Milli Qurtuluşumuzun zəfər yolu
Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 1993-cü ilin 15 iyununda ikinci dəfə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı dövlətmizin və millətimizin qurtuluş tarixidir. Bu tarixi hər bir azərbaycanlı dərk edir və ondan nəticə çıxarır. 15 iyun Milli Qurtuluş Günün ilə bağlı ictimai-siyasi xadmlər, millət vəkillləri öz fikirlərini "Səs" qəzetində bölüşdülər.
Kamil Mirzəyev: "Müstəqil Azərbaycanın inkişaf və quruculuq tarixi məhz 1993-cü il 15 iyundan başlayır"
YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev bildirdi ki, 15 İyun Milli Qurtuluş Günü elə bir tarixi gündür ki, bu tarix hər zaman xatırlanmalı və həmişə deyilməlidir: "Ən azı, ona görə ki, müstəqil Azərbaycanın inkişaf tarixi və Azərbaycan dövlətinin quruculuq tarixi məhz 1993-cü il 15 iyundan başlayır. Qeyd edim ki, 1988-ci ilin əvvəllərindən başlayaraq, Azərbaycanda bir dövlət strukturunun və idarəçilik sisteminin dağılması prosesi getməyə başladı. Bu proses, demək olar ki, 1992-ci ildə özünün ən pik nöqtəsinə çatdı. Bununla da, Azərbaycanda dövlət idarəçiliyi tam dağılmış, süqut etmiş xaosun, anarxiyanın hökm sürdüyü bir vəziyyət yaratmışdır, vahid idarəçilik sistemi tamamilə məhv olmuşdu. Dövlət tamamilə dağılmış bir vəziyyətdə idi. Dövlətdə ayrı-ayrı vəzifə tutan şəxslərin özlərinin hərbi dəstələri mövcud idi. Bu, təkcə Surət Hüseynovun hərbi dəstələri deyildi. Onunla yanaşı, Rəhim Qazıyevə, İsgəndər Həmidova, Pənah Hüseynova, İsa Qəmbərova və Arif Hacıyevə tabe olan hərbi dəstələr idi. Məhz belə bir dövrdə Gəncədə məlum 4 iyun hadisələri baş verdi. 4 iyundan 15 iyuna qədər olan proseslər isə sanki bir kinoxronikanı xatırladır. Çünki bu müddətdə olan hər gün və hər an deyilməli və xatırlanmalıdır. Bütün bunların hamısı isə ölkədə vətəndaş müharibəsinin başlanğıcı demək idi. Əgər iyunun 8 və 9-da Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəlib, Gəncəyə getməsəydi, təbii ki, vətəndaş müharibəsi böyük vüsətlə alovlanacaqdı. Bu proseslərin cərəyan etdiyi bir vaxtda Ulu Öndər Heydər Əliyev çox böyük iradə nümayiş etdirərək, həyatını belə risk altında qoymaqdan çəkinməyərək, Naxçıvandan Bakıya və bunun ardınca isə, Gəncəyə yola düşdü. Ulu Öndər Heydər Əliyevin məhz o dövrdə belə bir cəsarətli addım atması böyük bir səriştənin bariz nümunəsi idi. Eyni zamanda, Azərbaycan xalqı və dövləti üçün böyük bir sevgi nümunəsi idi. Xüsusi olaraq vurğulamaq istərdim ki, Azərbaycan dövləti və Azərbaycan xalqı 15 iyun 1993-cü il tarixi ilə Ulu Öndərin dərin zəkası və sarsılmaz iradəsi sayəsində birdəfəlik xaos və anarxiyadan qurtulmuş oldu".
