PDF Oxu

Siyasət

  • 11

Bu gün birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi olacaq

Bu gün birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi olacaq

Hər gün yaşadığımız zamanı arxada qoyub "Bakı-2015" ilk Avropa Oyunlarının keçiriləcəyi günə tələsdik. Saatlar xeyrimizə işlədi. Bu cür möhtəşəm oyunları dünyaya təqdim etmək üçün məsuliyyət və həyəcan hissi bizləri tərk etmədi. Gəldiyimiz yolun sonu sevincdir, fərəhdir, iftixardır ki, bu gün - 12 iyun tarixində bu hissləri hər bir AZƏRBAYCANLI yaşayır. Heç şübhəsiz ki, idman Azərbaycan cəmiyyətində xüsusi yer tutduğundan "Bakı-2015" ilk Avropa Oyunları idman tariximizdə öz sözünü deyəcək. Bu, Avropa üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisə olduğundan Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi olacaq. Görülən işlər, həyata keçirilən tədbirlər bu fikri təsdiqləyir. Azərbaycan təkcə Avropaya deyil, bütün dünyaya nəyə qadir olduğunu bir daha bu 17 gün ərizində çox gözəl nümayiş etdirəcək.

Dünyanın idman arenasında özünə layiqli yer tutan Azərbaycanda bu gün Avropa Oyunlarının açılış mərasimi baş tutacaq. İyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında yarışlar Bakıda 21 idman obyektində keçiriləcək. Oyunların keçirilməsi üçün Azərbaycana 2 il vaxt verilsə də, ölkəmiz Avropa Oyunlarınını ən yüksək səviyyədə keçirmək üçün bütün qüvvəsini səfərbər etdi. Qısa bir zamanda bütün lazımi tədbirlər həyata keçirildi. Bu tədbirlər respublika Prezidenti tərəfindən müəyyən edilən siyasi kurs və Azərbaycan hökumətinin həyata keçirdiyi davamlı tədbirlər hesabına reallaşdı. Ölkəmizin beynəlxalq imici, sabit və sürətlə inkişaf edən dövlət kimi tanınması belə bir möhtəşəm oyunların ilk tarixi səhifəsinin ölkəmizdə açılmasına səbəb oldu.

Bakıda bu yarışları yüksək səviyyədə təşkili Azərbaycanın idman sahəsində də dünya liderləri sırasında olduğunu göstərir. Təbii ki, ölkəmizdə dövlət səviyyəsində idmana və olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, birinci Avropa Oyunlarının keçirilməsi Bakıya həvalə olundu. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Artıq neçə ildir dünyanın idman ailəsinə daxil olan ölkəmiz beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirilməsi üçün əlverilşli məkan funksiyasını yerinə yetirir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarı beynəlxalq idman ictimaiyyətinin ölkəmizin Olimpiya Hərəkatında oynadığı rola, idmanın inkişafına göstərdiyi yüksək dəstəyə verilən önəmin təzahürüdür.

21 İDMAN OBYEKTİ DÜNYA STANDARTLARINA UYĞUN QURULDU

Bu gün Azərbaycan bu beynəlxalq idman tədbirini yüksək səviyyədə keçirmək əzmindədir. Axı beynəlxalq yarışın keçirilməsi istiqamətində ölkəmizdə ciddi işlər görülüb. Əlbəttə, digər qitə oyunlarından fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməyib və belə oyunların Azərbaycanda keçirilməsi Bakı üçün məsuliyyət idi. Hər şey arxada qaldı. Hər kəs bilir ki, Bakı ilk Avropa Oyunlarının təşkilində tarixə imza atacaq. İlk Avropa Oyunları kimi mötəbər beynəlxalq yarışın respublikamıza həvalə edilməsi Azərbaycanın idman obyektlərinə yenidən yanaşma tələb edirdi. Yeni idman areallarını bərpa və inşa etmək, ətraf hissələrini abadlaşdırmaq, eləcə də şəhərimizin ümumi görkəminə yeni bir ab-hava əlavə etmək, bütün Avropa qarşısında Azərbaycanın inkişaf etmiş bir ölkə olaraq cizgilərini qabartmaq məsuliyyətini yaşaya-yaşaya uğurlarımız müşayiətçimiz oldu. İlk Avropa Oyunlarına kompleks hazırlıq prosesi başlanan zamandan görülən işlər bir hesabat olaraq ictimaiyyətə təqdim olunurdu. Sanki bu işlərə dünən start verilmişdir. 21 idman obyektində keçiriləcək oyunlar üçün yeni arenalar inşa edildi, mövcud qurğular yenilənərək hazır vəziyyətə gətirildi. Yenidən qurulan idman obyektlərindən biri olan Stend Atıcılığı üzrə İdman Kompleksinin əvvəllər cəmi 14 hektar ərazini əhatə edən kompleksin ərazisi 20 hektara qədər genişləndirildi. Güllə və stend atıcılığı idman növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə əsasən ən müasir kompleks inşa edildi. Burda eyni vaxtda 80 idmançının yarışması və 483 nəfərin tamaşa etməsi üçün bütün tədbirlər görülüb. 25 metrlik məsafəyə yarımqapalı atış tirində isə eyni vaxtda 50 nəfər idmançı yarışa biləcək.

