Dünən YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər icra hakimiyyəti ilə birgə YAP Mingəçevir şəhər təşkilat qərərgahında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə elmi-nəzəri konfrans keçirmişdir.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirdilər.
Konfransı giriş sözü ilə Mingəçevir şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov açaraq, 15 İyun - Milli Qurtuluş Gününün Azərbaycanın müasir tarixində mühüm bir yer tutduğunu vurğuladı. İ.İsmayılov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizi, xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas etdiyini qeyd etdi. Heydər Əliyevin dərin zəkası sayəsində Azərbaycanın müstəqilliyi möhkəmləndirildi, əbədi və dönməz oldu.
Sonra YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək, tədbir iştirakçılarını Milli Qurtuluş Günü münasibətilə təbrik edərək, Ulu Öndər Heydər Əliyevin ölkəmizin inkişafındakı əvəzsiz rolundan danışdı və ölkə başçısı Cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışdı.
Konfransda çıxış edən digər natiqlər - "Tələbə" poliklinikasının baş həkimi, YAP Mingəçevir şəhər təşkilatının qadınlar şurasının sədri Nurcamal Məmmədova, Heydər Əliyev Mərkəzinin direktoru, gənclər birliyinin sədri Bəxtiyar Mustafayev çıxış edərək, 15 İyun - Milli Qurtuluş Gününün xalqımızın müstəqilliyi, firavan həyatı yolunda çox böyük əhəmiyyətə malik olduğunu qeyd etdilər.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına qəbul olunan bir qrup gəncə partiya vəsiqələri verildi.
Sonda şəhər icra hakimiyyətinin başçısının birinci müavini İlham İsmayılov çıxış edərək, Azərbaycanda bu gün I Avropa Oyunlarının açılışının olacağını bildirərək qeyd etdi ki, "bizim şəhərdə də ilk Avropa Oyunlarının avarçəkmə üzrə yarışları keçiriləcəkdir. Yarışlar 14, 15, 16 iyun 2015 ci il tarixdə olacaqdır. Ona görə də hər birinizi bu yarışlarda idmançılarımıza dəstək verməyə dəvət edirəm". Sonra o, kofrans iştirakçılarına öz minnətdarlığını bildirdi.