Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı idarə heyətinin və şurasının birgə iclası keçirilib. YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev gündəlikdə duran məsələlər haqqında məlumat verib. O, rayon təşkilatının bütün fəaliyyətində Ulu Öndər Heydər Əliyev ideyalarına söykəndiyini bildirib və qeyd edib ki, bütün ömrünü xalqımızın, dövlətimizin inkişafına, tərəqqisinə həsr edən Ulu Öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın milli maraqlarını daim uca tutub. Təşkilat sədri qeyd edib ki, Azərbaycanın inkişafı prosesində YAP fəal şəkildə iştirak edib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyamız yeni inkişaf mərhələsinə qədəm qoyub. Ş.Hacıyev, həmçinin YAP Səbail rayon təşkilatının X konfransının əlamətdar günlərə - Milli Qurtuluş və I Avropa Oyunlarının keçirildiyi vaxtlara təsadüf etdiyini bildirib: "Bütün dünya hazırda Azərbaycanın mədəniyyətinin, inkişafının və tərəqqisinin şahidinə çevrilib".
Ş.Hacıyevin sözlərinə görə, ilk Avropa Oyunlarının möhtəşəm açılışı və bu gün oyunların uğurla davam etməsi Azərbaycan dövlətinin qələbəsidir: "Bununla da, Azərbaycan Avropa üçün yeni standartlar müəyyən edir. Ümumiyyətlə, ilk Avropa Oyunları təkcə idman tədbiri kimi əhəmiyyət kəsb edir. Onun daha geniş bir önəmi var. Bu hadisə gənclərimizin sağlam həyata marağını daha da artıracaq, pis vərdişlərdən uzaqlaşdıracaq. Yaradılan idman infrasturkturu uzun illər xalqımızın, xüsusilə gənc nəsilin istifadəsində olacaq. Ölkəmizdə idmanın inkişafı cəmiyyətimizin inkişafına, xalqımıza xidmət edir. Oyunların açılış mərasimi ilə bütün dünya şahidi oldu ki, Azərbaycan xalqı böyük xalqdır".
Ş.Hacıyev bildirib ki, hazırda Azərbaycan dünyada söz sahibi olan ölkəyə çevrilib. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsində bu amil də vacib rol oynayır: "Həqiqətən Azərbaycan inkişafının yüksək mərhələsini yaşayır. Bu gün Azərbaycan transmilli layihələrin müəllifidir, Azərbaycan kredit alan ölkədən kredit verən ölkəyə çevrilib. Hazırda yeni çağırışlar var, ölkədə bilik iqtisadiyyatı cəmiyyəti formalaşır. Neft kapitalı insan kapitalına çevrilir. Biz bu çağırışlara cavab verməliyik. Avropa Oyunları həm Azərbaycan, həm də Avropa üçün önəmli və tarixi hadisədir".
Daha sonra iclasda YAP Səbail rayon təşkilatının şura üzvləri arasında vəzifə bölgüsü müəyyənləşdirilib.
Təşkilat sədrinin birinci müavini Muxtar Nağıyev isə YAP Səbail rayon təşkilatının fəaliyyətinin əsas prioritetləri haqqında məlumat verib. Qeyd olunub ki, prioritetlər sırasına Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin siyasətinin təbliğ olunması, Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliğ olunması üçün rayon təşkilatında kursların təşkil edilməsi, YAP İcra Katibliyinin tövsiyələrinə lazımi səviyyədə əməl olunması və s. daxildir.
İclasda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, YAP Siyasi Şurasının üzvü Sədaqət Qəhrəmanova rayon təşkilatının fəaliyyətinə uğurlar arzulayıb. O, qeyd edib ki, təşkilatın fəaliyyət prioritetləri vacib məsələləri əks etdirir. S.Qəhrəmanova çıxışında ilk Avropa Oyunlarının Azərbaycan üçün əhəmiyyətindən də bəhs edib.
YAP Səbail rayon təşkilatı idarə heyətinin üzvü, "SƏS" qəzetinin baş redaktoru Bəhruz Quliyev təşkilatın yeni heyətinə fəaliyyətlərində uğurlar arzulayıb. O, qeyd edib ki, iclasın gündəliyindəki məsələlər aktualdır. B.Quliyev YAP Səbail rayon təşkilatının, indiyə qədər olduğu kimi, bundan sonra da üzərinə düşdüyü vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini bildirib. O, həmçinin, təşkilatın fəallarının rəhbərlik etdiyi mətbat orqanında çıxış etmələri üçün bütün imkanların olduğunu diqqətə çatdırıb.
Rayon təşkilatının iclasında gündəlikdə duran digər məsələlər - bir sıra ilk ərazi partiya təşkilatlarından daxil olmuş müraciətlərə də baxılıb. Eyni zamanda, yeni yaradılmış "339 saylı oxu zalı" ərazi ilk partiya təşkilatı tərəfindən təsdiqlənib.
RƏFİQƏ KAMALQIZI