İlham Əliyev: "İlk Avropa Oyunlarının standartları Azərbaycanın dinamikliyini özündə əks etdirir"
Bu gün Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edir, nümunəvi ölkə kimi daim hörmət və ehtirama layiq görülür. Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzu və müsbət imicə malik olması ölkə Prezidenti İlham Əliyevin davamlı və məqsədyönlü fəaliyyətinin nəticəsidir. Çünki bu siyasət xalqımızın hərtərəfli inkişafına, ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, vətəndaşlarımızın və gənclərimizin sağlam gələcəyinə xidmət edir. Ona görə də bu siyasət hər zaman xalqın dəstəyini qazanıb. Bütün sahələrdə olduğu kimi, bu gün Azərbaycan dünyada həm də güclü idman ənənələri ilə tanınır. Çünki idmanın inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. İdmanın maddi-texniki bazasının gücləndirilməsi, bölgələrdə müasir idman qurğularının tikilməsi on minlərlə yeniyetmə və gəncin idmana cəlb olunmasına şərait yaradıb.
Azərbaycan həm də idman ölkəsi olduğunu əməli fəaliyyəti ilə göstərdi
Artıq ilk Avropa Oyunlarının uğurla davam etməsi və dünya dövlətləri tərəfindən yüksək dəyərləndirilməsi bir daha Azərbaycanda idmanın inkişafının dövlətin əsas prioriteti olduğunu göstərir. Xüsusilə, Azərbaycanın ilk Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin iqtisadi inkişafının, siyasi sabitliyinin, təhlükəsiz dövlət olmasının, dünyanın aparıcı idman ölkələrindən birinə çevrilməsinin məntiqi nəticəsi, həmçinin, sadalanan uğurların beynəlxalq ictimaiyyət tərəfindən etirafıdır. Eyni zamanda, ölkəmizin ilk Avropa Oyunları kimi möhtəşəm idman yarışına ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın inkişafı, müasir infrastrukturu və təhlükəsiz ölkə olması amili dayanır.
Prezident İlham Əliyev keçirilən bu möhtəşəm tədbirlə bağlı 2012-ci il dekabrın 12-də qəbul edilən qərarın tarixi qərar olduğunu bildirib: "Biz miqyasına görə Yay Olimpiya Oyunlarından sonra ən böyük beynəlxalq idman tədbirini təşkil etmək imkanı əldə etdik. Avropa idmanı üçün isə bu, ədaləti bərpa edən qərar oldu. Çünki bildiyimiz kimi, digər qitələr uzun illərdir ki, öz oyunlarını keçirirlər və yalnız Avropanın belə bir oyunları yox idi. Buna görə də düşünürəm ki, bu, ədalətin təzahürü oldu. Çünki Olimpiya hərəkatının, Olimpiya ideyalarının, olimpizmin vətəni Avropadır. Bu, qədim Yunanıstanda başlanıb və daha sonra Baron de Kuberten onu bərpa etmişdir. İndi isə ədalət bərpa edildi və gördüyümüz işdən fərəhlənə bilərik".
Dövlət başçısı bildirib ki, bu gün Azərbaycan Avropa Oyunları kimi belə böyük miqyaslı tədbiri keçirmək imkanına malikdir. Bu, ötən illər ərzində əldə etdiyimiz nailiyyətlərin göstəricisidir. Prezident İlham Əliyev bildirib ki, bu gün böhranlara baxmayaraq, Azərbaycan iqtisadiyyatı sabitdir, dayanıqlıdır və inkişaf edir: "Son 10 il bizim iqtisadiyyatımızın görünməmiş inkişaflı illəri olmuşdur. İqtisadiyyatımız 3 dəfə artmışdır. Biz yoxsulluğu 49 faizdən 5 faizə endirə bilmişik. İşsizlik 5 faizdən aşağıdır. Xarici borcumuz ümumi daxili məhsulun 10 faizindən azdır. Bu ilin yanvarında mən prezident Patrik Hikki ilə Avropa Oyunlarının təqdimatını etdiyimiz Davos İqtisadi Forumu Azərbaycanı qlobal iqtisadi rəqabətlilik baxımından 38-ci yerə layiq görmüşdür. Məhz bu islahatlar bizə gələcəyə nikbinliklə baxmağa imkan verir. Əlbəttə, son 10 ildə idmanın və olimpiya hərəkatının inkişafı ilə bağlı gördüyümüz işlərin müsbət nəticələri var. Xatirimdədir ki, 2007-ci ildə biz prezident Hikki ilə bərabər regionların birində Olimpiya Mərkəzinin açılışını etdik. Avropa Olimpiya Komitəsinin prezidentinin Masallıya səfəri və regional idman mərkəzinin açılışında iştirak etməsi region idmançıları və gənc nəsil üçün yaxşı göstərici idi. Bundan sonra biz onlarla belə mərkəz inşa etmişik və bu gün Bakı regionun və bəlkə də dünyanın ən inkişaf etmiş idman infrastrukturuna malik şəhərlərindən biridir".
