Mehriban xanım Əliyeva:"Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır"
12 iyunda Azərbaycan üçün əlamətdar olan daha bir hadisə də tarixiləşdi. "Bakı-2015" birinci Avropa Oyunları Azərbaycan və Avropa idman tarixinə yeni səhifəni açdı. İki il yarım müddətində Avropa Oyunlarına hazırlıq, görülən işlər öz bəhrəsini verdi. Azərbaycan xalqı üçün bayrama çevrilən oyunların açılış mərasimi hər kəsə fərəhləndirici saatları yaşatdı. İki il yarım müddət ərizində keçirdiyimiz həyəcan artıq başqa bir hisslə əvəz olundu. Paytaxtımız sanki sevgi rənginə boyanmışdır. Bu, səbirsizliklə gözlənilən anın - birinci Avropa Oyunlarının açılışından yaranan bir rəng idi. 68 min tutumu olan Bakı Olimpiya Stadionunda reallaşan açılış mərasimində hər kəs gözəl, möhtəşəm idman bayramının şahidinə çevrildi. Təkcə qitədə deyil, dünya miqyasında mötəbər idman tədbiri olan "Bakı-2015" ilk Avropa Oyunları 6 min atletin 20 idman növündə mübarizəyə qatılması həqiqətən böyük bayramdır. İlk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın açılış mərasimində bildirdiyi kimi, bu möhtəşəm bayram müstəqil Azərbaycanın, hər bir Azərbaycan vətəndaşının qələbəsidir:"Müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada - gözəl Bakıda Avropa Olimpiya Hərəkatının tarixində yeni səhifə yazılır. Bu səhifəni biz yazırıq, Azərbaycan xalqı yazır".
Bu bayrama bir çox ölkələrin prezidentləri, ictimai-siyasi xadimləri, dünya idman ictimaiyyətinin görkəmli nümayəndələri gəlmişdir. Bu, bir daha bizim dövlətmizin əzəmətini, dünyada seçilib-sevilən, söz sahibi olan Azərbaycanın böyüklüyünü göstərirdi. Dünyanın yüz milyonlarla dinindən, iriqindən asılı olmayaraq televiziya tamaşaçısının izlədiyi açılış mərasimi Azərbaycandan bir çox tarixi məqamları dünya izləyicisinə bir daha bəyan etdi. Hər kəsin yaddaşında iz salan bu tarixi günün açılışındakı orijinal təqdimat heyrətləndirici idi. Təqdim olunan kreativ şou çərçivəsində Azərbaycan irsi, mədəniyyəti, ədəbiyyatı, tarixi qısa zamanda təqdim olundu. Bu sirri açmaq o qədər asan olmasa da, möhtəşəm tərtibat nəticəsində bu, mümkünə çevrildi. Nağıllı dünyamızdan danışılan səhnələr sanki tamaşaçını dünyanın açılmayan qatlarına səyahətə aparırdı. Hər görüntüdə Azərbaycan səslənirdi. Dünyaya elan etdiyi sülhsevərliyi, mədəniyyəti, multikultural ölkə olduğunu göstərirdi. "Azərbaycan zəngin tarixə, mədəniyyətə və adət-ənənələrə malik olan ölkədir. Multikulturalizm və tolerantlıq, dostluq və qonaqpərvərlik, ahəngdarlıq və həmrəylik Azərbaycanın həyat tərzinin ayrılmaz hissəsidir" - deyən Mehriban xanım Əliyeva Azərbaycan gerçəkliklərini dilə gətirmiş oldu.
Muğamı ilə Azərbaycan ənənələrini göstərən, onun tarixindən gələn səsləri dünyaya bəyan edən, qəhrəmanlığından, savaşından, məhəbbətindən, adət-ənələrindən danışan bu musiqi janrı Şumer dövründən boylanan tarixdən - sirli-soraqlı tarixdən soraq verirdi. Dünyanı səsi ilə heyrətləndirən xanəndə Alim Qasımovun açılış mərasimindəki avazı bu dəfə də heyrətamiz oldu. Ritmik nağara sədaları altında 24-dən sıfıra doğru geriyə başlanan sayım Azərbaycanın dövlət müstəqilliyinin bərpasının keçən bir zamana işarə idi.
