"Cəmil Həsənli hər hansı bir qəzetdə adının çəkildiyinə çox sevinir. Çünki bu, ona aldığı qrantları silməyə kömək edir". Bu fikirləri SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Cəmil Həsənlinin onu tənqid edən bir sıra qəzetləri oxumadığı fikirlərinə münasibətini açıqlayarkən deyib.Baş redaktor qeyd edib ki, Cəmil Həsənli siyasi fəaliyyətini tənqid edən mətbu orqanlarda adını gördükdə özünü daha çox xoşbəxt hiss edir: "Ona görə ki, təlimat aldığı ağalarından "molodes" qazanır. Bu baxımdan düşünürəm ki, o hər nə qədər etiraf etməsə də, məhz elə onu tənqid edən qəzetləri xüsusi diqqətlə izləyir. Sadəcə özünün guya ciddi obrazını yaratmaq üçün belə informasiyalar yayır. Tənqid olunduğu mətbu orqanlarla maraqlanmadığına dair söylədikləri heç də inandırıcı görünmür. Bu yolla özünü bir qədər də dolaşığa salır. Çünki siyasətçi olmağa iddiali olan hər bir kəs adının mətbuatda hansı formada yazılmasına baxmayaraq, nə yazılmasından asılı olmayaraq daim mətbuatı izləməlidir. Cəmil Həsənlinin bu fikirləri bir daha onu göstərir ki, bu insanın heç siyasətdən xəbəri yoxdur. Cəmil Həsənli ali təhsil müəssisəsində illərdir dərs deməsinə baxmayaraq, hələ də ədəbi dildə danışmağı bacarmayan, heç bir ictimai cəlbedici keyfiyyəti olmayan birindən siyasətçi qayırmaq mümkünsüzdür. . Ona görə də onun fikirlərindən təəccüblənməyə dəyməz".
sia.az