Prezident qeyd edib ki, Azərbaycan, görülən işlər və gələcək planlar haqqında çox danışa bilər. Çünki bununla bağlı qısa bir təqdimatda dolğun məlumat vermək mümkün deyil. Yalnız onu əlavə edə bilərəm ki, biz inkişafı davam etdirməyə sadiqik: "Biz gələcək hədəflərimizi bilirik, Azərbaycanı dünyanın inkişaf etmiş ölkəsinə çevirmək istəyirik və Azərbaycan meyarlarını ən yüksək beynəlxalq meyarlara çatdırmaq niyyətindəyik. Necə ki, biz ilk Avropa Oyunlarının standartlarını ən yüksəyə qaldırmağa çalışmışıq".
12 iyun -dünyanı heyrətə salan möhtəşəm açılış
Müasir Azərbaycanın tarixində əlamətdar hadisələr, möhtəşəm və dövlətçiliyimizi şərəfləndirən nailiyyətlər çoxdur. İyunun 12-də təntənəli açılışı keçirilən I Avropa Oyunları da müstəqil dövlətçiliyimizin qürur doğuran uğurlarından biridir. Həmin gün Azərbaycan ev sahibliyi etdiyi birinci Avropa Oyunlarının möhtəşəm açılış mərasimi ilə Avropa və bütün dünya üçün yeni bir tarix yazdı. Beynəlxalq idman ictimaiyyətinin də yekdilliklə etiraf etdiyi kimi, bu mərasimdə ən yüksək Olimpiya standartları nümayiş olundu. Uğurla keçən açılış mərasimi Azərbaycanın birinci Avropa Oyunlarına ən yüksək səviyyədə hazırlaşdığını sübut etdi. Onu da qeyd etmək lazımdır ki, birinci Avropa Oyunlarının miqyası kifayət qədər böyükdür. Yarışlarda Azərbaycan da daxil olmaqla dünyanın 50 ölkəsindən 6000 atlet 20 idman növündə qüvvəsini sınayır. Dünya praktikasında belə genişmiqyaslı yarışlara hazırlaşmaq üçün ev sahibi ölkələrinə, adətən, ən azı 7 il vaxt verilir. Azərbaycan isə birinci Avropa Oyunlarına bütün hazırlıq işlərini cəmi 30 ay ərzində yüksək səviyyədə tamamlamaqla bu sahədə də rekorda imza atıb. Oyunlara hazırlıqla bağlı paytaxt Bakıda zəruri infrastruktur qurulub, o cümlədən, yeni yollar və yol ötürücüləri, tunellər, piyada keçidləri tikilib, genişmiqyaslı abadlıq işləri həyata keçirilib. Oyunlar ərəfəsində paytaxtın ictimai nəqliyyat parkı əsaslı şəkildə yenilənib. İdman qurğularının da yarışlara yüksək səviyyədə hazırlanmasını xüsusi qeyd etmək lazımdır. Belə ki, birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində müxtəlif idman yarışlarının keçiriləcəyi mövcud arenalarda, o cümlədən, Bakı İdman Sarayında, Heydər Əliyev adına İdman-Konsert Kompleksində, Tofiq Bəhramov adına Respublika Stadionunda, "Bakı Kristal Zalı"nda və digər ünvanlarda ya əsaslı yenidənqurma aparılıb, ya da zəruri uyğunlaşdırma əməliyyatları yerinə yetirilib. Bundan başqa, şəhərimizin idman infrastrukturuna 5 yeni müasir arena daxil edilib. Bunlar 70 minədək tamaşaçı tutumuna malik Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Mərkəzi, BMX Veloparkı, Atıcılıq Mərkəzidir. Birinci Avropa Oyunlarının iştirakçılarının yerləşdikləri Atletlər Kəndi barədə də müsbət fikirlər söyləmək mümkündür.
