Ölkəmizdə olan Dünya İdman Jurnalistləri Assosiasiyasının bir qrup üzvü "SƏS" Media Qrupunda olublar
Məlum olduğu kimi, Bakıda böyük uğurla keçirilən ilk Avropa Oyunlarını işıqlandırmaq üçün ölkəmizdə olan Dünya İdman Jurnalistləri Assosiasiyasının (DİJA) bir qrup üzvü "SƏS" Media Qrupunda olublar. Görüş çərçivəsində "SƏS" Media Qrupunun rəhbəri, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev öz səmimi salamlarını qonaqlara çatdırıb və onları Media Qrupun ofisində göməkdən məmnun olduğunu bidirib. Bəhruz Quliyev həmçinin xarici jurnalistlərə qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib. Daha sonra maraqlı fikir mübadiləsi aparılıb. Xarici qonaqlar Azərbaycanın paytaxtı Bakı haqqında öz təəssüratlarını bölüşüb, Bakının çox füsünkar şəhər olmaqla yanaşı həm də qədim şəhər olduğunu, insanların qonaqpərvərliyinə heyran qaldıqlarını söyləyiblər. Xarici qonaqlar həmçinin səmimi qəbula və qonaqpərvərliyə görə "SƏS" Media Qrupunun rəhbərliyinə və jurnalistlərinə minnətdarlıqlarını ifadə ediblər. Görüşdən sonra xarici jurnalistlərin təəssüratlarını öyrəndik.
"Buradakı tarixi abidələrin oxşarına dünyanın heç bir yerində rast gəlmək mümkün deyil"
Avstriyalı jurnalist Martin Schauhuber:
-Azərbaycanda ilk dəfədir ki, səfərdəyəm. Buna baxmayaraq şəhəri öz doğma vətənim kimi sevdim. Buradakı tarixi abidələrin oxşarına dünyanın heç bir yerində rast gəlmək mümkün deyil. Yəqin ki, bu da Azərbaycanın təkrarsız bir məkan olduğunun göstəricisidir. Bakı həm istirahət etmək, həm də tədqiqat üçün olduqca gözəl məkandır. Artıq I Avropa Oyunlarının bitməsinə sayılı günlər qalıb. Biz bundan bir qədər kədərlənirik. Çünki buradan, insanlarınızdan ayrılmaq bir qədər çətin olacaq. Şəhəriniz kimi insanlarınız da o qədər istiqanlı, o qədər mülayimdir ki, buraya yenidən dönmək arzusunda olmamaq mümkün deyil.
"Bakının gündüzləri qədər gecələri də gözəldir"
Bolqarıstanlı Alexander Sotirov:
- Bakının gündüzləri qədər gecələri də gözəldir. I Avropa Oyunları ilə bağlı buraya gəldim və bundan olduqca məmnunam. Biz gündüzlər yarışlarda iştirak etdiyimiz üçün Bakı ilə gecə daha yaxından tanış oluruq. Əsasən paytaxtın Dənizkənarı Milli Parkında, Nizami küçəsində, İçərişəhərdə və Qız Qalasında vaxt keçirirməyə üstünlük veririk. Bu anları isə fotolara köçürməmək doğru sayılmazdı. Bakıda artıq özümə dostlar qazanmışam. Sizin bizə göstərdiyiniz diqqət və qayğıdan ölkəmdə də bəhs edəcəm. Hər kəs görsün ki, belə bir möhtəşəm oyunlara ev sahibliyi edən Azərbaycanın insanları da möhtəşəmdir.
"İlk Avropa Oyunları möhtəşəm şəkildə təşkil olunub"
İtaliyalı jurnalist Rikardo Romani:
- Ölkəmə qayıdanda Azərbaycan haqqında yaxşı məqalə yazmağı düşünürəm. Azərbaycan çox maraqlı və insanlarının gələcəyini düşünən ölkədir. Ölkənizdə olmaqdan çox məmnunam. Azərbaycanda olduğum üçün çox şadam. İlk Avropa Oyunları möhtəşəm şəkildə təşkil olunub. Həm idmançılar, həm də media nümayəndələri üçün yüksək şərait yaradılıb. Biz istədiyimiz yerlərdə tam təhlükəsiz şəraitdə gəzə bilir, rahat istirahət edirik. Dünyanın müxtəlif yerlərində müharibələrin höküm sürdüyü bir zamanda Azərbaycanın bu qədər uğurlara imza atmağı sevindiricidir.
