"Çox təəssüf ki, Avropa Oyunları ilə bağlı Avropa Parlamentinin atdığı addımlar ikili standartların bariz nümunəsidir". Bu sözləri SİA-ya açıqlamasında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, Emin Həsənli deyib.Onun sözlərinə görə, Avropa Parlamenti idman oyunlarını siyasiləşdirir. Təəssüf ki, ikili standartlar Azərbaycana qarşı tətbiq olunur: "Azərbaycan müsəlman ölkəsi, Türk dövləti olaraq bu cür böyük tədbir keçirir. Dünyada tolerantlığa, dözümlülüyə, mədəniyyətlərarası dialoqa, idman yarışlarına böyük töhfə verilir. İdman yarışları dostluq deməkdir, xalqlar arasında dostluq və əməkdaşlığın, mehribanlığın təzahürüdür. Amma təəssüf ki, idman siyasiləşdirilir. Avropa Parlamenti ədalətlidirsə, Xocalıda törədilən faciə ilə bağlı niyə bir müzakirə aparmır? Qətnamədə bir bənddə toxunulmur ki, azərbaycanlılara qarşı belə bir faciə var. İnsan hüquqlarının ən böyüyü yaşama hüququdur. Azərbaycanlıları ermənilər yaşama hüququndan məhrum edib. Doğma yurdlarından didərgin olunublar, bu məsələyə Avropa Parlamenti nə üçün toxunmur? Bütün bunlar ikili standartların göstəricisidir".Ekspert həmçinin qeyd etdi ki, Avropa Parlamenti Azərbaycanın müstəqil siyasət aparmasını istəmir. Lakin bunlara baxmayaraq, Azərbaycan enerji və digər məsələlərdə Avropaya həmişə dəstək olub: "Onlar hər zaman Ermənistana dəstək olublar. Görürlər ki, Azərbaycan Ermənistandan çox güclüdür və Avropa və dünyanın idmançıları Azərbaycana gəlib görəcəklər ki, burda vəziyyət siyasətçilərin dediyi kimi deyil, burda tam başqa bir dövlət var. Bu onları narahat edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə dəstək olub, beynəlxalq anti – terror koalisiyasına dəstək verir. Lakin bunlar deyirlər ki, Azərbaycan oyuncaq dövlət olmalıdır, nə deyiriksə onu da etməlidir. Belə olarsa biz Azərbaycanın işlərinə qarışmayacağıq. Azərbaycan dövləti düşünülmüş siyasət aparır. Avropa Birliyi o dövlətlərə qarşı susur ki, həmin dövlətlər müstəqil siyasət aparmır. Əsas dava da budur ki, Azərbaycan müstəqil siyasət aparmasın, Avropanın dediklərini etsin. Bu da heç bir zaman mümkün olmayacaq. Azərbaycan bu işlərdən əl çəkən deyil və özünün müstəqil siyasətini davam etdirəcək, xalqın milli maraqlarını qoruyacaq".
sia.az