarında ən yüksək nəticələr göstərməyə həvəsləndirmək məqsədilə mükafatların məbləği müəyyən edilib. Birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat verilməsi nəzərdə tutulub.
Bu və ya başqa şəxslər üçün nəzərdə tutulan pul mükafatlarının müəyyən edilməsi Azərbaycan idmançılarının həmişə olduğu kimi, bu dəfə də ölkəmizin idman tarixinə şərəfli sözlərin yazılması ilə nəticələnəcək.
İLK AVROPA OYUNLARINA EV SAHİBLİYİ ETMƏYƏ LAYİQ ŞƏHƏR
Azərbaycan bütün qüvvəsi ilə bu oyunlara hazırdır. Bunu paytaxtımızın hər məkanında duymaq mümkündür. Turizm sektorunda, nəqliyyat sistemində, mədəniyyət, turizm və başqa sahələrdə görülən işlər diqqəti cəlb edir. Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı qonaqların və yerli əhalinin sağlamlığının qorunmasının yüksək səviyyədə təmin edilməsi üçün səhiyyə sistemində xüsusi tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyində Avropa Oyunları ilə əlaqədar xüsusi komitə yaradılıb. Yarışların keçirildiyi bütün arenalarda, qonaqların qaldığı otellərdə, Olimpiya şəhərciyində, kütləvi tədbirlərin keçirildiyi yerlərdə Təcili Yardım Xidmətinin 35 briqadası xüsusi növbətçilik sistemi ilə çalışacaq.
Bu işə vəzifəsindən asılı olmayaraq hər kəs üçün maraqlıdır. Bütün Azərbaycan vətəndaşı bu məsuliyyəti dərk edir. Bu gün Bakı Avropa Oyunlarına ev sahibliyi etməyə layiq şəhər kimi qiymətləndirilir. Mötəbər idman tədbiri ilə bağlı şəhər başdan-başa "Bakı-2015" sözləri yazılmış müxtəlif rəngli bayraqlarla bəzədilib. Şəhərin müxtəlif yerlərində isə Nar və Ceyran simvollarını görmək mümkündür.
"BAKI-2015" İLK AVROPA OYUNLARI İLƏ BAĞLI DÜNYA MƏTBUATI YAZIR...
Bu möhtəşəmlik dünya mətbuatından kənarda qalmır. Dünyanın elə bir ölkəsi yoxdur ki, orada Azərbaycanla bağlı Avropa Oyunların ölkəmizin hazırlığını əks etdirən məqalə yazılmasın, reportaj yayımlanmasın. Almaniya, Fransa, Türkiyə, Rusiya, Özbəkistan, Latviya və onlarla belə ölkələrin mətbuatı, efirləri ölkəmizi, oyunlara hazırlıq mərhələsini işıqlandırır.
Bu günlərdə İtaliyanın www.oasport.it saytında "Gimnastika, Avropa Oyunları: Bütün ulduzlar "Bakı-2015"də" sərlövhəli məqalə yerləşdirilib. Məqalədə qeyd edilir ki, iyunun 12-28-də Bakıda keçiriləcək ilk Avropa Oyunları idman tarixinin çox mühüm hadisəsidir. Bu mühüm yarışda idmanın digər növləri üzrə altı mindən çox atlet, o cümlədən dünya səviyyəli gimnastlar medallar uğrunda mübarizə aparacaqlar. Almaniyanın "Sport1" televiziyasının saytında da "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı məqalə yerləşdirilib. Bakıda keçiriləcək ilk Avropa Oyunlarının azarkeşlər üçün gözəl fürsət olduğu qeyd edilir. Məqalədə göstərilir ki, belə mötəbər tədbirin keçirildiyi Bakı Xəzər dənizinin sahilində yerləşir və Qafqazın ən inkişaf etmiş şəhəridir. "Sport1" televiziyası Avropa Oyunlarının açılış və bağlanış mərasimlərini canlı yayımlayacaq. Daha bir mətbu orqan "Bakı-2015"in məşəlinin paytaxta gətirilməsinin təntənəli qarşılanma mərasimindən yazıb. Belə ki, dünyanın nüfuzlu "2016olympicsrio.org" saytında Azərbaycanın bölgələrinə və əfsanəvi Neft Daşlarına səyahətini başa çatdıran "Bakı-2015"in məşəlinin paytaxta gətirilməsi barədə məqalə yerləşdirilib. Məqalədə 100 məşəlçinin