Elə tarixi şəxsiyyətlər olur ki, onun adı mənsub olduğu xalqın tarixinə qızıl hərflərlə yazılır. Onlar öz əməlləri ilə tarixdə qalır, zamanın əsdirdiyi sərt küləklər ona əsər etmir.
Ulu Öndər Heydər Əliyev belə cahanşümul şəxsiyyətlərdəndir. Onun adı müstəqil Azərbaycanla qoşa çəkilir. Çünki Dahi Öndər Heydər Əliyev olmasa idi, bugünkü müstəqil, suveren, imzası aparıcı dünya dövlətlərinin imzaları içində olan Azərbaycan olmazdı. Bunu yaxın keçmişimizdə baş verən qlobal hadisələr bir daha sübut edir.
Tarixə qısa səyahət... Azərbaycan SSRİ adlanan böyük bir hegemon dövlətin tərkibində yaşayırdı. Bu dövlətə Kommunist Partiyası rəhbərlik edirdi. Zaman keçdikcə dövlətin dayaq sütunları laxlamağa başladı və kommunist ideologiyasına inam zəiflədi. "15 qardaş" respublika getdikcə özünü dərk edir və milli şüur oyanışı qarşısı alınmaz bir vüsətlə genişlənirdi. 1982-ci ildə Sov.İKP-nın Baş katibi L.İ.Brejnevin vəfatından sonra hakimiyyətə gələn Andropov, Qreçko və Qorbaçov bu oyanışın qarşısını qoyduqları sərt qayda-qanunlarla ala bilməzdi. Əvvəlki rəhbərlərdən daha demokratik rəhbər olan M.Qorbaçov 1985-ci ildə "Sürətləndirmə və yenidənqurma" planını ortaya atdı. Bu siyasi xətt SSRİ deyilən bir imperiyanın süqutunu daha da sürətləndirdi. Hələ XX əsrin əvvəllərində "Parçala və hökm sür" ideyasının ağır nəticələrindən uzaqlaşmamış, M.Qorbaçov türk xalqlarına nifrəti qızışdırır, xristian-müsəlman qarşıdurması yaradırdı (Bunu göstərilən lent yazıları aydın şəkildə sübut edir).
1988-ci ilin iyununda Ermənistan SSR Ali Soveti DQMV-ın Ermənistana birləşmək haqqında qərar qəbul etmişdi. Azərbaycanın ərazi bütövlüyü kobudcasına pozulmağa başladı və bu zaman Azərbaycan xalq hərəkatı genişlənməyə başladı. İlk etiraz mitinqi 1988-ci il fevralın 19-da keçirildi. Qarabağda Topxana meşəsinin qırılması bu etiraz dalğasını Qarabağın kəndlərində daha güclü vüsət aldı. Xalq hərəkatının ən yüksək həddə çatması noyabrın 17-də baş verdi ki, bu da tariximizə Milli Dirçəliş Günü kimi daxil oldu. Xalq meydanda gecələyirdi. Meydan hərəkatı xalqı daha da birləşdirdi. Xalqın inam yeri bu vaxt Ulu Öndər Heydər Əliyev idi. Lakin o vaxtkı iqtidarın Heydər Əliyevi görən gözü yox idi. Çünki səbatsız iqtidar bilirdi ki, Dahi Öndər Heydər Əliyev hakimiyyətə ancaq siyasi liderlərə xas strategiyası ilə gəlib, taktikası ilə zamanın məhvərini dəyişdirəcəkdir.
