Tarixin bu günü bütün dünyada Beynəlxalq Olimpiya Günü kimi qeyd edilir. Həmin gün baron Pyer de Kuberten tərəfindən əsası qoyulmuş Olimpiya hərəkatının işıqlı ideallarına həsr olunub. Qeyd edək ki, 1947-ci ildə Beynəlxalq Olimpiya Günü Stokholmda keçirilən 41-ci sessiyasında təşkilatın Çexoslovakiyadan olan üzvü doktor Qruss Dünya Olimpiya Günü bayramını keçirmək təklifi ilə çıxış edərək, hər il belə bir günün qeyd olunmasının olimpiya ideallarının təbliğində mühüm rol oynayacağını əsaslandırıb. Onun təklif etdiyi layihə bəyənilib və BOK-un 1948-ci ilin yanvarında Sankt Moritsdə keçirilmiş 42-ci sessiyasında Olimpiya Gününün keçirilməsi haqqında qərar qəbul olunub. Beləliklə, Birinci Olimpiya Günü 1948-ci il iyunun 23-də dünyanın 9 ölkəsində - Portuqaliya, Yunanıstan, Avstriya, Kanada, İsveçrə, Böyük Britaniya, Uruqvay, Venesuela və Belçikada qeyd olunub. Həmin gün BOK-nin prezidenti Ziqfrid Edstrom dünyanın bütün gənclərinə müraciətlə çıxış edib. Sonralar BOK prezidentinin Olimpiya Günü ərəfəsində bayram iştirakçılarına müraciət etməsi ənənə şəklini almışdır. Olimpiya Gününü daha təntənəli şəkildə və bütün Milli Olimpiya komitələrinin iştirakı ilə qeyd etmək məqsədi ilə 1987-ci ildə Olimpiya Qaçış Günü keçirilmişdir. Azərbaycanda isə Beynəlxalq OQG-ü ilk dəfə 1996-cı ildə keçirilmişdir.
OLİMPİYA MÜHARİBƏ İDEYASI İLƏ HEÇ VƏDƏ BİR YERƏ SIĞMIR
Olimpiya oyunları dedikdə yalnız idman yarışlarını, idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır. Olimpiya oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması prosesinin reallaşdırılması, onun müqəddəs ideyalara xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla daim yanaşı durmuş, olimpiya müharibə ideyası ilə heç vədə bir yerə sığmamışdı.
Olimpiya oyunlarında fiziki bacarıq mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya antik dövrdən başlayaraq uzun, enişli-yoxuşlu yol keçmiş, zəmanəmizə gəlib çatmış və bu yolda müxtəlif maneələrlə rastlaşsa da, öz əzəli mahiyyətini qoruyub saxlamışdır. Olimpiya oyunları ümumbəşəri nüfuz sahibi olmaqla, dünya xalqlarının dərin məhəbbətini də qazanmışdır.
AZƏRBAYCANDA OLİMPİYA HƏRƏKATININ İNKİŞAFI
Azərbaycan müstəqil dövlət kimi 1992-ci ildən BOK-un üzvüdür, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinə Cənab İlham Əliyev başçılıq edir. Milli Olimpiya Komitəsinin 1998-ci ildən başlayaraq idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən müasir idman qurğularının yaradılması istiqamətində apardığı layihələrin artıq ilk nümunələri tamamlanaraq idman ictimaiyyətinə təqdim edildi. Bakıda ilk Olimpiya Kompleksi və Milli Olimpiya Komitəsinin yeni inzibatı binası istifadəyə verildi. Yeni idman qurğularının tikintisi nəinki paytaxtda, eləcə də ölkəmizin bütün regionlarında geniş vüsət aldı. Bu layihələr ölkədə idmanın kütləviliyinin artırılması, regional səviyyəli yarışların keçirilməsində paytaxtdan kənarda məşğul olan gənc idmançıların müasir idman qurğularından istifadədən zövq alması üçün gözəl imkanlar yaradır.