iştirak etdiyi yürüşün 16 kilometr məsafəni əhatə etdiyi vurğulanıb. Yazıda Neft Daşlarından Bakıya katerlə gətirilən məşəli paytaxtın Dənizkənarı Milli Parkındakı "Sadko" limanında Azərbaycan Prezidenti Cənab İlham Əliyevin qəbul etdiyi oxucuların diqqətinə çatdırılıb. Birinci xanım Mehriban Əliyevanın da öz növbəsində estafet yürüşündə iştirak etdiyi vurğulanıb. Qeyd olunur ki, məşəl iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi keçirilən Bakı Olimpiya Stadionuna gətiriləcək. Məqalədə keçiriləcək yarışlar, atletlər barədə də ətraflı məlumat verilir. Avropa Voleybol Konfederasiyasının saytında isə "Bakı-2015" ilk Avropa Oyunlarının məşəlinin təmtəraqlı şəkildə paytaxta gətirilməsindən bəhs edilir. İlk Avropa Oyunlarının həm Azərbaycan, həm də bütün Avropa üçün tarixi əhəmiyyətə malik olduğu bildirilir. Məşhur "Gettyimages"in saytında isə Böyük Britaniyadan olan fotomüxbir Riçard Heskotun Azərbaycanda keçiriləcək ilk Avropa Oyunları ilə bağlı Bakıda etdiyi fotosessiya yer alıb.
Çox tezliklə Azərbaycanda dünya idmanının yeni səhifəsini açacaq "Bakı-2015" ilk Avropa Oyunları haqqında "Rossiya 24" kanalının "Vesti" proqramında yayımlanan reportaj da maraq doğurur. Dmitri Kaystronun hazırladığı reportajda bildirilir ki, Bakıda Avropa Oyunlarının açılışına sayılı günlər qalıb. Bakıda atletlər artıq səbirsizliklə gözləyirlər. Şəhər 6 mindən çox idmançını və daha çox azarkeşi, idman pərəstişkarını qəbul etməyə hazırdır. Qeyd edilir ki, ilk Avropa Oyunlarının məşəlinin Bakıya gətirilməsi möhtəşəm idman bayramının mühüm hadisələrindən biridir. Məşəl estafeti Bakının yaxınlığında yerləşən qədim "Atəşgah" məbədindən başlayıb.
Reportajda vurğulanır ki, müasir texnika ilə təchiz edilən media mərkəzi də işə başlayıb. Dünyanın bütün ölkələrindən olan jurnalistlər ilk Avropa Oyunlarını işıqlandıracaqlar. Mərkəzdə onlar üçün hər cür şərait yaradılıb. Atletlər oyunlarda idmanın 20 növündə mübarizə aparacaqlar. Avropa Oyunlarında 12 idman növü 2016-cı il Rio-de Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. İlk Avropa Oyunlarında 100 Olimpiya çempionu iştirak edəcək.
BAKI ATLETLƏRİ ARTIQ SƏBİRSİZLİKLƏ GÖZLƏYİR
Avropa Oyunlarına hazırlıq üçün təşkilatçıların cəmi iki il yarım vaxtı olub. Elə buna görə də idman obyektlərinin tikintisinin miqyası heyrətamizdir. Bura səkkiz yeni arena və idman sarayı, 6 min idmançının, 3 min məşqçinin, həkimlərin, massajistlərin üç həftə qalacaqları möhtəşəm Atletlər Kəndi daxildir. Azərbaycanda dünya idmanının yeni səhifəsi açılacaq. Bugünkü Bakının reallıqları bunu deyir. Belə bir möhtəşəm tədbirə Bakı ev sahibliyi etməyə hazırdı. Azərbaycan Prezidenti Cənab İlham Əliyev Atletlər Kəndində milli idmançılarla görüş zamanı vurğuladığı kimi, Azərbaycan Avropanı qəbul etməyə hazırdır:"Əminəm ki, dünya miqyasında ən gözəl oyunları biz keçirəcəyik". Dövlət başçısı Atletlər Kəndini "memarlıq əsəri" adlandırması da əbəs deyildi. Prezident ilk dəfə olaraq məhz Azərbaycanda mətbuat işçiləri üçün Media Kəndinin yaradıldığını da vurğulayıb:"Biz Avropa standartları haqqında tez-tez eşidirik. Əlbəttə ki, bunlar yüksək standartlardır. Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik".
Nəzakət ƏLƏDDİNQIZI