Bu gün açılış mərasimi baş tutacaq 68 min nəfərlik Bakı Olimpiya Stadionu inşa olundu. Yüksək keyfiyyətlə inşa olunan Bakı Olimpiya Stadionu ətrafında ümumilikdə 82 min kvadratmetrlik yaşıllıq sahəsi salınıb. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olan stadionda əlil tamaşaçılar, VVIP, VİP, CIP və media bölmələri inşa olunub. Burada qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Bakı Olimpiya Stadionu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə aparılan quruculuq işlərinə bir töhfədir. Bu stadionda yaradılan şərait təsdiqləyir ki, dünyada idman ölkəsi kimi tanınan, idmana, Olimpiya Hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri seçən Azərbaycanda bu cür infrastruktur layihələrinin icrası ölkəmizin gücünü göstərir. İlk Avropa Oyunlarına hazırlığın mühüm mərhələsi olan Bakı Olimpiya Stadionunun inşası bir daha bu mötəbər beynəlxalq idman tədbirinin yüksək səviyyədə baş tutacağına əminlik yaradır.

Bakıda 7300 nəfərlik Olimpiya Şəhərciyi də oyunlara hazırlandı. Bütün dünyanın nəzəri Azərbaycana yönəldiyi bir zamanda Bakıda Su İdmanı Növləri Sarayı, Milli Gimnastika Arenası istifadəyə verildi. Atletlər Kəndi yaradıldı. Bu qurum məxsusi olaraq media nümayəndələri üçün yaradılıb və o da ən yüksək dünya standartlarına uyğundur.

AZƏRBAYCAN BU

OYUNLARIN TƏŞKİLİNDƏ DÜNYAYA NÜMUNƏ OLACAQ

Görülən işlər səmərəsini verəcək. Avropa Oyunlarına gələcək qonaqlar Azərbaycan haqqında daha çox məlumat əldə edə biləcəklər. Azərbaycanın müstəqil, gənc dövlət olduğunu gərəcəklər. Bu ölkənin qədim tarixi kökləri, zəngin mədəniyyəti ilə tanış olacaqlar. İlk Avropa Oyunlarına hazırlıqla bağlı işlərin beynəlxalq standartlara uyğun şəkildə vaxtında və yüksək keyfiyyətlə aparılması birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın daim diqqət mərkəzində saxlanıldı. Oyunlarının Koordinasiya Komissiyasının müxtəlif vaxtlarda keçirilən iclasları hazırlıq işlərinin yüksək səviyyədə aparılmasında xüsusi önəm daşıyırdı. İlk Avropa Oyunlarının xaricdə təbliğ olunması işinə də böyük əhəmiyyət verildi. Bununla bağlı Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın iştirakı ilə Avropanın bir sıra ölkələrində keçirilən təntənəli tanıtım mərasimlərinin əhəmiyyətini xüsusi olaraq qeyd etməliyik. Hələ iki ay bundan əvvəl Mehriban xanım Əliyeva Bakının bütün Avropanı qəbul etməyə hazır olduğunu bildirmişdir.

Görülən işlər bizə deməyə əsas verir ki, həqiqətən də ölkəmiz gələcək oyunların standartlarını, səviyyəsini təmin edəcək. Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar Şurasının üzvü Patrik Hikkinin dediyi kimi, Azərbaycan bu oyunların təşkilində dünyaya nümunə olacaq. İlk Avropa Oyunları hər kəsə - idmançılara, federasiyalara, Milli Olimpiya komitələrinə və bütünlükdə Avropa gənclərinə faydalı olacaq. Təbii ki, bu Azərbaycanda Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq işlərini aparılmasından qaynaqlanır.

Odlar Yurdu Azərbaycandan start götürən ilk Avropa Oyunlarının iştirakçısı olan avropalılar, eləcə də dünyaya yayımlanan reportajlar Azərbaycanda bu mötəbər tədbirə hazırlıqla bağlı işlərin yüksək səviyyədə həyata keçirildiyinin şahidi olacaqlar. Çox qısa müddətdə görülən işlər bir daha təsdiqləyir ki, ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmizdə yaşanan Olimpiya Hərəkatına verilən dəyərin təzahürüdür. Bu hadisə həm də Azərbaycanda idman sahəsində yaşanan inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir.

Görülən işlər, həyata keçirilən tədbirlər Azərbaycanın düzgün inkişaf yolu tutduğunu bir daha sübut edir. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi təkcə Azərbaycan üçün deyil, bütün Cənubi Qafqaz regionu üçün mühüm hadisədir. Həm də Azərbaycan üçün böyük sınaqdır. Bu gün ölkəmizin qonaqları olan əcnəbilər Azərbaycanın geniş imkanları, iqtisadi sabitliyi, turizm sektoru, milli-mənəvi dəyərləri, qonaqpərvərliyi ilə baş-başadırlar. Azərbaycanın, həqiqətən də imkanlar ölkəsi oluğunu gözləri ilə görəcəklər.

Paytaxtımız bayram əhvali-ruhiyyəsindədir. Nəhayət ki, gözlədiyimiz məqama qovuşuruq. Gözəl Bakımız daha da gözəl bir qiyafədədir bu gün. Bu gözəlliyi hər bir şəhər yaşaya bilməz. Dünyanın ən gözəl şəhərlərinin siyahısına daxil edilən Bakı möhtəşəmliyi ilə diqqəti cəlb edəcək. Şəhərimizdəki müasir infrastruktur, xidmət obyektləri, dünya standartlarına cavab verən beşulduzlu otellər paytaxtımızın gözəl panoramasını yaddaşlara həkk edəcək.

Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycan torpağından başlanan oyunlar SÜLH, DOSTLUQ VƏ İDMAN BAYRAMI kimi tariximizdə yer alacaq.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər