YAP İsmayıllı rayon təşkilatının və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibətilə Tarix-Diyarşunaslıq Muzeyində tədbir keçirilib.
Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir: "Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insan - Ümummilli Lider Heydər Əliyevdir".
Rayon təşkilatının sədri bildirib ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yaranmışdı, ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedirdi. Çətin şəraitə düşən dövlətimizin iyunun əvvəllərində real vətəndaş qarşıdurması ilə üz-üzə qaldığı acınacaqlı vaxtda xalq Azərbaycanın dahi oğlu Heydər Əliyevi böyük təkidlə Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə respublika rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, müstəqil dövlət quruculuğu prosesi başlandı, çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı.
Natiq qeyd edib ki, bu gün bir zamanlar daxili ziddiyyətlər, vətəndaş müharibəsi və xaosun burulğanında boğulmaq təhlükəsiylə üz - üzə qalan Azərbaycan dövləti bu gün tarixinin çiçəklənmə, inkişaf dövrünü yaşayır.Tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunları kimi nüfuzlu bir idman yarışına ev sahibliyi edən Azərbaycan bir daha bütün dünyaya sülh, əmin-amanlıq, dostluq və sürətli inkişaf mesajını verdi: "Biz inanırıq ki, Ulu Öndərin 22 il əvvəl xilaskarı olduğu müstəqil Azərbaycan dövləti Onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdiriləcək, ölkəmiz daha da inkişaf edərək, yaxın bir zamanda dünyanın ən inkişaf etmiş ölkələri sırasına çıxacaqdır. Azərbaycan bu gün ən mötəbər tədbirlərə ev sahibliyi etmək gücünü və məharətini bütün dünyaya nümayiş etdirir".
Tədbirdə çıxış edən İsmayıllı rayon gənclər və idman idarəsinin rəisi Taleh Salehov qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, Onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil demokratik inkişaf yolu ilə inamla irəliləyərək, böyük nailiyyətlər qazanmışdır. Onun bu qətiyyətli siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz sürətli və dinamik inkişaf yolu ilə inamla irəliləyir. Əldə olunan uğurlar Dahi Öndər Heydər Əliyev dühasının qüdrətindən bəhrələnir, Onun siyasətinin davamının etibarlı əllərdə olmasından və xalq tərəfindən dəstəklənməsindən xəbər verir.
ZÜMRÜD