Elektrik enerjisinin bahalaşması əhalinin narazılığına səbəb olub
Ermənistan mətbuatında bildirilir ki, rəsmi Yerevan 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş 5,2 faiz iqtisadi artımı reallaşdıra bilmir. Qeyd edilir ki, ölkənin keçmiş korrupsioner baş naziri Tiqran Sarkisyanın dövründə sosial-iqtisadi vəziyyət indiki ilə müqayisədə daha yaxşı idi. Hazırkı baş nazir Ovik Abramyanın yarıtmaz fəaliyyəti nəticəsində isə iqtisadi böhran getdikcə dərinləşir.
Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Teresa Sançes də Ermənistan üçün pessimist proqnozlar vermişdir. T. Sançes "Azadlıq" radiosuna müsahibəsində demişdir ki, bu ilin may ayında Ermənistan üçün verilən proqnozlar özünü doğrultmamışdır: "Biz düşünürdük ki, Ermənistan iqtisadiyyatında 4,3 faiz artım olacaqdır. Amma təəssüf ki, proqnoz özünü doğrultmadı".
Azadlıq meydanında növbəti izdiham
Yerevanın mərkəzindəki Azadlıq meydanında növbəti izdihamlı aksiya üç gündür ki, davam edir. Aksiya iştirakçıları Ermənistan hakimiyyətindən elektrik enerjinin tariflərini qaldırmamağı tələb ediblər. Vətəndaş fəalları ölkədə elektrik enerjisi tariflərinin onsuz da xeyli yüksək olduğunu bildirir və EEŞ-nin "fərsiz menecmenti, oğurluğu və korrupsiyası" səbəbindən əmələ gəlmiş maliyyə problemlərin istehlakçıların hesabına kompensasiya edilməsini yolverilməz hesab edir.
İki ilə yaxın maaş almayan və ixtisar edilmiş 1500-ə yaxın "Nairit" zavodunun keçmiş işçiləri də aksiyaya birləşib. Mitinq iştirakçıları və daha sonra Yerevanın mərkəzi küçələri ilə yürüşə qatılanlar əllərində Ermənistan bayraqları "Talana son qoyulsun!", "Bahalaşmaya yol vermərik!", "Ar olsun talançılara!" şüarları tutur və çağırışlar səsləyirdi.
Aksiyanı təşkil edən facebook şəbəkəsində yaradılmış "Talana yox!" təşəbbüs qrupunun fəalları Ermənistan prezidenti və baş nazirinə ünvanlanan bəyanatla elektrik enerjisinin qiymətinin "ədalətsiz" qaldırılmasına yol verməməyi və əksinə, endirmək üçün imkan tapmağı tələb ediblər. Fəallar etiraz aksiyalarını davam etdirməyə və vətəndaş itaətsizliyi kampaniyasına başlamağa hazır olduqlarını bəyan etdilər. Etiraz aksiyasına Ermənistan Milli Konqresi, İrs, Firavan Ermənistan, Daşnaksütyun partiyaları və parlamentdən kənar Müəssislər Məclisi radikal müxalif təşkilatın nümayəndələri də qatılmışdı. Ermənistanın Gümri, Vanadzor, Aştarak, Ararat şəhərləri və bir sıra başqa yaşayış məntəqələrində də elektrik enerjisinin bahalaşmasına qarşı aksiyalar keçirilib.
Göründüyü kimi, Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətdə olması, əhalinin maddi rifah halının gündən-günə ağırlaşması beynəlxalq qurumların hesabatlarında da göstərilir. Məsələn, Dünya Bankının (DB) hesabatına görə, Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən birini - 135-ci yeri tutur. Müqayisə üçün qeyd edək ki, Azərbaycan iqtisadiyyatı Ermənistan iqtisadiyyatını 7 dəfədən artıq üstələyir.
Ermənistanın üzləşdiyi sosial-iqtisadi böhranın dərinləşməsi fonunda ölkəni tərk edənlərin sayı da durmadan artır. Bu isə ölkədə demoqrafik duruma mənfi təsir göstərir. Real demoqrafik durumun təhlili vəziyyətin sürətlə pisləşməsindən xəbər verir. Hətta burada uşaqların doğumu ilə bağlı problemlər də şəraitə öz mənfi təsirini göstərir. Bunula bağlı BMT-nin əhalinin məskunlaşması üzrə Ermənistan ofisinin icraçı nümayəndəsi Qarik Ayrapetyan bu ölkədə sonsuzluğun göstəricisinin hazırda 17 faiz olmasını demişdir.
