Son illər ölkəmizdə gedən inkişaf proseslərinin ümumi xronologiyasına nəzər salsaq görərik ki, bütün sahələrdəki irəliləyişlər, artım tempi, reytinq cədvəllərində olan nəticələr reallığı əks etdirməklə yanaşı, qürurverici nailiyyətimizdir. Mövcud durum bunu söyləməyə əsas verir.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi inkişafın sübutudur
Bu gün Azərbaycan dünyada nüfuzlu idman ölkəsi kimi tanınır. Hər il bütün yarışlarda idmançılarımızın istər ölkə daxilində, istərsə də respublikamızdan kənarda əldə etdikləri uğurlu nəticələr bunu bir daha təsdiqləyir. Bu uğurların nəticəsidir ki, Romada Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında birinci Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi haqqında qərar 38 dövlətin dəstəyi ilə qəbul edildi. Güclü rəqabətin olmasına baxmayaraq, 42 ölkədən 38-nin Azərbaycana səs verməsi nəticəsində oyunlara ev sahibliyi etmək hüququ Bakıya verildi. Xüsusilə vurğulamaq lazımdır ki, ilk Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi ilə bağlı qərar Azərbaycan dövlətinin yürütdüyü idman siyasətinə dünyada göstərilən etimadın təzahürüdür. Eyni zamanda, birinci Avropa Oyunlarının ilk dəfə məhz Azərbaycanda keçirilməsi ölkəmizin həm də Şərqlə Qərb arasında mühüm mədəniyyət və tolerantlıq körpüsü olmasından irəli gəlir. Bu oyunlar Azərbaycan xalqını dünyaya bir daha qonaqpərvər, mədəni, zəngin milli-mənəvi dəyərlərin daşıyıcısı, insanpərvər və tolerant xalq kimi tanıdacaq. İdmançılarımızın mötəbər yarışlarda əldə etdikləri yüksək nailiyyətlər, dövlətin idmanın inkişafına dəstəyi, müasir idman infrastrukturunun mövcudluğu da ilk Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə zəmin yaradan səbəblər sırasındadır. Təkcə onu demək kifayətdir ki, son 10 ildə Azərbaycanda 40-a yaxın müasir Olimpiya Mərkəzi tikilərək istifadəyə verilib. Təsadüfi deyil ki, Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki ilk Avropa Oyunlarının Bakıda keçirilməsi ideyasını dəstəkləyərkən Bakının müasir infrastruktura malik meqapolis olduğunu xüsusi qeyd etmişdi.
Bütün bunlar qazanılan uğurlardan, tarixi nailiyyətlərdən xəbər verir. Bu isə ölkəmizin idman sahəsində uğurlarının, dövlətin bu sahəyə qayğısının nəticəsi olmaqla yanaşı, həm də daha böyük siyasi və iqtisadi dividendlər gətirəcək. İlk növbədə, ölkəmizin beynəlxalq aləmdə etibarlılığı daha da artacaq. Azərbaycan ilk Avropa Oyunlarına ev sahibliyi etməklə investisiya yatırılması üçün etibarlı ölkə olduğunu bir daha sübut edəcək və beləliklə, beynəlxalq investorların diqqətini daha çox özünə çəkəcək. Bütün bu uğurları gördükcə belə bir əminlik yaranır: deməli, ölkəni inkişaf etdirmək və gələcəyə nailiyyətlərlə irəliləməsinə nail olmaq üçün dövlətimizin siyasi iradəsi var və bu əzm məqsədyönlülük qarşıda duran vacib hədəflərə çatmaqda. Bu, o deməkdir ki, biz gələcəyimizi indidən proqnozlaşdıra bilirik və 10 ildən sonrakı vəziyyətimizi qiymətləndirməyi bacarırıq.
Bəli, Azərbaycan bu gün I Avropa Oyunlarını uğurla həyata keçirir. Bütün bunlar isə sonda respublikamızın nüfuzunu daha da gücləndirəcək, Azərbaycanı bölgədə hər zaman sülhün və əmin-amanlığın tərəfdarı olacağını sübut edəcəkdir.
R.KAMALQIZI