Dünən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə partiyanın Gənclər Birliyinin üzvləri, ərazi ilk partiya təşkilatlarının sədrləri və üzvləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşikilatının sədri Manaf Manafov açaraq bildirdi ki, Azərbaycan xalqı və dövləti üçün 15 İyun- Milli Qurtuluş Günü çox əziz və müqəddəs tarixdir. Əslində, Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Eyni zamanda, vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsindən qalib ayrılma tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ümummilli Liderimiz Heydər Əliyevdir.
Manaf Manafov çıxışı zamanı, həmçinin qeyd etdi ki, 1993-cü ilin yazında Ermənistanın işğalı genişlənmişdi və gücsüz, silahsız Azərbaycan Ordusu mövqelərini tərk edərək, geri çəkilirdi. Hələ bu azmış kimi, ölkədə vətəndaş müharibəsi başlamışdı. Artıq ölkədə baş vermiş qardaş qırğını qarşısıalınmaz prosesə çevrilmişdi. Gəncədə qiyam qaldıran 709-cu briqadanın hərbçiləri Surət Hüseynovun başçılığı ilə Bakıya doğru irəliləyirdi. Təbii ki, belə bir zamanda hamının inandığı və müdrikliyinə güvəndiyi Heydər Əliyevsiz Azərbaycanı xilas etmək mümkün deyildi. Bu həqiqəti onu istəyənlər də, istəməyənlər də çox yaxşı anlayırdılar. Ona görə də Ulu Öndərə nəinki günbəgün, hətta saatbasaat ehtiyac duyulurdu. Xalq Heydər Əliyevin siyasi bioqrafiyasına yaxından bələd olduğundan və Onun Azərbaycana rəhbərliyi dövründə əvəzsiz xidmətlərini bildiyindən öz liderini böyük səbirsizliklə gözləyirdi. Ölkə vətəndaşları bilirdilər ki, Heydər Əliyev dövlət xadiminə xas müdrik şəxsiyyət, zəngin dövlətçilik təcrübəsi olan liderdir. Məhz buna görə də Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət ünvanladılar. Azərbaycan ziyalıları, o cümlədən sadə insanlar Ümummilli Liderə müraciətlər edərək ölkədə yaranan siyasi gərginliyin aradan qaldırılması üçün Heydər Əliyevin hakimiyyətə gəlməsinin vacibliyini vurğulayırdılar.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədr müavini Əli Kərimov bildirdi ki, Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Azərbaycan dövlətçiliyi ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı, sabitlik və əmin-amanlıq yaratdı. Bu böyük dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edildi, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas oldu, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandı.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının şura üzvü Heydər Vəliyev bildirdi ki, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, zaman-zaman tədqiqatlar mövzusu olacaq. İllər ötsə də, hadisələr bir-birini əvəz etsə də aydın olur ki, Ulu Öndərin müəyyənləşdirdiyi inkişaf strategiyasının alternativi yoxdur. Bütün bunlar isə sözün əsl mənasında, "ömrümün qalan hissəsini də xalqıma qurban verirəm" deyib meydana atılan cəsur ürəkli vətən oğlunun öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Həmin vaxtdan indiyə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir.
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı gənclər birliyinin sədr müavini Aytən Əliyeva tədbirdəki çıxışı zamanı qeyd etdi ki, müasir Azərbaycanın bütün nailiyyətlərinin əsasında Ulu Öndərin müəyyənləşdirdiyi siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycan bu gün Ulu Öndərin ləyaqətli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən mükəmməl şəkildə idarə olunur. Bu gün hörmətli Prezidentimiz İlham Əliyevin həmin siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, müasirləşən, modernləşən dövlətinə çevrilib.
Samir