Dünən AMEA Fəlsəfə və Hüquq İnstitutunda Ulu Öndər, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının 22-ci illiyi - "Azərbaycan xalqının Milli Qurtuluş Günü" münasibəti ilə dəyirmi masa keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, f.ü.elmlər doktoru, professor İlham Məmmədzadə Milli Qurtuluş Gününün dövlətçilik tariximizə dönüş nöqtəsi kimi daxil olduğunu qeyd etdi: "22 il əvvəl - xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev böyük xilaskarlıq missiyasını öz üzərinə götürməklə xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin təməlini qoydu. Bu tarixi gün müasir Azərbaycanın müstəqilliyinin təntənəsi, hüquqi dövlət quruculuğunun başlanğıcıdır. Bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən inam və qətiyyətlə davam etdirilir".
İ.Məmmədzadə çıxışı zamanı, həmçinin bu gün böyük təntənə ilə açılışı olacaq Birinci Avropa Oyunları barəsində də geniş nitq söylədi: "Bu, böyük tarixi hadisədir. Dünya tarixində ilk dəfədir ki, ilk Avropa Oyunları keçirilir. Avropa Oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi mənada qəbul etməliyik. Bu gün açılışı olacaq birinci Avropa Oyunları münasibətilə xalqımızı təbrik edir, bu yarışlarada idmançılarımıza nailiyyətlər arzu edirik".
İnstitutun elmi işlər üzrə direktor müavini, hüququ elmləri doktoru Bəhram Zahidov çıxış edərək hər iki əlamətdar gün münasibətilə dəyirmi masa iştirakçılarını təbrik etdi. B.Zahidov Qurtuluş Gününün mahiyyətindən danışaraq, bu günün əhəmiyyətini diqqətə çatdirdi: "22 il əvvəl - 15 iyun 1993-cü ildə yenidən Azərbaycan rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevin bu qayıdışı xalqımızın, dövlətçiliyimizin sonrakı taleyində həlledici mərhələnin başlanğıcı olan 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu əlamətdar gün təkcə Azərbaycan vətəndaşlarının iqtisadi-siyasi çıxılmazlıqdan, fəlakətdən qurtuluş günü deyil, müstəqilliyimizin, dövlətçiliyimizin qurtuluşudur".
Daha sonra çıxışçılardan fəlsəfə elmləri doktoru, əməkdar elm xadimi Rəfiqə Əzimova, hüquq elmləri doktoru Xaliq Əhmədzadə, ümumi işlər üzrə direktor müavini Qabil Camalov və çıxış edən digər natiqlər də 1993-cü il 15 iyunu tarixi qayıdış kimi qiymətləndirdilər. Tarixi faktlara söykənərək qeyd etdilər ki, məhz bu tarixi qayıdış Azərbaycanı siyasi oyunlardan, daxili çəkişmələrdən, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi. Ulu Öndərin yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz dönməz xarakter almış, hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görüldüyünü, həmçinin Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində indi dövlətimizin iqtisadi qüdrətinin durmadan artdığını, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındığını, ölkəmizdə ictimai-siyasi sabitliyin möhkəmləndiyini, xalqımızın sosial rifahının günbəgün yaxşılaşdığını və mötəbər beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi etdiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdılar.
Rəşad Sahil