Elçin Mirzəbəyli: "Ermənistan atəşkəsə əməl etsəydi, təəccüblü olardı"
"Ermənilərin özləri də ölkəmizdə keçirilən I Avropa Oyunlarında iştirak edirlər və onların iştirakına hərtərəfli şərait yaradılıb. Bu halda cəbhə xəttində atəşkəsin daha da intensivləşməsi bir daha Ermənistanın nə qədər qeyri-səmimi və dünyada mövcud olan dəyərlərə qarşı olduğunu sübuta yetirir". Sözügedən fikirləri SİA-ya politoloq Elçin Mirzəbəyli Oyunlar zamanı Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi intensiv şəkildə pozmasına münasibət bildirərkən deyib.Politoloq qeyd edib ki, əslində Olimpiya xarakterli oyunlar zamanı dünyada baş verən münaqişələr dayandırılır. Ancaq Ermənistan tərəfi hər zamankı kimi, elementar qaydalara belə riayət etmir: "Eyni zamanda Ermənistanla danışıq masası arxasında hər hansı bir məsələnin müzakirəsi mümkün deyil. İşğalçı ölkəyə qarşı hansısa humanist davranış nəticə etibarilə onların obyektivlikdən kənar siyasət yürütməsinə gətirib çıxaracaq. Azərbaycan artıq bütün mərhələləri keçib. Ermənistan bu zaman ərzində, yəni Avropa Oyunları ərəfəsində idmançılarının da burada olmasından istifadə edərək atəşkəsə əməl etsəydi və sülh mesajları versəydi, o zaman təəccüblü olardı. Baş verənlər işğalçı dövlətə xas olan faktordur. Bizi təəssüfləndirən məqam budur ki, beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasəti qarşısında susmaqda davam edir. İndiki şəraitdə baş verənlər isə əslində erməni diasporasının, erməni lobbisinin xarakterinə xas xüsusiyyətdir. Gözləntilər özünü doğrultdu. Təkcə Ermənistanla bağlı gözləntilərimiz deyil, həmçinin bu ölkəni himayə edən beynəlxalq təşkilatlarla bağlı fikirlərimiz də özünü doğrultdu. Heç bir möcüzə də baş vermədi".
sia.az