Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyası bu gün Strasburqda öz işinə başlayır. SİA-nın məlumatına görə, sessiyanın gedişində 7 İyun tarixində Türkiyədə keçirilən parlament seçkilərindəki müşahidənin nəticələri, Rusiya nümayəndə heyətinin AŞPA-da iştirakı məsələsi, Macarıstandakı vəziyyət, miqrasiya, dəyişən media mühitində medianın məsuliyyəti və etik qaydalarla bağlı məsələlər, həmçinin, Ukraynadakı münaqişə nəticəsində itkin düşmüş şəxslərlə bağlı vəziyyət müzakirə olunacaq.İyunun 23-də sessiyada Azərbaycanda demokratik institutların fəaliyyəti haqqında müzakirələrin keçirilməsi planlaşdırılır. Mövzu ilə əlaqədar hesabatı AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinski təqdim edəcəklər.İyunun 22-də sessiya çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Tsrnadak, iyunun 23-də isə BMT baş katibi Pan Gi Mun parlamentarilər qarşısında çıxış edəcəklər. Bundan əlavə, Malta prezidenti Mari-Luiz Koleyro Prek, həmçinin Bosniya və Herseqovinanın baş naziri Mladen İvaniçin də sessiyada çıxışları gözlənilir.Sessiya işini iyunun 26-da başa çatdıracaq.
sia.az