PDF Oxu

Siyasət

  • 10

Ermənistanda xaos

Ermənistanda xaos
"Demokratiya və insan hüquqları keşikçiləri"nin gerçək siması və ikili standartları

Son günlər Ermənistanın paytaxtı Yerevanda keçirilən aksiyalar artıq üsyana çevrilib. İqtisadi vəziyyət, həyat şəraiti, yoxsulluğun səviyyəsinin yüksəlməsi, inflyasiyanın sürətlənməsi Ermənistanda sosial qiyamın baş verməsini əsaslandırır.

"SƏS" qəzeti "Armenia Today"a istinadən elektrik enerjisinin tariflərinin artımına etiraz olaraq Yerevanda keçirilən aksiyalara qoşulmuş Gümrü şəhərində kütləvi həbslər başlayıb. Həbslərə iyunun 23-də səhər Gümrünün Teatr Meydanında başlanılıb. Verilən məlumata görə etiraz aksiyası dəhşətli şəkildə dağıdılıb. Mitinqçilərə hücum edən mülki geyimli kişilər, polis əməkdaşları və xüsusi təyinatlılar insanları yerə yıxaraq paltarlarını soyundurur, onlara zərbələr endirir, ana söyüşləri ilə təhqir ediblər. Ermənistan prezidentinin adminstrasiyasının binası qarşısında etiraz edənlərə qarşı suvuranlardan istifadə edilib. Güclü su şırnağı qaçanların üzərinə nizamsız şəkildə yönəldilib. Mülki geyimli insanlar qaçanlara qarşı xüsusi amansızlıq ediblər. Hadisə zamanı onlarla jurnalist, sənət adamı və yazıçı həbs edilib. Bəzi müxbirlərin isə avadanlığı zorla əllərindən alınıb. Polis kameraların yaddaşını silmək üçün onların çiplərini sındırır. Etiraz aksiyasının dağıdılması nəticəsində 250-a yaxın insan həbs edilib, polis şöbələri dolub və saxlanılanların bir hissəsi Abovyan və Aştarakdakı polis şöbələrinə çatdırılıb. Saxlanılan jurnalistlər arasında "Qala" şirkəti, "Azadlıq" Radiosunun Ermənistan xidməti, "Aykakan jamanak" qəzeti, "NETQ" nəşri, news.am, panarmenian.net saytlarının əməkdaşları var. Polis əməkdaşları jurnalistlərə qarşı güc tətbiq edib, kameraları sındırıb, məlumat daşıyıcı vasitələri məhv ediblər.

Məlumatda deyilir ki, polis əməkdaşları saxlanılanlara qarşı təzyiq göstəriblər, bir çox vətəndaş xəsarət alıb, onlardan bəziləri xəstəxanalara yerləşdirilib. "Qala"nın əməkdaşı Paylak Faxradyan bildirib ki, Yerevanın polis rəisi Aşot Karapetyanın yanında dəfələrlə jurnalist olduğunu söyləsə də, ona qarşı güc tətbiq olunub və həbs edilib: "Polislərin gözü qarşısında məni döydülər, həbs etdilər. Bütün üzüm göyərib, burada dəhşətli şeylər baş verir. Polis zorakılıq halları ilə bağlı bütün video materialları məhv etmək niyyətində idi".

İnsan hüquqlarından danışan Qərb niyə susur?

Bu yerdə bir çox suallar ortaya çıxır: baş verənlərə Qərb necə reaksiya verəcək? Axı etiraz aksiyası zamanı çoxsaylı jurnalist saxlanılıb, polis şöbələrinə yüzlərlə insan aparılıb, çoxlu yaralı var. Xüsusilə son aylar Ermənistanın daxili siyasi həyatında yaşanan gərginlik artıq kütləvi xarakter almağa başlayıb və bunun Ermənistanda hakimiyyət çevrilişi ilə nəticələnəcəyi iddia olunur. Bu arada Sarkisyan hakimiyyəti də dinc dayanmır və ciddi-cəhdlə etiraz aksiyalarının qarşısını almağa, onun kütləvi xarakter almasını əngəlləməyə çalışır. Hakimiyyətin bu istiqamətdə əl atdığı variantlardan biri də xalq kütlələrini idarə edən, onları mitinq və yürüşlərə yönləndirən siyasilərin cəzalandırılmasıdır. Artıq bu proses başlayıb. Belə ki, iyunun 23-də son aylarda paytaxt Yerevanda keçirilən etiraz aksiyalarının aktiv üzvlərindən olan Aram Manukyan da və Erməni Milli Konqresinin parlament fraksiyalarının əməkdaşlarına qarşı amansızlığını hakimiyyətin sifarişilə bu hala salındığını deyərək, baş verənləri terror hərəkəti kimi qiymətləndirir.

Lakin özlərinə lazım olduqda insan hüquq və azadlıqlarından dəm vuran qərbdəkilər Ermənistanda insanlarin vəhşicəsinə döyülmələrinə hələ də heç bir reaksiya verməyiblər. Halbuki Azərbaycanda törətdiyi bəlli cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilən Leyla Yunus dərhal Qərbin ermənipərəsət dairələri tərəfindən müdafiə edildi, siyasi məhbus sayıldı və utanmadan həbsdən azad edilməsi tələb olundu. Bəs görəsən Qərbdəki insan hüquqlarından dəm vuran dairələr, ayrı-ayrı təşkilat və qurumlar az qala hər gün və ya hər həftə Azərbaycanla bağlı bəyanat verən və adi bir kiçik faktı böyüdərək ölkəmiz əleyhinə siyasi kampaniyaya çevirən bu qurumlar (şəxslər) niyə Ermənistanda baş vermiş bu zorakılğa və hüquq pozuntusuna göz yumurlar? Sarkisyan rejiminə, görünür, hər şey olar. Görəsən, sözügedən qurumlar Ermənistanda baş verənləri görmürlərmi? Əlbəttə ki, görürlər. Əgər belədirsə, nəyə görə hər hansı ciddi bir reaksiya verilmir? Hələ də nə Avropa İttifaqı (Parlamenti), nə ABŞ və nə də beynəlxalq hüquq- müdafiə təşkilatları bu zorakılığa münasibət bildirməyiblər (pisləməyiblər). Səbəbi maraq doğurur. Bu gün Qərb ancaq Azərbaycanda kriminal elementləri "hüquq müdafiəçiləri" elan edərək onlarla məşğul olur. Sifarişli əcnəbi fotoqraf polisin bir insanı küçədən keçirdiyini görürsə, bu, çox güman ki, "mitinqin dağıdılması" kimi təqdim olunur. Səbəbi də bəllidir - Qərbin Qafqazda yalnız bir məqsədi var - Azərbaycana qara yaxmaq. Onları Ermənistanın zəifliyi və asılılığı deyil, Azərbaycanın müstəqilliyi və gücü narahat edir.

A.SƏMƏDOVA