AXC xalqın inamından istifadə edərək 1989-cu ildə özünün təsis konfransını keçirdi və sədrini isə Əbülfəz Əliyevi (Elçibəyi) təyin etdi. Hökümətin başında isə öz ana dilini bilməyən, yersiz jestikalarla danışan, hakimiyyətə gələn elə ilk gündəcə 26-lardan olan babasının yolunu davam etdirəcəyini vəd edən Ə.Vəzirov dururdu. O, öz kürsüsündən möhkəm yapışmışdı. Xalqın etirazından qorxub vəhşi Sovet Ordusunu Bakıya dəvət etdi və yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dəhşətli qırğın törədildi. Elə həmin gün Vətəni Azərbaycanı canından artıq sevən, ürəyi xalqı üçün döyünən Ulu Öndər Heydər Əliyev və Onun bütün ailə üzvləri Moskvadakı Azərbaycan səfirliyinə gələrək Azərbaycanda dəhşətli qırğın olduğundan bütün dünyaya radio və televiziya kanalları ilə bəyan etdi. Səriştəsiz Vəzirov hakimiyyətdən getdi. Moskva onun yerinə Azərbaycan Dövlət Plan Komitəsinin sədri vəzifəsində işləmiş Ayaz Mütəllibovu təyin etdi. AXC-yə qarşı xalqda inam azaldı və xalq bir ümid yeri kimi Ulu Öndər Heydər Əliyevi gördü. 1990-cı ilin iyul ayında böyük şəxsiyyət Bakıya gəldi. Ondan yarasa günəşdən qorxan kimi qorxan hakimiyyət Onun Bakıda qalmağına razı olmadı və Heydər Əliyev doğma Naxçıvana qayıdaraq xalqını oradan idarə etməyə başladı.
1992-ci il noyabrın 21-də Naxçıvanda əvvəlcə Dahi Öndər Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yarandı. Partiyanın proqram və məramnaməsini Ulu Öndər Heydər Əliyev işləyib hazırladı. Bu proqramın başlıca məqsədi Azərbaycanın dövlət Müstəqilliyini qoruyub saxlamaq, onun hüquq bazasını möhkəmləndirmək, ərazi bütövlüyümüzü təmin etmək, ictimai həmrəylik, demokratik-hüquqi dövlət, sabit və sosial istiqamətli iqtisadiyyat yaratmaq, demokratik islahatlar həyata keçirmək uğrunda mübarizə aparmaqdan ibarət idi. Bu vaxt AXC daxilində çəkişmələr, hərc-mərclik və özbaşınalıq hökm sürürdü.
1993-cü ilin iyun ayında Gəncədə qiyam baş verdi. Nə baş verirdi?- S.Hüseynovun başçılığı ilə "709 saylı" hərbi hissə Müdafiə Nazirliyinə tabe olmaqdan boyun qaçırdı. Azərbaycanın cənubunda Ə.Hümbətov qondarma "Talış-Muğan Respublikası" yaratmağa çalışırdı. Ölkəmizin şimal-şərqində separatçı qüvvələr "Ləzgistan dövləti" yaratmaq iddiasına düşmüşdülər. Bunlar hamısı Moskvadan idarə olunurdu. Gəncəyə 3000 canlı qüvvə və hərbi texnika yeridildi. Ölkədə vətəndaş müharibəsi başlandı. 35nəfər həlak oldu, 135 nəfər isə yaralandı.
Ümummilli Lider Heydər Əliyev öz məsləhətləri ilə xalqı yaxınlaşmaqda olan daha böyük fəlakətlərdən qurtarmaq üçün iqtidara yol göstərməyə çalışdı. Ölkəni yox olmaq həddinə çatdırmış iqtidar, nəhayət ki, öz səhvini anladı və xalqın təkidli tələbi ilə Heydər Əliyevə müraciət etdi. İyunun 9-da Ulu Öndər Heydər Əliyev Bakıya gəldi və xalq öz xilaskarını sevinclə qarşıladı. İyunun 13-14-də O, Gəncəyə getdi.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyev Ali Sovetin Sədri seçildi. Bu gün tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Hakimiyyət dəyişikliyinə birdəfəlik son qoyuldu. Əbülfəz Elçibəy iyunun 18-də gecə xəbər vermədən paytaxtı tərk etdi və Kələkiyə qaçdı.