Bir sözlə, gələcək Avropa Oyunlarının yüksək standartlarını məhz Azərbaycan müəyyənləşdirib. Möhtəşəm açılış mərasimi dünyaya Azərbaycanın güclü potensialını bir daha nümayiş etdirdi.
Azərbaycan cəmiyyəti də oyunlara yüksək dəstək nümayiş etdirir
Diqqəti çəkən əsas məqamlardan biri də Azərbaycan cəmiyyətinin birinci Avropa Oyunlarına yüksək dəstək nümayiş etdirməsidir. Tarixdə ilk dəfə keçirilən oyunlar ölkə ictimaiyyətində yüksək əhval-ruhiyyə yaradıb və bir növ ümumxalq məsələsi səviyyəsinə yüksəlib. Çox obyektiv olaraq Azərbaycan cəmiyyətində müşahidə edilən coşqu oyunların ən qiymətli mənəvi mirası kimi dəyərləndirilir. Ölkə ictimaiyyəti istər hazırlıq mərhələsində, istərsə də yarışların gedişində oyunlara hərtərəfli dəstək nümayiş etdirir. Burada gənclərin fəallığını xüsusi vurğulamaq gərəkdir. Birinci Avropa Oyunları ölkəmizdə könüllülər hərəkatına yeni vüsət verib. Belə ki, 30 mindən artıq könüllü Azərbaycan gənci oyunlara öz dəstəyini ifadə edib. Birinci Avropa Oyunlarının açılış mərasimində, həmçinin, yarışların keçirildiyi günlərdə hər hansı bir narahatçılığın, xoşagəlməz halın müşahidə olunmaması Azərbaycan cəmiyyətinə xas olan yüksək dəyərləri bütün dünyaya bir daha nümayiş etdirdi. Məlumdur ki, hazırda irqçilik, milli ayrı-seçkiçilik zəminində yaşanan münaqişələr dünya üçün ciddi təhdidə çevrilib. Buna görə də bu gün dünyaya və Avropaya Azərbaycanın gerçək mənzərəsini əks etdirən tolerantlıq, həmrəylik dəyərləri çox lazımdır. Azərbaycan birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirməklə dünyada ölkələr və xalqlar arasında sülh, həmrəylik ideyalarının təbliğinə öz töhfələrini verir.
Artıq I Avropa Oyunları özünün həlledici mərhələsinə qədəm qoyub. İndiyə kimi bir çox idman növü üzrə idmançılarımız qızıl, gümüş və bürünc medallar qazanıblar. Təbii ki, medallarımızın sayı çox olacaq və idmançılarımız bu günlərdə bizlərə çoxsaylı qələbə sevincini yaşadacaqlar. Eyni zamanda iyun ayının 28-dək bütün dünya Azərbaycanın yüksək ev sahibliyini, qonaqpərvərliyini, mədəniyyətini görəcək və ölkəmizi daha yaxından tanıyacaq.
Bütövlükdə, I Avropa Oyunları Azərbaycanın ən möhtəşəm uğurlarından biri kimi tariximizə qızıl hərflərlə həkk olunacaq. I Avropa Oyunları ilə həm də Azərbaycan bu qitə yarışına öz möhürünü vuracaq. Çünki Azərbaycan Avropa Oyunlarının standartlarını da müəyyənləşdirdi və gələcəkdə keçiriləcək növbəti oyunlarda Azərbaycanın təcrübəsi əsas götürüləcək.
RƏFİQƏ KAMALQIZI