Yaxud, siyasi-ideoloji zənginliyilə seçilən I Avropa Oyunlarının açılış mərasimi eyni zamanda, dünyaya Azərbaycanın qüdrətini və mədəniyyətini nümayiş etdirdi
Məlum olduğu kimi, iyunun 12-də Azərbaycan və onun paytaxtı Bakı səbirsizliklə gözlənilən anın - birinci Avropa Oyunlarının açılışının həyəcan və sevincini yaşadı. Bakı Olimpiya Stadionuna toplaşmış 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular: I Avropa Oyunlarının möhtəşəm açılış mərasimi oldu.
Stadionun VİP tribunasında Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım, "Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki əyləşmişdilər. Oyunların açılış mərasimində iştirak etmək üçün Bakıya gəlmiş mötəbər qonaqlar arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko, Serbiya prezidenti Tomislav Nikoliç, Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan prezidenti Emoməli Rəhmon, Monteneqro prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç, Monako Şahzadəsi II Albert, Lüksemburqun Böyük Hersoqu Anri, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qazaxıstanın Baş naziri Kərim Məsimov, Rumıniyanın Baş naziri Viktor Ponta, Bolqarıstanın Baş naziri Boyko Borisov, Səudiyyə Ərəbistanı Krallığının şahzadəsi Abdullah Bin Musaad Bin Əbdüləziz, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Milli Olimpiya Komitələri Assosiasiyasının prezidenti şeyx Əhməd əl-Fahad Əl-Sabah, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, eləcə də San-Marino, İsveçrə, Böyük Britaniya, Slovakiya, Çexiya, İran, Ukrayna, Oman, Küveyt, Qətər və digər ölkələrin yüksək səviyyəli rəsmi şəxsləri, tanınmış ictimai-siyasi xadimlər, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri vardı.
Mərasim "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin dediyi kimi, bir sıra maraqlı məqamlar və sürprizlərlə yadda qaldı. Siyasi-ideoloji zənginliyilə seçilən I Avropa Oyunlarının açılışı, eyni zamanda, dünyaya Azərbaycanın qüdrətini və mədəniyyətini nümayiş etdirdi. Azərbaycan nəhəng bir şou ilə özünün keçmişini, indisini, gələcəyini, mədəni irsini, Avropadakı yerini bütün dünyaya göstərdi.
Paralimpiya çempionu İlham Zəkiyevin Olimpiya məşəlini meydana gətirməsi isə bu rəmzi tamaşanın zirvəsi idi. Onun dediyinə görə, belə olmasını məhz dövlət başçısı və birinci xanım özləri istəyiblər. Məşəli Ali Baş Komandan "Atəşgah"da yandırır və 48 gün sonra Qarabağ qazisi o məşəllə Olimpiada atəşini alovlandırır. Azərbaycan torpağından çıxan od elə Azərbaycan torpağına da qaytarılır. Və bunu gözlərinin işğını erməni snayperinin gülləsi ilə itirmiş bir əsgər edir. Yəni düşmən gülləsi bizim başımızı deşib keçə bilər, amma odmuzu söndürə bilməz!
Nizami Gəncəvini dünyaya fars şairi kimi təqdim etmək istəyənlərə böyük bir Olimpiya şapalağı da dəydi. Şairin obrazı və onun "Xəmsə"si əsasında qurulan miniatürlər meydanda peyda oldu. Miniatür sənəti Azərbaycan incəsənətinə xas fenomendir və kiçik bir məkanda böyük miqyaslı hadisələri əks etdirmək məharətidir.
Olimpiya Arenasına enən narı çox fərqli şəkillərdə yozmaq olar. Amma lap dərinə getsək, biz hamımız, bütün bəşər övladları bir narın dənələri deyilikmi? Çox fəlsəfi və dini təlimlər əsrlərlə insanlara bunu başa salmağa çalışıblar. Fikir adamları inanıblar ki, bəşəriyyət bunu anlasa, savaşlar, toqquşmalar aradan qalxar, dünyaya sülh gəlir. Bu mesaj İlk Avropa Oyunlarının açılışında bir daha dünyaya ötürüldü.
Açılış mərasiminin son bölümləri də rəmziliklər və mesajlarla bol idi. Yerdən çıxan Qobustan qayaları qədimliyin və möhkəmliyin, Bahar qız zərifliyin, su həyatın simvolu idi. Səhranın yaşıllaşması Azərbaycanın keçdiyi yolu göstərirdi. Yanan alovlardan formalaşan insan - bu, bizik, Odlar Yurdunun övladları. İnsan fiquru Leonardo da Vinçinin çəkdiyi çevrə daxilindəki insan nisbətlərilə eynidir - yəni biz, eyni zamanda Qərb mədəniyyətinin bir parçasıyıq. Həmçinin, Azərbaycan yallı ilə 50 Avropa ölkəsini bir səfə düzdü, onları qol-qola gətirdi və harmonik rəqsə başlatdı və bu mərasimə yüklədiyi simvollarla anlatmağa çalışdı ki, fərqli olsaq da, bir olaq. Həmin birliyin bizə qazandıracağı gücü isə bir-birimizə ancaq "zərif güc" şəklinidə göstərək. Məsələn, bu cür Olimpiadaların təşkili ilə.
I Avropa Oyunlarının əhəmiyyəti mərasimdə çıxış edən İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın sözlərində də öz ifadəsini tapdı. Mehriban xanım Əliyeva dedi ki, bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir: "Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixinə yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır".
Mehriban xanım Əliyeva vurğuladı ki, Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir: "Bu il biz Avropa Oyunlarını qəbul edirik. 2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir. Müstəqil dövlət kimi biz gəncik. Cəmi 24 yaşımız var. Yaşımız bu axşamkı mərasimdə geriyə saymağın məhz həmin rəqəmdən başlanılması ilə üst-üstə düşür. Son 24 il ərzində ölkəmizdə sürətli inkişaf, irəliləyiş və müasirləşmə müşahidə olunub. Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır. İşə sadiqliyimiz və yorulmaz fəaliyyət sayəsində vaxtın məhdud olduğunu dəf edərək, bu oyunları cəmi iki il yarım ərzində hazırladıq. Mən oyunları reallığa çevirmək üçün böyük səylə, sadiqliklə və istəklə çalışan şəxslərin hamısına təşəkkürümü bildirmək istəyirəm. Mən, həmçinin bütün beynəlxalq tərəfdaşlarımıza, bir çox yerli və xarici könüllülərə minnətdarlığımı bildirmək istəyirəm. Komandamız qarşılıqlı əməkdaşlığın, anlaşma və dostluğun bariz nümunəsidir".
İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva əlavə etdi ki, gələn illərdə Avropa Oyunlarının məşəli nə qədər uzaqlarda alovlansa da, Azərbaycanın və "Bakı-2015"in parlaq ruhunun atəşi orada olacaq.
Çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki isə diqqətə çatdırdı ki, biz dünyanın Qitə Oyunlarına çatışmayan beşinci halqanı əlavə edirik: "Avropanın ilk Oyunları sayəsində biz Olimpiya Hərəkatının beş qitəsini bir-birinə daha sıx bağlayacağıq".
Bir sözlə, göründüyü kimi, Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən bir mərasimlə Avropa Oyunlarının tarixə çevriləcək ilk parlaq səhifəsini yazdı. Düşünürük ki, bu cür açılış mərasimi hələ uzun illər insanların yaddaşından çıxmayacaq. Hətta növbəti oyunlarda Azərbaycan təcrübəsindən faydalanılacaq.
"Səs" Analitik Qrupu