1993-cü il oktyabrın 3-də Heydər Əliyevi xalq Azərbaycan Respublikasının Prezidenti seçdi. Uğurlu xarici siyasət nəticəsində 1994-cü il mayın 12-də atəşkəsə nail olundu. Cəbhədə axan günahsız qanlar dayandırıldı. "Əsrin müqaviləsi" imzalandı. Lakin sapı özümüzdən olan baltalar hər cəhdlə bu sabitliyi pozmağa çalışırdı. 1994-cü il oktyabr ayında qiyamçılar dövlət çevrilişi etməyə cəhd göstərdilər. Ulu Öndər Heydər Əliyevin radio və televiziya ilə xalq müraciəti separatçıları qorxuya saldı. Onlar yaxşı bilirdilər ki, xalq Heydər Əliyevin ətrafında daha sıx birləşib. Bununla barışmayan daxili başıpozuq qüvvələr 1995-ci ilin mart ayında yenidən fəallaşdılar. Xalq Heydər Əliyevlə bir olmaq üçün gecəni səhərə qədər yatmayıb meydanlara axışdı.
Bizi o vaxtdan bəri 22 il zaman kəsiyi ayırır. Heydər Əliyev dühası bu xalqa nə verdi? Onu saymaqla qurtarmaq olmaz.
1. Yeni Müstəqil Süveren Dövlət -dövlətlər içərisində öz dəsti-xətti olan Azərbaycan dövləti yaratdı və möhkəmləndirdi.
2. Ayrı-ayrı silahlı birləşmələr ləğv edildi və bununla da əhali arasındakı qorxu xofuna son qoydu.
3. Vətənin müdafisəini təmin edəcək güclü və qüdrətli bir ordu yaratdı.
4. Dilimizin adı özünə qaytarıldı.
5. Əsrin müqaviləsi-çoxları üçün əfsanə hesab edilən "Neft kontraktları" imzalandı.Bu da ölkəmizin sosial-iqtisadi inkişafına çox böyük təkan verdi.
6. Xarici sərmayədarları ölkəmizə cəlb etdi.
7. Manatın dəyəri sabitləşdi.
8. Bakı-Ceyhan Neft Boru kəmərinin çəkilişi başa çatdı.
9. Azərbaycan tarixinin yenidən və obyektiv yazılmasını təmin etdi.
10.Dəfələrlə dəyişdirilmiş əlifbamızın taleyini birdəfəlik həll etdi.
11.Torpaq islahatını uğurla həyata keçirdi.
12.Təhsil sahəsində də uğurlu nailiyyətlər əldə etdi. Azərbaycana dünya təhsilinin intqerasiyasını təşkil etdi.
13. Ümummilli Lider Heydər Əliyev məqsədyönlü və kompleks tədbirlər həyata keçirməklə "Tarixi İpək yolu"nun bərpası ideyasını xəyaldan reallığa çevirdi.
Ümummilli Lider Heydər Əliyevin vaxtilə dediyi "Azərbaycan dünyaya bir günəş kimi doğacaq!" sözləri bu gün reallaşıb. Artıq Azərbaycanda ilk Avropa Oyunları başlıyır. Azərbaycanın şəhərləri, kəndləri öz gözəlliyi və füsunkarlığı ilə turistləri heyran edir.
Ulu Öndər Heydər Əliyev yenilməz sərkərdəmiz, əbədilik Prezidentimiz, Azərbaycan adlı məmləkətin qurucusu, yaradıcısı və memarıdır. Ulu Öndər Heydər Əliyev deyəndə Azərbaycan, Azərbaycan deyəndə Heydər Əliyev düşünürük.
15 iyundan başlanan Milli Qurtuluş Günü Azərbaycanın şanlı tarixidir. Bu tarix bizə müstəqil Azərbaycanı bəxş etdi və bir də Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ən demokratik Prezident İlham Əliyevi yetişdirdi.
Prezident İlham Əliyevin apardığı həm iqtisadi, həm siyasi, həm də sosial islahatlar bir daha onu deməyə əsas verir ki, Azərbaycanı idarəetmə sükanı etibarlı əllərdədir. Azərbaycan İlhamla uğurlu gələcəyə inamla gedir!
Nigar Qaybalıyeva,
BDU-nun tarix fakültəsinin doktorantı