Bu gün politoloq Mübariz Əhmədoğlu mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə konfransda politoloq ölkəmizdə və dünyada baş verən bir sıra proseslərə münasibət bildirib.Mübariz Əhmədoğlu Azərbaycanda keçirilən I Avropa Oyunlarının açılış mərasimində bir sıra dünya dövlətlərinə öz gücümüzü tariximizlə, adət-ənənələrimizlə göstərdiyimizi qeyd edərək deyib ki, Azərbaycanın əldə etdiyi uğurlar bizə dost olmayan ölkələri ciddi şəkildə narahat edir, o cümlədən işğalçı Ermənistanı: "Bizim ən böyük qələbəmiz isə məhz Ermənistan üzərində çaldığımız qələbə olacaq. O gün heç də uzaqda deyil. Biz buna addım-addım yaxınlaşırıq. Demək olar ki, siyasi fəaliyyətimizlə biz bu qələbənin təməlini artıq qoymuşuq. ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin böyük sülh sazişi ifadəsini işlətməsi, zəngilanlı qaçqınlarla görüşməsi bunu bir daha sübut edir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində beynəlxalq təşkilatların, ölkəmizin strukturlarının səyləri artıb. Əvvəllər bununla təkcə Müdafiə və Xarici İşlər Nazirlikləri məşğul idisə, indi bu prosesə digər strukturlar da qoşulub. Biz hərtərəfli Ermənistanla mübarizə aparırıq və bu yolda qalib gələcəyimizə inanırıq. Çünki güclü dövlətimiz, dövləti idarə edən güclü Prezidentimiz var".Mübariz Əhmədoğlu həmçinin ermənilərin nə qədər səriştəsiz, siyasətdən bixəbər olduğunu təsdiqləyən faktlar da açıqlayıb. Belə ki, politoloq ermənilərin səhvini dilə gətirərək qeyd edib ki, ermənilərin etdiyi sonuncu səhv Varatan su elektrik stansiyasını ABŞ-a satmaq arzusu oldu: "İlkin olaraq su stansiyasının müqabilində istənilən məbləğ yüksək olsa da, faktiki ABŞ 110 milyon dollar pul verir. Buna da Ermənistan razıdır. Çünki səfalət içində yaşayan ermənilər bu dəqiqə hər şeylə razılaşır. Azərbaycanın əzəli torpağında yerləşən Varatanın ABŞ-a satılması İranı narazı salıb. Ona görə ki, İran sərhədində yerləşən bu ərazidən ABŞ İranın xeyli ərazisini izləyə biləcək".
Mətbuat konfransı diskusiyalarla davam edib.
sia.az