YAP Gədəbəy rayon təşkilatı RİH ilə birlikdə 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirib. YAP fəallarının və hüquq-mühavizə orqanalarının iştirak etdiyi tədbiri giriş sözü ilə açan Gədəbəy rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarov 15 İyun Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərindən danışaraq bildirdi ki, qədirbilən xalqımız birləşərək ölkəni bürümüş acınacaqlı vəziyyətə qarşı məntiqli, iradəli gücünü ortaya qoyaraq təkidlə bu dahi şəxsiyyətin hakimiyyətə qayıdışını tələb edib: "1993-cü ilin iyununda ölkədə böhran ən acınacaqlı həddə çatmışdı. Bu anda xalqı vətəndaş qarşıdurmasından, səfalətdən, ölkəni parçalanmaq təhlükəsindən xilas etmək gücündə olan bir insan - Heydər Əliyev xalqına və dövlətinə sahib çıxdı. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar edən Ulu Öndər Heydər Əliyev belə bir ağır məsuliyyəti üzərinə götürərək hakimiyyətə qayıdıb, uzaqgörən və müdrik siyasəti ilə Azərbaycan xalqını düçar olduğu böhranlı vəziyyətdən xilas etdi. Həmin vaxt hamı anlayırdı ki, belə gərgin vəziyyəti yalnız Ulu Öndər Heydər Əliyev aradan qaldıra bilər. Məhz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra problemləri həll edərək Azərbaycanı inkişaf yoluna çıxardı. Bizim də vəzifəmiz müstəqil dövlətimizi qorumaq və daha da inkişaf etdirməkdir".
R.Yediyarov Azərbaycanın bugünkü inkişafının əsasının məhz Qurtuluşdan başlandığını vurğulayaraq bildirdi ki, ilk Avropa Oyunları kimi möhtəşəm beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi də Azərbaycanın nüfuzunun göstəricisidir: "1991-ci ildə Azərbaycan xalqı sovet imperiyasından rəsmən azad olsa da, dövlət müstəqilliyinin qorunub saxlanılması Ulu Öndər Heydər Əliyevin respublika rəhbərliyinə yenidən qayıdışı ilə reallaşdı. Ölkədə qardaş qırğınının qarşısı alındı, mövcud problemlərin aradan qaldırılması istiqamətində vacib addımlar atılmağa başlanıldı. Bu gün Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı yeni zirvələrə aparır və inkişaf etdirir. Bu inkişaf siyasəti, respublikamızda bütün sahələri əhatə edən inkişaf dinamikası, beynəlxalq arenada əldə olunan yüksək nailiyyətlər hazırda Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Tədbir Bakı Şuşa Teatrının kollektivinin konsert proqramı ilə davam etdirildi. Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdi.
ÜLVİ