PDF Oxu

Siyasət

  • 10

Rüstəm İbrahimbəyovun antimilli ambisiyası

Rüstəm İbrahimbəyovun antimilli ambisiyası

Erməni sevgisini gizlədə bilməyən Cəmil Həsənli də bu şəxslə bir olduğunu nümayiş etdirib

Bu günlərdə "Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyov "The New Times"a müsahibəsində "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq" fikri, doğrusu, heç də təəccüb doğurmur. Çünki bu, Rüstəm İbrahimbəyovun dəyişməz simasını ifadə edən obyektiv fikirdir. Yenə də erməni sevgisi, erməni xislətinə uyğun yanaşma və insanları təslimçi sülhə çağırış. Bir də, neyləsin ki, son illər kino sahəsində durğunluq illərini yaşayan, bu sahədə heç bir uğura imza ata bilməyən kinorejissor o qədər də anlayışı olmayan siyasi proseslərə qoşulub ki... Nəticədə fikirləşib ki, elə yaxşısı günaşırı açıqlamalar versin. Və mənasız və heç bir siyasi yükü olmayan açıqlamalar səsləndirən kinorejissor gah Rusiya, gah da Avropaya üz tutaraq özünə siyasi dəstək qazanmağa çalışır. Əslində isə burada qəribə bir şey yoxdur. Çünki Rüstəm İbrahimbəyovun erməni sevgisi, ermənilərlə işbirliyi hələ ötən əsrin 80-90-cı illərində hamıya bəlli idi. Hətta bu ərəfədə kinorejissor ermənilərin Bakını tərk etməmələrindən təəssüfünü də gizlətməmişdi. O zaman Rüstəm İbrahimbəyov utanmadan ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia etmişdi. Araşdırmalardan məlum olur ki, Rüstəm İbrahimbəyovun Dağlıq Qarabağdan olan və Daşnaksütyun Partiyasına bağlılığı ilə tanınan rejissor Roman Balayanla da sıx əlaqələri olub. Hətta İbrahimbəyov Roman Balayanla birlikdə film çəkməkdən də imtina etməyib. Sonradan isə kinorejissor əli minlərlə azərbaycanlının qanına batmış Ermənistan Daşnaksütyun Partiyasının rəsmisini həmkar adı ilə Bakıya dəvət edib.

Rüstəm İbrahimbəyov ermənini bizə düşmən hesab etmir. Bu azmış kimi, kinorejissor digər açıqlamasında Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu şübhə altına alır, torpaqlarımızın hərbi yolla işğaldan azad edilməyini cinayət adlandırır: "Mən əminəm ki, erməni xalqı bizə düşmən deyil. Onlar da azərbaycanlılar kimi, baş verənlərin qurbanıdır. Hər iki tərəf - həm Azərbaycandakı, həm də Ermənistandakı əhali köçmək məcburiyyətində qalıb. İnsanları orduya çağırırlar və onlar öz Vətən borclarını yerinə yetirməlidirlər. Mən onları bu borcu yerinə yetirməyə çağırmıram. Daha vacib olanı kitabları yandırmamaq və iki millətin bir-birini əbədi olaraq düşmən kimi görməməsidir".

Əsrlər boyu Azərbaycan xalqına düşmən olan, soyqırımı aktları, faciələr törədən, bələkdəki körpələri süngüyə keçirən erməni quldurları deyilmi?! Məgər R.İbrahimbəyov tarixi bu qədərmi saxtalaşdıra bilərmi? O, çox gözəl bilir ki, bu millətin başına gətirilən bütün oyunlar, qətliamlar, etnik təmizləmə əməliyyatları, torpaqlarımızın işğalı məhz erməni daşnaklarının cinayətidir.

Və yaxud da digər fikirlərinə diqqət yetirək: "Azərbaycan və Ermənistan vaxtilə bir dövlət olublar. Nə qədər ki, biz bir dövlətdə yaşayırdıq, heç bir torpaq iddiaları yox idi. Bunlar yalnız arzu xarakteri daşıyırdı, nəinki hərbi əməliyyat məqsədi. Onlar Qarabağı özlərininki, biz də öz torpağımız sayırıq. Məncə, bu, müzakirə mövzusudur. Bu, danışıqlar və elmi araşdırmalar mövzusudur".

Bu fikirləri ilə R.İbrahimbəyov tarixi saxtalaşdıran Ermənistanın Qarabağı öz torpağı sayması ilə bağlı iddialarına haqq qazandırmırmı? Görəsən, doğrudanmı, ermənilərin torpaq iddiaları olmayıb və ya bunun müzakirəsinə ehtiyac varmı?

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq konfranslarda, keçirdiyi bütün görüşlərdə birmənalı olaraq deyir: "Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, ola da bilməz. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları, Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapmalıdır. Azərbaycan məsələnin ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmasını məqbul hesab edir. Beynəlxalq təşkilatların qərar və qətnamələri qeyd-şərtsiz icra edilməlidir". Məhz bu qətiyyətli addımlardan sonra dünya birliyi Azərbaycan həqiqətlərini qəbul edərək ölkəmizin ərazi bütövlüyünü tanıdığı halda, R.İbrahimbəyov utanmadan bunun müzakirə mövzusu olduğunu dilə gətirir.

Cəmil Həsənli İbrahimbəyov cütlüyünün dəyişməz erməni sevgisi

"Milli Şura"nın sədri Cəmil Həsənli Rüstəm İbrahimbəyovun "biz ermənilərlə düşmən deyilik və mütləq barışacağıq" fikirlərinə qarşı çıxanları "qarğa-quzğun dəstəsi" adlandıraraq, kinorejossorun fikirlərinə haqq qazandırıb. Doğrudur, tarixçi Cəmil Həsənli İbrahimbəyovun mövqeyini müdafiə etmək məqsədilə tarixi xranalogiyanı ardıcıllıqla yazıb. Lakin əgər söhbət tarixdən gedirsə, bu torpaqlar Rusiya imperiyasına birləşdirilmədən əvvəl kimin olub? Krım tarixən hansı dövlətin tərkibində olub? Məsələ ondadır ki, Cəmil Həsənli İbrahimbəyovun dediklərinə haqq qazandırmaqla bir daha "Milli Şura"nın rus proşesi olmasını deyənlərin sözlərinə də qüvvət verir.

Beləliklə, göstərilən bu faktlar bir daha onu isbatlayır ki, Rüstəm İbrahimbəyovla yanaşı, Cəmil Həsənli də milli dəyərlərə hörmət etməyən anti-milli ünsürdür, manqurtdurlar.

R.HÜSEYNOVA

Digər xəbərlər