Sədaqət Vəliyeva: "Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi"
YAP Nizami rayon təşkilatınnı sədri, millət vəkili Sədaqət Vəliyeva Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərindən danışdı: "Dünyanın ən görkəmli liderləri Ümummilli Lider Heydər Əliyev siyasətinin qarşısında böyük anlamda qibtə ediblər. Çünki Ulu Öndər Heydər Əliyev təkcə Azərbaycan coğrafiyası daxilində deyil, bütün bəşəriyyət tərəfindən qəbul olunan böyük bir şəxsiyyətdir. Azərbaycan xalqının ən böyük xoşbəxtçiliyi ondadır ki, onun Ulu Öndər Heydər Əliyev kimi böyük şəxsiyyəti var. Bu şəxsiyyətin böyüklüyü xalqının və millətinin xoşbəxtliyi üçün fədakarcasına görmüş olduğu işlərin əvəzi yoxdur. Məhz bu baxımdan 15 iyun 1993-cü ili Azərbaycan xalqının tarixinə ən əlamətdar bir tarixi hadisə kimi daxil olmuşdur. Çünki bu tarix Azərbaycanın xilas və nicat tarixidir. Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı. Geniş ictimaiyyətin davamlı çağırışlarını nəzərə alan Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Ulu Öndərin bu qayıdışı Vətənin xilası, xalqın qurtuluşu idi. İyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin il oktyabrın 3-də isə Dahi Öndər Heydər Əliyev xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Ümummilli Liderimiz hakimiyyətə qayıdandan cəmi bir il sonra - 1994-cü ildə dərindən düşünülmüş neft strategiyasının reallaşdırılmasını təmin edən "Əsrin müqaviləsi"nın imzalanmasına nail oldu. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açaraq, dinamik inkişafın təməlini qoydu. Müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada bənzəri olmayan sürətlə davamlı inkişafına zəmin yaratdı. Ulu Öndər Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinsipial məsələlərdə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevə xas olan möhkəm iradə və qətiyyətli mövqe nümayiş etdirir, Azərbaycan dövlətinin qüdrətini, sarsılmaz təmələ malik olduğunu öz məhsuldar fəaliyyəti ilə sübut edir. Prezidentimizin apardığı dərin düşünülmüş, uzaqgörən daxili və xarici siyasət, onun xalqa olan səmimi məhəbbəti və doğma Vətənimiz naminə səmərəli fəaliyyəti hər birimizdə qürur hissi oyadır".
Ramiz Şabanov: "Azərbaycanın inkişaf etməsi məhz Qurtuluş Günü ilə başlayıb və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir"
YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov bildirdi ki, o vaxtlar çox təlatümlü bir dövr idi: "15 İyun - Milli Qurtuluş Günü... Xalqımızın taleyində dönüş anı... Məhz 22 il bundan öncə, tarixin bü günü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edilmişdir. Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpa edilməsi və milli dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların qurtuluş məfkurəsinə istinad etməsi heç də təsadüfi deyil. Milli Qurtuluş məfkurəsi dedikdə biz xaosdan, anarxiyadan, özbaşınalıqdan, hakimiyyətsizlikdən xilas olduq kimi sözləri yada düşür. Amma bunların heç biri deyilişi gözəl sözlər deyil. Bu sözlərin hər birinin arxasında məhz o sözün etimoloji cəhətdən böyük bir məzmunu dayanır. Ona görə də, məhz o dövrdə Azərbaycan xalqının yeganə ümid yeri Ulu Öndər Heydər Əliyev idi. Çünki bir dövləti, bir xalqı ayaqda tutacaq, bu qədər dəyərlər sisteminin hamısına məhdudiyyət qoyulsa, əlbəttə ki, bu, mütləq dağılmalıdır. Məhz bütün bunları təmin edəcək və bu böyük işlərin öhdəsindən gələ biləcək yeganə şəxs Ulu Öndər Heydər Əliyev idi. Doğrudan da, qısa bir zamanda, 1993-ci ilin 15 iyununda Milli Məclisə Sədr seçildikdən sonra Ulu Öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyi, xalqın milli-mənəvi birliyi, ordunun güclənməsi, iqtisadiyyatın yenidən təşkili, bütün maliyyə məsələlərinin yenidən qaydaya salınması və bir dövlətin var olması üçün nə vacib sayılırdısa, onu etmiş oldu. Məhz o vaxt Ulu Öndər Heydər Əliyev tərəfindən atılan addımlar müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmiş oldu. Hazırda Azərbaycanın inkişaf etməsi məhz Qurtuluş Günü ilə başlayıb və həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir".
RƏFİQƏ HÜSEYNOVA