PDF Oxu

Siyasət

  • 9

Yalan həqiqət və ədalət qarşısında hər zaman məhv olub

Yalan həqiqət və ədalət qarşısında hər zaman məhv olub

Artıq I Avropa Oyunları sona yetmək üzrədir, idmançılar öz ölkələrinə medallarını qazanırlar, bunlar isə hələ də öz zəhlətökən havalarını çalmaqda israrlıdırlar

Göründüyü və əvvəlcədən də ehtimal edildiyi kimi, I Avropa Oyunları ərəfəsində, daha dəqiqi, oyunlar dövründə də sapı özümüzdən olan baltalarla yanaşı, onlara təlimatlar verən bir sıra qərəzli Qərb dairələri Azərbaycana qarşı öz hücumlarını səngitmədilər. Gah hər hansı bir təşkilat adından, gah hər hansı bir media qurumları adından, gah da hər hansı bir ölkənin parlamenti, bundestaqı, senatı adından səs-küy salanlar hələ də yaxalarını cırmaqda davam edirlər. Ümumiyyətlə, hər zaman Azərbaycanda nəzərdə tutulan belə tədbirlər ərəfəsində müəyyən dairələr təzyiqetmə kampaniyasına yeni bir dinamika verirlər. Ona görə də yuxarıda qeyd edildiyi kimi, son vaxtlar bu proses xüsusilə geniş xarakter alıb. Belə ki, gah insan haqları, gah söz və mətbuat azadlığı ətrafında pozuntuların olduğunu bar-bar bağıran Qərb dairələri bu da azmış kimi, guya Avropa Oyunlarına külli miqdarda vəsaitin xərclənməsi ilə bağlı hələ də gülünc mülahizələrini yürütməyə çalışırlar.

Baxın, artıq I Avropa Oyunları sona yetmək üzrədir, idmançılar öz ölkələrinə qızıl və gümüş, bürünc medallarını qazanırlar, bunlar isə hələ də öz zəhlətökən havalarını çalırlar. Halbuki bu fikirlərin də heç bir əsası yoxdur və burada məqsəd yalan məlumatlar yaymaqla cəmiyyətdə ziddiyyət yaratmaqdır.

Bu gün Azərbaycanı birinci Avropa Oyunlarına daha çox vəsait xərcləməkdə ittiham edənlər, həmin pulların korrupsiya hallarına yol açdığını iddia edənlər ilk növbədə özlərinin müxtəlif adlar altında keçirdikləri əməliyyatlardan əldə etdikləri külli miqdarda vəsaitin hesabatını versinlər.

Qərbdə leqalizasiyalaşmış korrupsiya, yaxud Qərbin bir parçası olan və demokratiyanın "beşiyi" statusuna ABŞ-la bərabər şərik çıxan "qoca" Avropada korrupsiya sahəsində vəziyyət daha da acınacaqlıdır

Məsələn, təkcə, Birləşmiş Ştatların nümunəsində bunu görmək mümkündür. Bu, bir həqiqətdir ki, 2012-2014-cü il seçkiləri ABŞ tarixində ən bahalı seçkilər hesab olunur. Bunu ekspertlər də bildirirlər. Belə ki, ekspertərin də qeyd etdikləri kimi, həmin seçkilər əsasən korporativ vəsaitlər hesabına reallaşdırılmışdı. Sual yaranır. Niyə Amerika şirkətləri mühüm siyasi kampaniyalara belə böyük pullar xərcləməkdə maraqlıdır? Bu sualın cavabı çox bəsitdir. Əvəzi olaraq bəzən 10 dəfə çox qazanc əldə edirlər. Bəs nə cür? ABŞ-ın nüfuzlu Sunlight Foundation fondunun hazırladığı hesabat bu suala tutarlı cavab verir. Hesabatda qeyd olunur ki, siyasi kampaniyaya qoyulan hər dollara görə, korporasiyalar hökumətdən biznesin inkişafına federal dəstək adı altında 760 dollar vəsait alırlar. Tədqiqatda o da vurğulanır ki, 2007-2012-ci illərdə 200 ən böyük korporasiya-sponsor siyasətçilər üçün lobbi fəaliyyətinə və onların seçkiqabağı kampaniyalarına 5,8 milyard dollar vəsait xərcləsələr də, əvəzində federal hökumətdən 4,4 trilyon dollar vəsait alıblar. Müqayisə üçün qeyd edək ki, federal hökumət həmin müddətdə sosial ödənişlər hesabına yaşayan 50 milyon insana cəmisi 4,3 milyard dollar pul vəsaiti odəyib. Hesabatda başqa bir vacib məsələyə də diqqət cəlb olunur və qeyd edilir ki, həmin 200 kampaniyanın 2008, 2010 və 2012-ci illər 2 prezident və 1 parlament seçkiləri dövründə əldə etdikləri 4,4 trilyon dollar, əslində il ərzində bütün əhalinin ödədiyi vergilərin 2/3-nə bərabərdir. Hesabatda xatırladılır ki, vergilərin həcmi 6,5 trilyon dolar təşkil edir. Yaxud hesabatda qeyd olunur ki, Lockheed Martin silah korporasiyası son prezident seçkilərinə 8,4 milyard dollar, lobbiçilik fəaliyyətinə isə 84,1 milyard dollar xərcləsə də, əvəzi olaraq isə hökumətdən biznesə yardım adı altında 332 milyard dollar vəsait almaqla bu "siyasi oyun"da hökumətin ən yaxın və ən böyük tərəfdaşına çevrilib. Bundan savayı, əczaçılıq kompaniyası olan McKesson və maliyyə idarəetməsi üzrə firma Carlyle Group da hökumətin leqal korrupsiya siyasətinin mühüm həlqələrindən biri kimi özünü təsdiqləyib.

