Cəmil Həsənli köhnə ampluasında
Öz siyasi həmkarları tərəfindən dəfələrlə satqın adlandırılan Cəmil Həsənli köhnə ampulasında qalaraq "bizdən olmayan bizə düşməndir" kimi ənənəvi bolşevik təfəkkürü ilə birinci Avropa Oyunlarının təntənəylə keçirildiyi günlərdə ölkə mətbuatını "satqın" adlandırıb. Onun məntiqiylə satqın olmayan yalnız özü, Əli Kərimli, bir də "Azadlıq" qəzetiymiş. Ancaq bu yerdə Cəmil Həsənliyə xatırlatmaq istərdik ki, bir zamanlar indi bəyənmədiyi hakimiyyətin şəninə təriflər yağdırırdın. 2010-cu ildə məlum oldu ki, Cəmil Həsənli bütün bu canfəşanlığı kürsüsünü qorumaq üçün edibmiş.
Niyaməddin Orduxanlı: "Satqınlıq Cəmil Həsənlinin peşəsi olub"
BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlı Cəmil Həsənlinin qoca yaşında utanmadan son vaxtlar ağlına gələni danışdığını deyib və bildirib ki, satqın satqının sözünü eşidər: "Rauf Arifoğlu bir media rəhbəri kimi baş vermiş hadisəni yazmışdı. Bunun əvəzində isə Əli Kərimlinin təkidi ilə Cəmil Həsənli qoca yaşında ağlına gələni yazır, təhqirlərlə çıxış edir. Bu düşüncə ilə ölkə rəhbəri olmaq iddiasına düşmüşdü. Satqınlıq Cəmil Həsənlinin həmişə peşəsi olub. Bu adam bu yaşına qədər bir neçə partiya dəyişib. 1993-cü ildə Cəmil Həsənli AMİP-də olub. Prezident aparatında vəzifəyə təyin edildiyinə görə, AMİP-ə də xəyanət edib. Daha sonra Əli Kərimlinin "Yurd"unda yer alıb. Əli Kərimlinın Milli Məclisi boykot qərarına isə əhəmiyyət verməyən Həsənli gedib oturdu parlamentdə. Bundan sonra Əli Kərimli onu partiyadan qovdu. Cəmil Həsənli bu qovulmadan sonra kitablar nəşr etməyə başladı. Həmin kitablarında "İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib" yazırdı. Cəmil Həsənli elə bir adamdır ki, istənilən vaxt Əli Kərimlini də ayaqları altına atıb, öz maraqlarını qoruyar. Bunu Əli Kərimli də yaxşı bilir".
Eldar Namazov: "Hər bir sahədə Cəmil Həsənli kimi aktiv satqın ola bilməz"
"Cəmil Həsənli "Yeni Müsavat"a siyahı ötürən mənbəni öz ətrafında axtarsaydı, daha düzgün olardı. "Milli Şura"nın idarə heyətinin siyahısını "Yeni Müsavat" qəzetinə "El" hərəkatından ötürməyiblər. Satqın varsa da elə Cəmil Həsənlinin özüdür. Bir qədər əvvəl "Yeni Müsavat" qəzetinin redaksiyasında Cəmi Həsənli olub, orada Rauf Arifoğluna müsahibə verib. Bu barədə "El" hərəkatının sədri Eldar Namazov "Milli Şura"nın idarə heyətinin siyahısı ilə bağlı qalmaqala münasibət bildirərkən deyib. Xatırladaq ki, "Milli Şura"nın sədri Cəmil Həsənli bu siyahının mətbuata ötürülməsinə görə məsuliyyəti Eldar Namazovun üzərinə yönəltməyə çalışıb. Cəmil Həsənli "Yeni Müsavat" qəzetindən mənə dedilər ki, siyahını onlara "El" hərəkatının idarə heyətinin üzvlərindən biri ötürüb" deməklə Eldar Hamazovu çətin vəziyyətdə qoyub.
Beləliklə, görünür, Cəmil Həsənli vəziyyətin bu qədər dərinləşəcəyini ağlına gətirməyib. Ancaq bir şeyi bilməlisən Cəmil "bəy", haqq nazilər, amma üzülməz. Cəmil Həsənlinin kim olduğunu görmək üçün 9 il öncəyə baxmaq kifayətdir... 2005-ci il, parlament seçkiləri. AXCP seçkinin nəticələrinə etiraz olaraq qazandığı mandatlardan imtina etdi. Bu vaxt Cəmil Həsənli 9 illik sədr müavinliyi etdiyi partiyanı bir mandata "satdı" və istefa verdi və vaxtilə hakimiyyətə olmazın ittihamlar irəli sürən Həsənli kürsünün istiliyində əriyərək muma döndü. İstədi ki, yenə də 5 il bu kürsüdə qalsın. Amma başa saldılar ki, ay bədbəxt, qalxmaq istəmədiyin kürsü səni yalnız 5 il daşıya bilər. Nəticədə mandatını itirən Həsənli yenidən keçmişinin yanına qayıtdı və 2013-cü il, prezident seçkilərində prezident olmaq sevdası ilə Əli Kərimlinin "xaç atalığını" qazana bildi. Bəli, Cəmil Həsənlinin satqınlıq yolu çox uzun oldu... Ancaq bu faktların bəziləri bəlli olsa da, geniş ictimai rəy onlardan xəəbərsiz olub və bu faktları bir daha açıqlamaqla ölkənin oxucu kütləsi kimin kim olduğunu öyrənir və öyrənməkdədir. Əslində, bu yaxşı bir haldır. Yaxşıdır ona görə ki, siyasi ictimaiyyət özünə "lider" seçərkən, bundan sonra daha ehtiyatlı davranmalı olacaq. Yaxşı olardı ki, Cəmil Həsənli bir daha ar edib əlinə qələm almasın. Ancaq bunu ondan gözləməyə dəyməz. Siyasi korların hansı "ara" malik olmasını 20 illik zaman kifayət qədər göstərib. Belələri hər zaman öz həyasız davranışları ilə seçiliblər. Ancaq xalq tərəfindən yox, xalqa, dövlətə qarşı çıxan şərəfsizlər tərəfindən!
R.HÜSEYNOVA