"Ümumiyyətlə Azərbaycanda radikal mövqedə dayanan müxalifətin barmaqla sayılası bir neçə mətbuat orqanı var. Bunlar nəinki I Avropa Oyunları zamanı, hətta bütün ilboyu mütəmadi olaraq Azərbaycan əleyhinə təbliğat aparıblar". Bunu SİA-ya millət vəkili Elman Məmmədov Meydan TV-nin I Avropa Oyunlarını gözdən salmağa yönəlik təxribatçı əməllərinə münasibət bildirərkən deyib.Millət vəkilinin sözlərinə görə, müxalifət mətbuatının heç birinin Azərbaycanda kimlərdənsə pul almaq imkanı yoxdur: "Onların bütün maliyyəsi xaricdən gəlir. Hansı yollarla gəlməsini isə müvafiq orqanlar araşdıracaqlar. Əgər biz bu maliyyələrin kökünü axtarsaq, xaricdə erməni cəmiyyətinə, lobbisinə, diasporasına və s. gedib çıxacaq. Yəni onlar həmişə Azərbaycan dövlətçiliyinə qarşı düşmən mövqedə dayanmış insanlardır. Hazırda da bu siyasətlərini davam etdirirlər. Müxalifət mətbuatı yazıb ki, guya avstriyalı idmançı qəza nəticəsində həlak olub. Bilirsiniz, bu həyatdır... Həyatda heç kim heç nədən sığortalanmayıb. Burada hər şey ola bilər. Ümumiyyətlə sözügedən qəza düşünülmüş deyildi. Qəza ilə bağlı artıq günahkarlar öz cəzasını alıblar. Bu qəzanı reklam etməklə Azərbaycanın imicinə axı necə ziyan vurmaq olar? Bu təbii bir işdir".E.Məmmədov əlavə edib ki, bu təxribatlar ölkəmizin yüksək səviyyədə keçirdiyi I Avropa Oyunlarının, ümumilikdə isə Azərbaycanın imicinə, nüfuzuna heç bir xələl gətirə bilməz: "Azərbaycan özünün bütün hərəkətləri, göstəriciləri, siyasəti ilə sübut edib ki, ölkəmiz ən inkişaf etmiş Avropa dövlətlərindən biridir. Ölkəmizin daxili və xarici siyasəti çox düzgün qurulub".
sia.az