PDF Oxu

Siyasət

  • 9

Qazaxda 15 İyun Milli Qurtuluş Günü qeyd olundu

Qazaxda 15 İyun Milli Qurtuluş Günü qeyd olundu

YAP Qazax rayon təşkilatı Qazax rayon icra hakimiyyəti ilə birlikdə Milli Qurtuluş Gününə həsr olunmuş yığıncaq keçirib. Yığıncaq iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə Qazax rayon icra hakimiyyətinin başçısı Ayaz Əsgərov açaraq birinci Avropa Oyunlarının başlanması və 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb. Sonra A.Əsgərov ötən əsrin 90-cı illərində ölkəmizin ictimai-siyasi həyatında baş verən hadisələrdən danışaraq, Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş qarşıdurmasına son qoyulduğunu, müstəqilliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini xüsusi vurğulayıb.

Görüşdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov geniş məruzə ilə çıxış edərək, 1993-cü ilin iyun günlərində baş verən hadisələr, ölkədəki gərgin ictimai-siyasi vəziyyət barədə, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizi qorumasından, müstəqilliyimizin əbədiliyinin və dönməzliyinin təmin etməsindən geniş məlumat verib: "Ulu Öndərin iyunun 15-də Azərbaycana ikinci dəfə siyasi hakimiyyətə qayıdışı xalqın qurtuluş, qəhrəmanlıq tarixidir, Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təcəssümüdür. Əgər xalqın böyük təkidi ilə Ulu Öndər Heydər Əliyev həmin gün yenidən hakimiyyətə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanın varlığından danışmaq çətin ki, mümkün olardı. Bu QAYIDIŞ, ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxladı, ölkəni parçalanmadan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından qurtardı. Ümummilli Liderin rəhbərliyi altında ölkədə ictimai-siyasi sabitlik təmin olundu, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, özbaşınalığın, hərc-mərcliyin, qanunsuzluqların, kütləvi iğtişaşların, aclığın, səfalətin qarşısı alındı. Ulu Öndərin qurub-yaratdığı, müstəqilliyə qovuşdurduğu Azərbaycan hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir, qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir. Artıq ölkəmiz nəinki bölgədə, bütün dünyada böyük nüfuza malikdir. Dünya dövlətləri Azərbaycanla hesablaşırlar. Ölkəmiz bir sıra beynəlxalq miqyaslı tədbirlərə ev sahibliyi edir. Elə iyunun 12-də açılışı olan birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi buna əyani sübutdur. Müstəqillik əldə etdikdən sonra səmərəli və məqsədyönlü siyasət kursunun həyata keçirilməsi, ikitərəfli və çoxtərəfli əlaqələrin inkişaf etdirilməsi dünya dövlətlərinin Azərbaycana olan etimadının artması ilə nəticələnib. Azərbaycanın bugünkü dinamik iqtisadi inkişafı deməyə əsas verir ki, respublikamız yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcək".

YAP Qazax rayon təşkilatı qadınlar şurasının sədri Asya Alhüseynova, rayon təşkilatının şura üzvləri Abbas Göyüşov, Tərlan Bədəlova, partiya fəalı Mübariz Süleymanov və başqaları çıxış edərək 1993-cü ildə ölkəmizdə baş verən siyasi proseslərlə bağlı fikirlərini söylədilər. Çıxış edənlər Ulu Öndərin xalqımızın çətin günündə göstərdiyi fədakarlıqlardan danışdılar.

R.HÜSEYNOVA

Digər xəbərlər