Ermənistanın Milli Statistika Xidmətinin ölkədə sosial-iqtisadi vəziyyətlə bağlı məruzəsində vurğulanır ki, təkcə bu ilin son beş ayında ölkəni 35 min 447 nəfər vətəndaş tərk etmişdir. Ötən ilin müvafiq dövründə isə bu ölkədən baş götürüb gedən və geri qayıtmayan vətəndaşların sayı 28 min 500 nəfər olmuşdur. Bütün bunlar Ermənistanda sosial-iqtisadi böhranın ildən-ilə dərinləşdiyindən xəbər verir. Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən hazırda regional təcrid vəziyyətinə düşən Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Xüsusən də sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verir. Bu fonda qabarıq müşahidə edilən odur ki, iqtisadiyyatı ildən-ilə tənəzzülə uğrayan Ermənistanda inflyasiya sürətlə dərinləşməkdədir. Məsələn, bu ölkədə konkret ərzaq məhsullarının qiyməti son bir ildə 9,9 faiz, qeyri-ərzaq məhsullarının qiyməti isə 4,3 faiz bahalaşmışdır. Həmçinin əhaliyə göstərilən xidmətlərin qiymətlərində də bahalaşma qeydə alınmışdır. Vəziyyətdən çıxış yolunu isə, qeyd etdiyimiz kimi, ermənilər müxtəlif xarici ölkələrə qaçmaqda görürlər.
Erməni ekspertlərinin sözlərinə görə, ölkədə sosial problemlərin artması fonunda idxal mallarının bahalaşması əhalinin durumunu daha da ağırlaşdıracaqdır. Ermənistanda iqtisadi vəziyyətin gərginləşdiyini göstərən başqa bir amil isə ticarət sektorundakı mövcud vəziyyətdir. Belə ki, təkcə ötən il Ermənistanda ticarət sahəsində 2,3 mindən artıq iş yeri bağlanmışdır. Hazırda ticarətdə 36 min nəfər çalışır. Halbuki 2012-ci ildə bu göstərici 38,3 min nəfərdən çox idi. Bütün bunlar, təbii ki, sözügedən ölkədə sosial narazılığın güclənməsinə səbəb olur. Bundan istifadə etməyə çalışan dörd müxalifət partiyası ölkəni əhatə edəcək mitinqlərə hazırlaşır.
Mübariz Əhmədoğlu: "Ermənistanda əhalinin etirazı artıq silahlı üsyan formasına keçid mərhələsindədir"
Politoloq Mübariz Əhmədoğlu "SƏS"ə verdiyi açıqlamasında bildirir ki, əslində, bütün bunlar göstərir ki, Ermənistanda əhalinin etirazı artıq silahlı üsyan formasına keçid mərhələsindədir. O, hesab edir ki, Ermənistanda yaxın aylarda çox ciddi proseslərin baş verəcəyi gözlənilir. Çünki bu ölkədə hakimiyyətin əhalinin sosial-iqtisadi vəziyyətini düzəltməyə nə maddi vəsaiti var, nə də iradəsi: "Ermənistanda yoxsulluq səviyyəsində yaşayan əhalinin həcmi 48 faizdən bir qədər artıqdır və bu göstəricinin getdikcə artacağı da gözəniləndir. Maraqlıdır ki, BVF-nin qiymətləndirmələrinə görə, xaricdən Ermənistana edilən yardımları vətəndaşların büdcəsindən çıxarsaq, o zaman gerçək yoxsulluq həddinin 50 faizdən az olmayacağını görərik. Hesablamalara əsasən, Ermənistanın indiki daxili və xarici borclarının tam ödənməsi üçün Sarkisyan iqtidarı köklü islahatlar apararaq məmur özbaşınalığı, korrupsiya, haqsız rəqabət, kiçik və orta sahibkarlığa qarşı aparılan total terrora son qoymayacağı təqdirdə, durumun yaxşılaşdırılması üçün ən azı 16 il vaxt sərf edilməlidir. Erməni analitiklərin fikrincə, vəziyyətin bu halında hazırda ölkədə hər hansı iqtisadi inkişafdan belə söhbət gedə bilməz və bütün bunların məntiqi nəticəsidir ki, ölkədə yerli istehsal və ixracat demək olar ki, yox səviyyəsindədir. Hakimiyyətin kiçik və orta biznesin inkişaf etdirilməsi ilə bağlı bəyanatları isə sadəcə deklarativ xarakter daşıyır".
Beləliklə, deyilənlər bir daha onu sübut edir ki, bu yolla az bir zamanda Ermənistan adında heç nə qalmayacaq.
A.SƏMƏDOVA