Açılış mərasimində Azərbaycan tarixinə nəzər saldıqca təqdim olunan hər bir məqamın dərin fəlsəfiliyi insanı qürurlandırırdı. Bunlar keçdiyimiz yolda salınan insan izlərinin gələcək üçün açdığı çığırlar idi. Ani olaraq səhnədə olan hadisələrin bir-birini əvəzləməsi sanki bir göz qırpımında baş verirdi. Rəngdən-rəngə düşən səhnənin hər bir guşəsində Azərbaycan çalarları sərgilənirdi. Minədək rəqqasənin səhnədə görünməsi və dünyada məşhur olan Azərbaycan xalılarının nümayişi xalqımızın möhtəşəm tarixi sənətkarlığını diqqətə çəkirdi. Hər xalı Azərbaycanın qədim xalçaçılıq sənəti ilə məşğul olduğundan xəbər verirdi. Azərbaycanın həyat rəngini göstərən rəqqasələrin Azərbaycan xalçası haqqında təsəvvür yaratması və ətəklərinin son yellənişində Azərbaycanın dövlət bayrağının obrazını yaratması müstəqil dövlətimizin tablosunu yaratmış oldu. Simfonik orkestrin ifasında Azərbaycanın dövlət himni səsləndirilməsi, Azərbaycan Respublikasının dövlət bayrağının stadiona gətirilməsi Azərbaycan atributlarınını təqdimində əhəmiyyət kəsb edir. Bu, bir dövlət olaraq Azərbaycan müstəqilliyini dünyaya bəyan edir.
BAYRAM, RUHLANDIRMA VƏ BİRLİK MESAJI
Maraqlı tərtibatla təqdim olunan açılış mərasinin hər saniyəsi belə əhəmiyyətli idi. Avropa Oyunlarının keçdiyi yolu stadionda quraşdırılan elektron tablolarda seyr etmək mümkün idi. Azərbaycanı qarış-qarış dolaşmış məşəlin səyahət marşrutunun nümayişi Azərbaycanın bu oyunlara necə böyük sevgi və məsuliyyətlə hazırlaşdığını bir daha göstərirdi. Avropa Oyunlarının məşəli müqəddəs "Atəşgah" məbədində alovlandırıldı və yol boyunca hər bir azərbaycanlının qəlbini iftixar hissi ilə döyündürərək ölkəmizi dolaşdı. Mehriban xanım Əliyeva bu məşəlin bayram, ruhlandırma və birlik mesajını daşıdığını bildirib. Onun sözlərinə görə məhz alovlanan ruh hamımızı bir araya gətirir.
Oyunların açılış mərasimindən söz açarkən Nizamidən boylanan bəşəri hisslərin təqdiminin şouya qeyri-adi mənzərə əlavə etdiyini də bildirməliyik. Özünəqədərki bəşər tarixinin ədəbi, elmi və dini nailiyyətlərini öz yaradıcılığında bir küll halında toplamış Nizami qələmə aldığı, xüsusilə də tarixi mövzuda yazdığı bütün əsərlərində tarixə boylanıb:
Ən qədim tarixi əsərlərdən mən,
Yəhudi, nəsrani, pəhləvilərdən,
Ən incə sözləri əlimə saldım,
Qabığı ataraq, məğzini aldım.
- deyərək qələmə aldığı sözlərin şüurdan, ağıldan uzaq olmamasını etiraf edirdi. Odur ki, Nizamini güclü tarixçimiz, onun əsərlərini Azərbaycan tarixinin gözəl səhifələri kimi qəbul edirik. Elə açılış mərsimindəki səhnələrdə bu fikri təsdiqləyir. Nizami tamaşaçını yaradıcılığı ətrafında səhnədən-səhnəyə aparırdı. Evlər, saray və məktəblər, şahzadələr, əjdahalar, atlar, digər real və əfsanəvi varlıqlar görünürdü. Bütün bunlar Nizaminin bəşərə ünvanladığı fikir dünyası idi.
Bolluq, oyanış, sevgi, uğur mücəssəməsi olan və Azərbaycanı rəmzləşdirən narın görünməsi və parçalanan narın içərisindən ətrafa yayılan dənəcikləri bu bayrama yeni ab-hava da gətirdi. Yüzlərlə şar tribunaların üzərində uçmağa başlayaraq ecazkar mənzərə yaratdı. Bütün bunlar Azərbaycanın qədim tarixindən, adət-ənənələrindən, gözəl diyarından, füsünkar təbiətindən doğan məqamlar idi ki, möhtəşəm oyunlarda təqdim olundu.
