PDF Oxu

Siyasət

  • 13

Azərbaycana qarşı qərəz ABŞ-ın özünün ifşasıdır

Azərbaycana qarşı qərəz ABŞ-ın özünün ifşasıdır

ABŞ-ın müstəqil siyasət yürüdən ölkələrə təzyiq vasitələri: insan hüquqları ilə manipulyasiyası

Azərbaycan dünyada çox az dövlətin üzərinə götürmək arzusunda olduğu böyük bir missiyanı - I Avropa Oyunları kimi böyük bir missiyanı həyata keçirməyi öz üzərinə götürməyi bacarıb. Ancaq bu möhtəşəm - I Avropa Oyunlarına hazırlıq dövründən keçirilən tarixi günə kimi ölkəmizə qarşı qarayaxma kampaniyası ardıcıl olaraq aparılmaqdadır. Bütün bunlar da, sözsüz ki, Qərbin ikili standartlarından irəli gəlir. Lakin düşünür ki, ölkəmizə qarşı aparılan bu çirkin kampaniya əvvəllər də olduğu kimi, bu dəfə də bir nəticə verməyəcək.

Günün real mənzərəsi

Çünki Azərbaycan ötən qısa müddətdə nümunə ola biləcək uğurlara imza atıb. Bunlardan biri hazırda cəmiyyətimizdə dərin kök salan demokratik dəyərlərdir. Siyasi plüralizmin, söz, mətbuat və vicdan azadlığının bərqərar olması, ən mükəmməl seçki sisteminin formalaşdırılması, vətəndaş cəmiyyəti institutlarının inkişafı, dövlətin qeyri-hökumət təşkilatlarına və mətbuata yardımı, internet azadlığı və s. bu kimi faktlar Azərbaycanın demokratiya yolunun açıq və çoxşaxəli olduğunu göstərir. Ancaq təəssüf doğuran odur ki, Azərbaycan inkişaf etdikcə, uğurlarının sayı artdıqca, bu gün uğurlarımızı həzm edə bilməyən, erməni təəssübünü çəkən Qərbin bəzi dairələrinin qısqanclığına gətirib çıxarır ki, bu da ölkəmizə qarşı demokratiya adı altında qərəzli münasibətin ortaya qoyulması ilə müşayiət olunur. Hazırda konkret olaraq ABŞ-ın demokratiya və insan hüquqları amilindən geniş yararlandığını Azərbaycana qarşı münasibətində açıq-aydın görmək olur.

ABŞ demokratiya adı altında imitasiyası

ABŞ-ın demokratiya adı altında imitasiya ilə məşğul olmasını öz daxilində tarixən bu günə qədər davam edən kütləvi insan hüquqları pozuntuları da təsdiq edir. Bu məsələ ilə bağlı statistik məlumata diqqət yetirsək, görərik ki, əsrlər boyu Amerikanın yerli xalqları burada soyqırımına məruz qalıblar və nəticədə 3 milyondan çox hindu öldürülüb. XIX əsrə qədər ABŞ-a Afrikadan 12 milyondan çox kölə gətirilib. İrqi və dini, o cümlədən dini ayrı-seçkilik və dözümsüzlük bu ölkədə müasir dövrümüzdə də davam edir. Nyu-Yorkda polislər tərəfindən həbs edilənlərin 70 faizi, atəş açılanların 50 faizi, öldürülənlərin 70 faizi zəncidir. Bu ölkədə 20-29 yaşında olan zəncilərin üçdə biri ya həbsxanalarda, ya da istintaq təcridxanasındadır. Xatırladaq ki, 2014-cü il avqustun 9-da ABŞ-ın Missuri ştatının Ferqyuson şəhərində polislərin 18 yaşlı silahsız zənci Maykl Braunu qətlə yetirmələri şəhərdə əhali ilə hökumət qüvvələrinin genişmiqyaslı qarşıdurmasına səbəb olub. Bu hadisə Qərb demokratiyasının iç üzünü və konkret olaraq, sözügedən ölkədə insan hüquqlarının təminatına məhəl qoyulmadığını göstərdi.