Yeni idman qurğuları, həmçinin, ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkili üçün də lazımı şəraiti təmin edir. Odur ki, 1999-cu ildən başlayaraq beynəlxalq idman tədbirlərini ölkəmizdə təşkil etmək bir ənənə halını almışdır. Ötən dövr ərzində Azərbaycanda təşkil edilmiş beynəlxalq səviyyəli yarışların sayı artıq yüzlərlə ölçülür və ilbəil artır. Buna ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsi, sosial inkişafı, sabitlik ciddi zəmin yaradıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strategiyaya uyğun olaraq idman ölkədə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. İdman və bədən tərbiyəsi hər bir ölkənin beynəlxalq aləmdə tanınması, nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biri olduğundan Azərbaycan dövləti idmanın, xüsusilə də Olimpiya hərəkatının inkişafına xüsusi diqqət yetirir. Ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb. Təbii ki, bunun üçün Azərbaycanda lazımi maddi-texniki baza da yaradılıb. Ölkəmizdə xüsusilə son 11 ildə tikilən Olimpiya idman kompleksləri, məhz idmanın inkişafına xidmət edən amillərdir. Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlər, dünya və Avropa çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında da mövqeyinin xeyli güclənməsinə səbəb olub və Azərbaycanı dünyaya əsl idman ölkəsi kimi tanıdıb. 2004-cü ildə Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi xidmətlərinə görə təşkilatın ən yüksək mükafatınını - "Olimpiya Ordeni"ni təqdim etməsi təbii ki, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etməsinin beynəlxalq təşkilatlar tərəfindən tanınması, eləcə də ölkəmizin Olimpiya hərəkatına verdiyi töhfələrə ayrılan diqqət idi.
2005-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə "Bədən tərbiyəsi və idman günü" olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasında yüksək əhval-ruhiyyəyə səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyaraq, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşmüş, sağlam həyat tərzini və idmanın inkişaf tələblərini təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq İdman Fondunu yaratmış və beləliklə, böyük uğurların təməli qoyulmuşdu.
Azərbaycan Olimpiya Oyunlarında müstəqil dövlət kimi çıxış etmək imkanı əldə edəndən sonra Atlanta Olimpiadasından (1996) bir Olimpiya medalı ilə (Namiq Abdullayev, sərbəst güləş, gümüş medal) başlayan uğurumuz sonralar XXX Yay Olimpiya Oyunlarında (London, 2012) on medala çatdı. 53 idmançı ilə 15 idman növündə mübarizəyə qoşulmuş Olimpiya milli komandamız iki qızıl, iki gümüş və altı bürünc medalla London oyunlarında ümumi hesabda 30-cu yerdə qərarlaşdı.
"BU OYUNLAR DÖVLƏTİMİZİN GÜCÜNÜ, XALQIMIZIN İSTEDADINI VƏ İDMANÇILARIMIZIN PEŞƏKARLIĞINI GÖSTƏRƏCƏK"
Təbii ki, ölkəmizdə dövlət səviyyəsində idmana və Olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğının nümunəsinin nəticəsidir ki, birinci Avropa Oyunlarının keçirilməsi Bakıya həvalə olunub. Son dərəcə maraqlı, qədim tarixi və zəngin mədəni dəyərləri olan Azərbaycanın Avropanın həyatında baş verəcək ilk belə hadisəyə ev sahibliyi etməsi təbii ki, həm də ölkəmizin idman sahəsində son illərdə qazandığı uğurlardan qaynaqlanır. Beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasında oldu.
Olimpiya Oyunlarından daha böyük olan Avropa Oyunlarına hazırlıq üçün Azərbaycana iki il yarım vaxt verilsə də, Azərbaycan ciddi-cəhdlə işləri sürətləndirdi. Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin sözlərinə görə, Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə yeddi il müddət verilsə də, "Bakı-2015" yarışması Azərbaycana üçün cəmi 30 ay vaxt verildi. Bu gün paytaxtımızda Avropa Oyunları keçirilir.
Ölkəmizin həyatında tarixi hadisə olan ilk Avropa Oyunları Azərbaycanın beynəlxalq idman aləminin aparıcı dövlətlərindən biri olduğunu bir daha göstərir. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirir. Azərbaycanın Birinci Xanımı Mehriban Əliyevanın birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə rəhbərlik etməsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirdi. Qısa müddətdə müasir yeni idman obyektləri inşa olundu, mövcudları əsaslı şəkildə yenidən qurularaq birinci Avropa Oyunlarına hazırlıq vəziyyətinə gətirildi. Bu, oyunları ən yüksək səviyyədə keçirmək üçün idi. Azərbaycanın Prezidenti İlham Əliyevin Atletlər Kəndində birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşündə dediyi kimi, biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirik və bu, ən yüksək standartlardır:"Biz Avropa standartları haqqında adətən tez-tez eşidirik. Əlbəttə ki, bu, yüksək standartlardır. Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik. Bu oyunlar dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın peşəkarlığını göstərəcək".
Bu gün paytaxtımızda Azərbaycan da daxil olmaqla, Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparır. Əlbəttə ki, Avropa Oyunlarına start verildiyi vaxtdan müxtəlif idman yarışlarında Azərbaycan idmançılarının yüksək nəticələr əldə etmələri ölkəmizdə idman hərəkatını yeni dövrünü yaşamaını büruzə verir.
Nəzakət ƏLƏDDİNQIZI