"2017-Cİ İLDƏ BİZ İSLAM HƏMRƏYLİK OYUNLARINI QƏBUL EDƏCƏYİK"
İştirakçı ölkələrin komandalarının paradının başlaması, Olimpiya Oyunlarını dünyaya bəxş etmiş Yunanıstan idmançılarının ilk olaraq səhnəyə daxil olması və başqa ölkələrin komandalarının onun arxasınca əlifba sırası ilə keçidi maraqla qarşılandı. Bütün bu tərtibat Azərbaycanın Avropa Oyunlarına mükəmməl hazırlaşdığını göstərirdi. Hər bir işdə səliqə-sahman, ardıcıllıq diqqətdən yaynmırdı. Qısa bir müddət ərizində Azərbaycanın oyunlara belə möhtəşəm hazırlaşması onun dinamik inkişafına, sabit, sülhsevər ölkə olmasına, eləcə də iqtisadi inkişafına söykənən amildir. Azərbaycan ilk Avropa Oyunlarını qəbul etdi. Özü də böyük uğurla. Azərbaycanı yaxın gələcəkdə daha böyük uğurlar gözləyir. Avropa Oyunlarının açılış mərasimində Mehriban xanım Əliyeva "2017-ci ildə biz İslam Həmrəylik Oyunlarını qəbul edəcəyik. Bu, Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında oynadığı rolu nümayiş etdirir", - deyərək ölkəmizdə sürətli inkişafın, irəliləyişin və müasirləşmənin müşahidə olunduğunu diqqətə çatdırıb: "Azərbaycanın iqtisadi sabitliyi və davamlı inkişafı bizə bu cür böyük idman tədbirini keçirmək imkanı yaradır".
Bakının yeni möhtəşəm Olimpiya Stadionunda Avropa idmanında tarixi məqamı yaşadıq. Azərbaycan reallıqlarını dünyaya bəyan edən bu möhtəşəm Avropa Oyunları Azərbaycan Prezidenti Cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın qətiyyətli mövqeyi ilə ərsəyə gəldi.
DÜNYA ÖLKƏLƏRİNDƏ KEÇİRİLƏN YARIŞLARDA ƏLDƏ EDİLƏN UĞURLARIN DAVAMINI İDMANÇILARIMIZ İLK AVROPA OYUNLARINDA BİR DAHA NÜMAYİŞ ETDİRİRLƏR
Azərbaycan regionda liderlik qüvvəsinə malikdir. Ölkəmizdəki idman hərəkatı, idmana dövlət qayğısının nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Dünya ölkələrində keçirilən yarışlarda Azərbaycanın əldə etdiyi uğurların davamını idmançılarımız ilk Avropa Oyunlarında bir daha nümayiş etdirirlər. Azərbaycan müstəqillik qazanandan sonra idmanımız bu uğurlu inkişafa nail olub. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra həyata keçirilən məqsədyönlü idman siyasəti, Cənab Prezident İlham Əliyev tərəfindən hazırda böyük uğurla davam etdirilir.
Qeyd edək ki, Azərbaycanın müstəqil dövlət kimi Yay Olimpiya Oyunlarında iştirakı 1996-cı ildən başlayıb. Bizim komandamız 1996-cı ildə bir, 2000-ci ildə üç, 2004-cü ildə beş, 2008-ci ildə yeddi, 2012-ci ildə isə 10 medal (onlardan 2-si qızıl, 2-si gümüş və 6-sı bürüncdür) qazanıb. Heç şübhəsiz ki, London Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları uğurlar böyük əhəmiyyətə malikdir. Belə ki, ölkələrin cədvəlində Azərbaycan London Yay Olimpiya Oyunlarında 30-cu yerə layiq görülüb, medalların sayına görə 24-cü, Avropa ölkələri arasında 15-ci, müsəlman ölkələri arasında isə 3-cü yeri tutub. Bu, doğrudan da böyük və tarixi nailiyyətdir. Bu, Azərbaycanda idman və Olimpiya Hərəkatı sahəsində görülmüş işlərin bariz nümunəsi, ölkəmizin uğurlu inkişafının göstəricisidir.
Bu gün Azərbaycan dünya birliyində ən qabaqcıl idman dövləti kimi tanınır. Dövlət siyasəti idmanın təbliği, idmanla məşğul olmaq üçün şəraitin yaradılması, maarifləndirmə, gənc nəslin yetişdirilməsi kimi mühüm sahələri əhatə edir. Azərbaycan idmançıları Avropa Oyunlarına da ciddi hazırlaşıblar. Elə ilk günlərdən bu, özünü göstərdi. "Bakı-2015" birinci Avropa Oyunlarında medalların sayına görə yüksək pillədədir. Azərbaycan "Bakı-2015" birinci Avropa Oyunlarında hazırda medalların sayına görə ikinci pillədədir. Azərbaycanın hesabında 7 qızıl, 3 gümüş və 7 bürünc medal var. Bu uğur Azərbaycana daha bir başucalığı gətirir. Azərbaycan hələ də idmançılarımızdan yüksək nəticələr, xoş xəbərlər gözləyir.
Nəzakət ƏLƏDDİNQIZI