Göründüyü kimi, ABŞ rəsmiləri öz ölkələrində baş verənləri daxili işləri adlandırır. Amma başqa ölkələrdə qanunçuluğun təmin olunmasına yönəlmiş tədbirləri demokratiyaya zidd addım hesab edir.

Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirlinin sözlərinə görə, bu cür təzyiqlər həmişə olub və bunun bir sıra səbələri var: "Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı təzyiqlər daha da güclənib. Cənab Prezident də bu yaxınlarda çıxışlarının birində qeyd etdi ki, bu təzyiqlər həmişə olub. "Eurovision" musiqi yarışması Bakıda keçirilərkən də eyni təzyiqlərin şahidi olduq. Bu da o nəticəyə gəlməyə əsas verir ki, bu təzyiqlər eyni mərkəzlərdən idarə olunur. Təbii ki, Azərbaycana qarşı bu təzyiqlərin nədən yaranması sualı ortalığa çıxır. İlk növbədə bu, Azərbaycanın çox sürətlə inkişafı ilə bağlıdır. Prezident İlham Əliyev çıxışlarının birində qeyd etdi ki, həmin qüvvələr utanmadan, açıq şəkildə bizə deyirlər ki, sürətinizi yavaşıdın. İndiki dünyadakı maliyyə və iqtisadi böhran illərində inkişaf edən dövləti təqdir etmək lazımdır, tərifləmək lazımdır. Amma bizdən əksini tələb edirlər. Deməli, həmin qüvvələr ayıq-sayıqdır və həmişə məqam gözləyirlər ki, Azərbaycana istədikləri təzyiqlərini reallaşdırsınlar. Ölkəmizdəki böyük tədbirlər zamanı isə onu həyata keçirmək üçün unikal imkan əldə edirlər. Onlar bunu o məntiqlə edirlər ki, bu yolla dünyanı yalanlarına inandıracaqlar və Azərbaycanı dünyanın gözündən salacaqlar. Özlərnə sərf edən "mənbələr"ini tapırlar, onlardan müsahibələr götürürlər və yalan məlumatları doğru kimi tirajlamağa başlayırlar. Bu işi həyata keçirənlərin özləri daha böyük qüvvələrin əlində alətdirlər. Azərbaycanın özündə də müəyyən alətlər tapmağa çalışırlar, 5-ci kolon deyilən ünsürlərdən istifadə etmək istəyirlər. Beləliklə də, ölkəni müstəqil siyasət kursundan yayındırmaq, onunla diqtə dili ilə danışmağa çalışırlar. Amma bunların hamısı xülyadır və reallaşmaq əmsalı sıfıra bərabərdir.

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, Azərbaycanın 80 faizdən çox enerjisi Qərb ölkələrinə ixrac olunur: "Azərbaycan, həmçinin, antiterror hərəkatında onu dəstəkləyir. Lakin çox təəssüf ki, biz ABŞ tərəfindən bunun əvəzini görmürük". Ekspert onu da vurğulayıb ki, I Avropa Oyunlarının iqtisadi qiymətləndirilməsi ilə bağlı mətbuata yanlış məlumatlar daxil olub: "Bu oyunlar Azərbaycan üçün cari gəlirlərə malikdir. Nəzərə alsaq ki, hər bir turist Bakıda 1 həftədə 1000 dollar xərcləyib, onda ölkəyə gələn hər bir turist ölkəyə 2000 dollar iqtisadi gəlir verəcək. Bu oyunlar, həmçinin xarici valyuta gəlirinin artmasına imkan verəcək. Xərcləmələrin 78 faizi infrastruktur xərcləridir. I Avropa Oyunlarından sonra Azərbaycan bir neçə beynəlxalq yarışlar keçirəcək. Həmin oyunların təşkili zaman ölkə heç bir xərc çəkmədən həmin oyunları yüksək səviyyədə təşkil edə biləcək. Bu oyunlardan əldə edəcəyimiz gəlirlər ona xərclənən maliyyədən dəfələrlə çox olacaq".

Beləliklə, hər halda qeyd olunanları ABŞ-ın mütləq nəzərə alması vacibdir. Çünki Azərbaycana qarşı qərəz ABŞ-ın özünün ifşasıdır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər