YAP Tərtər rayon təşkilatı 15 İyun - Milli Qurtuluş Gününü qeyd edib
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar rayonun təhsil, səhiyyə, mədəniyyət, idarə, müəssisə və təşkilatlarında çalışan gənclərin, və yerli mətbuatın nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. İlk öncə tədbir iştirakçıları Ulu Öndərin Heydər Əliyev Mərkəzində ucaldılmış büstü önünə gül-çiçək dəstələri qoyaraq Onun xatirəsini ehtiramla yad ediblər.Heydər Əliyev Mərkəzinin konfrans zalında davam edən tədbiri YAP Tərtər rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov açaraq bildirib ki, Azərbaycan xalqının tarixinə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunundan 22 il keçdiyini xatırladıb. Bildirib ki, bu illərin ölkəmizin və xalqımızın həyatında böyük dəyişikliklərlə yadda qalıb: "Ulu Öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını qoyub və Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail olub. Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi xalqın nicatına yol açıb, Azərbaycan parçalanmaq və vətəndaş müharibəsi təhlükəsindən qurtularaq güclü bir dövlətə çevrilib". Fikirlərini tədbir iştirakçıları ilə bölüşən rayon gənclər və idman idarəsinin rəis müavini Səadət Hüseynova görkəmli dövlət xadimi və böyük siyasətçi Heydər Əliyevin xilaskarlıq missiyasından bəhs edib. Milli Qurtuluş Gününü Azərbaycanın müstəqillik tarixinin ən şərəfli səhifələrindən biri kimi qiymətləndirən S.Hüseynova qeyd edib ki, bu günün mənası təkcə ölkənin xaos və anarxiyadan xilas edilməsi, xarici və daxili düşmənlərin Azərbaycanı parçalamaq, müstəqil dövlətimizi məhv etmək planlarının puça çıxarılması ilə məhdudlaşmır. Bu tarixi gün, eyni zamanda, Azərbaycanın dünya birliyinə qovuşması, dünya dövlətləri tərəfindən tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələnir.Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatı gənclər birliyinin sədri Emin Pənahov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, şəhər 1 saylı tam orta məktəbi uşaq və gənclər birliyinin sədri Turanə Bayramlı, şəhər 2 saylı məktəb-liseyin direktor müavini Məlahət Nuriyeva, rayon təşkilatı gənclər birliyinin üzvü, DSMF rayon şöbəsinin aparıcı-məsləhətçisi Anar Rüstəmov, rayon təşkilatının məsul işçisi Arzu Yaqubova və digərləri bildiriblər ki, ölkəmizdə 1993-cü ildən etibarən həyata keçirilən siyasi xəttin prioritetlərini təşkil edən dünyəvi, hüquqi dövlət quruculuğu yönümündə atılan addımlar demokratiyanın, insan hüquq və azadlıqlarının təməl prinsiplərinin bərqərar olunmasına zəmin yaradıb. Çıxış edənlər 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, Ulu Öndər Heydər Əliyevin Vətəni və xalqı qarşısında əvəzolunmaz xidmətlərindən danışıb, Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi xəttini layiqincə davam etdirdiyini diqqətə çatdırıblar.
Ü.ƏSGƏROV