İyunun 10-da Azərbaycan Dövlət İqtisad Universitetində 15 iyun - Milli Qurtuluş Gününə həsr olunun tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, ADİU-nun rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti iştirak edib.
ADİU-nun rektoru, professor Ədalət Muradov 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. O bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb: "Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə bir ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan az bir vaxtda iqtisadi sabitlik və inkişafa qədəm qoydu".
Ə.Muradov qeyd edib ki, bu inkişaf əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub. Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin təməlinin möhkəmlənməsində rolunu diqqətə çatdıraraq, Onun Xilaskar olaraq adının tarixə həkk olunduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərin xalqa sevgisi və məqsədyönlü fəaliyyəti ilə ölkədə həmrəylik yaranıb və vətəndaşlar milli maraqlar ətrafında birləşə bilib. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə bərpa olunan sabitlik nəticəsində iqtisadi tənəzzülün qarşısı alınıb. Fəttah Heydərov bildirib ki, çox keçmədən ölkə sabitlikdən inkişafa qədəm qoyub və Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb. Onun sözlərinə görə, iqtisadi qüdrətə nail olan ölkə ilk Avropa Oyunları kimi mötəbər tədbirə ev sahibliyi edəcək. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kurs bu gün Onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə çıxış edən "Sosial sferanın iqtisadiyyatı və idarə olunması" kafedrasının müdiri, professor Əli Əlirzayev və "Azərbaycan tarixi" kafedrasının müdiri, professor Hidayət Cəfərov Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı əvəzsiz xidmətlərindən söz açıblar.
Tədbirin sonunda Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş etdirilib.
NƏZAKƏT