"Paytaxtınız çox möhtəşəmdir"
Xorvatiyalı Karlo Tasler:
- Paytaxtınız çox möhtəşəmdir. Birinci dəfədir ki, Bakıda oluram. Şəhəriniz çox xoşuma gəldi, buranı gəzib valeh olmamaq mümkün deyil. Bura təsəvvür etdiyimdən daha müasir ölkədir. Azərbaycan turizm üçün də unikal məkandır. İnsanlarınız çox mehribandır. Sizin mətbəxiniz ləzizdir. Kababın və dolmanın dadına baxmağa imkan tapmışam. Azərbaycana və ilk Avropa Oyunlarına qarşı arzuolunmaz münasibəti başa düşmürəm. Fikrimcə oyunları tənqid etmək düzgün deyil. Azərbaycan möhtəşəm təşkilatçılığı ilə bir tarixə imza atdı. Bakıda yarışların keçirilməsi üçün çox yaxşı şərait yaradılıb. Xüsusilə nəqliyyat infrastrukturu mükəmməl qurulub. İstədiyimiz ünvana asanlıqla gedə bilirik. Tarixi yerlərinizi də ziyarət etmişəm. İçərişəhərə valeh olmamaq mümkün deyil.
"Azərbaycanda insanlar çox gülərüz və qonaqpərvərdirlər"
Macarıstanlı Petra Mihalyi:
- Azərbaycanda bir çox insanlarla tanış olmuşam. İlk Avropa Oyunlarının könüllüləri və mətbuat əməliyyatları şöbəsi ilə də yaxından əməkdaşlıq edirəm. Azərbaycanda insanlar çox gülərüz və qonaqpərvərdirlər. İlk dəfə keçirilən I Avropa Oyunları çox yüksək şəkildə təşkil olunub. Mən Soçi Oyunlarında da iştirak etmişəm. İlk Avropa Oyunları Soçi Olimpiadasından heç də geri qalmır. Çox istərdim ki, gələcəkdə Azərbaycana jurnalist kimi işləməyə yox, turist kimi gəlim və bura ilə daha yaxından tanış olum. I Avropa Oyunlarında sizin idmançılarla yanaşı Macarıstan idmançıları da medal qazanmağa can atır. İlk Avropa Oyunlarında Macarıstan hələ ki, 8 medal qazanıb. Düşünürəm ki, bu, Macarıstan üçün I Avropa Oyunlarında uğurlu nəticədir.
"Bakıda daha çox diqqətimi çəkən İçərişəhər Dövlət Qoruğu oldu"
İrlandiyalı Ryan Byrne:
- Bakıda daha çox diqqətimi çəkən İçərişəhər Dövlət Qoruğu oldu. Ora həm qədimliyi, həm də gözəlliyi ilə göz oxşayırdı. İlk Avropa Oyunlarında iştirak edən xarici jurnalistlər üçün Azərbaycanın turizm məkanları ilə tanışlıq xarakteri daşıyan müxtəlif turlar da təşkil olunub ki, bu da Bakını tanımağa imkan yaradır. İnasnlarınıza gəlincə siz olduqca qonaqpərvər xalqsınız. Mən əvvəllər də sizin qonaqpərvərliyiniz haqqında öz dostlarımdan çox eşitsəm də, indi bunun canlı şahidi oldum. Sizin adət-ənənələrdə də özünəməxsusluq var. Bu da diqqətimdən yayınmadı.
"Gözəl təəssüratlarla ölkənizdən ayrılacağam"
İsveçrəli Ugo Curty:
-Bakı şəhərinin gözəlliyinə, insanların qonaqpərvərliyinə, üzlərindəki təbəssümə heyran oldum. Bakı möhtəşəm şəhərdir. Buradakı insanlar gülərüz və mehribandırlar. Sakinlər hər sahədə qonaqlara kömək etməyə çalışırlar. I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi çox yaxşı haldır. Gözəl təəssüratlarla ölkənizdən ayrılacağam. Təbii ki, xoş xatirələr uzun illər yaddaşımdan silinməyəcək.
İntizarə Məmmədova