Tezsilinən ləkələr

Politoloq Elman Nəsirovun da bu ətrafda verdiyi mülahizələri ilginc və maraqlıdır. Belə ki, onun bildirdiyinə görə, ABŞ-la bağlı digər böyük və leqal korrupsiya faktı mövcuddur. Məsələn, 2008-ci ildə yaradılmış ABŞ hökuməti nəzdində Əfqanıstanın Bərpası üzrə Xüsusi Müfəttiş Xidmətinin (XMX) 2013-cü ilin 30 sentyabr tarixində yaydığı hesabatda təkzibedilməz faktlar və arqumentlər əsasında sübüt edilir ki, ABŞ-ın Əfqanıstanın iqtisadi bərpası ilə bağlı son 12 ildə ayırdığı fantastik həddə olan 96,6 milyard dollar vəsaitin böyük bir hissəsi ünvanına çatmayıb. Xərclənən vəsaitin nəticəsinin olmamasını da Əfqanıstanda bir acı həqiqət olaraq etiraf edirlər: "Qərbin bir parçası olan və demokratiyanın "beşiyi" statusuna ABŞ-la bərabər şərik çıxan "qoca" Avropada korrupsiya sahəsində vəziyyət daha acınacaqlıdır: "Avropa İttifaqının antikorrupsiya agentliyi olan OLAF təşkilatının illik hesabatında qeyd olunur ki, iqtisadi birliyin 28 dövlətinin korrupsiya səbəbindən maliyyə itkiləri hər il orta hesabla 323 milyard avro təşkil edir. Avropa Komissiyası strukturunda Ədliyyə Baş Direktoratının rəhbəri Fransuaza Le Bay Avropa Parlamentində çıxışı zamanı bildirib ki, Avropa İttifaqı ölkələrində korrupsiyanın real vəziyyətini qiymətləndirmək çox çətindir. Çünki cinayətkar sxemin izi milli hökumətlərin kompetensiyası başladığı yerdə müəmmalı şəkildə itir. Göründüyü kimi, "qoca qitə"nin nüfuzlu antikorrupsiya qurumları və onların rəhbərləri Avropada korrupsiyanın acınacaqlı vəziyyəti ilə bağlı faktiki olaraq həyacan təbili çalırlar. Bu, reallıqdır".

Lakin göründüyü kimi, Azərbaycana qarşı qarayaxma kampaniyası keçirən müxtəlif qüvvələrin arzularına çatmaq imkanları sıfıra bərabərdir. Çünki ölkəmiz sürətlə inkişaf edir, siyasi və iqtisadi sabitlik hökm sürür. Multikulturalizm həyat tərzinə çevrilib. Ən başlıcası, xalq-hakimiyyət vəhdəti mövcuddur. Bu, təkzibedilməz reallıqdır. Digər reallıq isə ondan ibarətdir ki, öz çirkin siyasətləri ilə demokratiya və insan haqları kimi bəşəriyyətin uzun mübarizə nəticəsində əldə etdiyi tarixi dəyərləri cılız korporativ maraqlar naminə ucuzlaşdıran həmin qüvvələr tarixdə bütöv, tam yox, bir epizod, bir fraqment, bir ləkə kimi qalacaqlar. Belə ləkələr isə tez silinəndirlər. Çünki tərkibi və gücü belə həmin ləkələrin hər hansı bir yerdə uzunmüddəttli qala biləcəyinə şərait yaratmır. Bir sözlə, yalan həqiqət və ədalət qarşısında hər zaman məhv olub.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər