PDF Oxu

Siyasət

  • 10

"Freedom House" yenidən öz ampluasında...

"Freedom House" yenidən öz ampluasında...

Hər zaman olduğu kimi bu dəfə də qərəz və böhtan dolu hesabatı ilə qeyri-obyektivliyini ortaya qoyub

Məlum olduğu kimi, "Freedom House" yenidən qeyri-obyektivliyini ortaya qoymaqla qərəz və böhtan dolu hesabat yayıb. Hesabatda nə qədər qəribə olsa da, Ermənistanı demokratik, Azərbaycanı isə qeyri-demokratik ölkə kimi göstərib. Əlbəttə ki, elə ilk andan görünür ki, "Freedom House" konkret siyasi dairələrin sifarişlərini yerinə yetirib. Çünki hazırda Azərbaycanda sülh və tolerantlığı təbliğ edən I Avropa Oyunları yüksək tempdə davam edir, Ermənistanda isə bahalaşmaya etiraz edən minlərlə insan polislər tərəfindən döyülür, həbs edilir. Bu baxımdandır ki, "Freedom House"u maliyyələşdirən dairələr bir hesabatla bir neçə məqsədini reallaşdırmağa cəhd göstərir. Belə ki, "Freedom House"un hesabatı həm Ermənistandakı ağır vəziyyətdən diqqəti yayındırmaq, həm də Azərbaycanda keçirilən I Avropa Oyunlarına kölgə salmaq məqsədini daşıyır. Amma hər zaman olduğu kimi, bu dəfə də bu taktika effekt verməyəcək. Çünki həm beynəlxalq ictimaiyyət Cənubi Qafqaz regionundakı geosiyasi və geoiqtisadi vəziyyəti yaxşı bilir, həm də "Freedom House"un kimlərə və nə üçün xidmət etdiyini də görür. Elə Azərbaycan ictimaiyyəti də "Freedom House" təşkilatının erməni lobbisinin, bütövlükdə, anti-Azərbaycan şəbəkəsinin mənafeləri üçün işləyir. Bu baxımdan da, rəsmi Bakı hər zaman "Freedom House" təşkilatının hesabatlarını bir qayda olaraq qəbul etmir, deyilənləri "qərəzli" adlandırır.

Bu yanaşmanın çox sadə izahı var. Məsələ ondadır ki, bu qurumun idarə heyətində ermənilər təmsil olunur, onlar erməni lobbisinin maliyyəsi hesabına fəaliyyət göstərirlər. Onlar açıq və gizli şəkildə Azərbaycan dövlətçiliyi əleyhinə iş aparır və bu işə bir neçə yerli partiyanı və QHT-ni də cəlb edirlər. Məqsədləri isə ictimai-siyasi sabitliyi pozmaqdır.

Yeri gəlmişkən, "Freedom House"un azərbaycanlı girovlarla bağlı heç bir açıqlama verməməsi də bu təşkilatın qərəzli olduğundan xəbər verir. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov demişdir ki, maraqlıdır, bu qurum nəyə görə, bu günə kimi Azərbaycan girovları ilə bağlı hər hansı bir bəyanat yaymayıb? Kəlbəcərə gedərək öz doğma yurdlarını ziyarət edən insanların hüququ məgər pozulmayıb? Bununla bağlı niyə bir söz demirlər?: "Freedom house" təşkilatı həmişə böhtanlarla, qara yaxmaqla Azərbaycan haqqında dünya ictimaiyyətində mənfi imic formalaşdırmağa çalışır. Amma bu, heç vaxt baş tutmayıb. Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni var".

Deputat qeyd edib ki, "Freedom House" təşkilatı erməni lobbisi tərəfindən maliyyələşdirilir: "Ona görə də bu təşkilatın hər hansı bir ölkə haqqında verdiyi şərhlər artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. Çünki bu qeyri-obyektiv bir təşkilatdır. Ona görə də bu qeyri-hökumət təşkilatının belə bir bəyanat verməsinin heç bir əhəmiyyəti yoxdur".

Qeyd edək ki, "Freedom House" ABŞ Konqresindən, Dövlət Departamentindən, ayrı-ayrı dövlət qurumlarından maliyyələşən təşkilatdır. Ona görə də, əvvəllər heç zaman hesabatlarında ABŞ-ı tənqid etmirdilər. Bir söz dedikdə isə ABŞ-da demokratiyanın pik həddə olduğunu əsas gətirirdilər. Halbuki orada əqli çatışmazlığı olan bir insana ölüm hökmü verilir. Amma Azərbaycanda özünü idarə edə bilməyən insanlar heç həbs olunmur, müalicə mərkəzlərinə göndərilirlər.

Bir müddət öncə "Nyu-York Tayms"ın bir jurnalisti haqda məhkəmə prosesi gedib. Onu informasiya mənbəyini açıqlamağa vadar ediblər. Hətta Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının adını çəkərək jurnalistə basqı göstərir, informasiyanı ondan aldığını deməyə məcbur ediblər. Azərbaycanda isə belə hallar yaşanmır. Bu hesabatlar yalnız ölkəmizə təzyiq etməyə hesablanıb. Bununla yanaşı, Azərbaycan müxalifəti ölkə ilə bağlı istənilən məsələ haqqında öz fikrini deyə bilir, müəyyən aksiyalar təşkil edir. Bu aspektdə Ermənistan müxalifəti daha zəifdir. O başqa məsələdir ki, demokratik dövlətdə hər bir fəaliyyət qanun çərçivəsində olmalıdır. Qanunun aliliyi təmin edilməlidir. Demokratiya yalnız hüququn üstünlük təşkil etdiyi yerdə mövcud ola bilər.

Görünür, "Freedom House"u narahat edən əsas məsələ Azərbaycanın sürətlə inkişaf etməsidir. Dəfələrlə şahidi olmuşuq ki, Qərbdə müəyyən dairələr bu prosesə qısqanclıqla yanaşırlar. Hazırda dünyada böhran vüsət alıb, Azərbaycanda isə sabitlikdir, I Avropa Oyunları keçirilir. Ermənistan və Gürcüstanda sosial-iqtisadi vəziyyət getdikcə daha da pisləşir, Azərbaycanda isə uğurlar əldə olunur. Azərbaycan manatı regionun ən stabil milli pul vahidinə çevrilib.

Bu kimi nailiyyətləri olan bir ölkəni əsassız olaraq tənqid etmək heç bir məntiqə sığmır. Əksinə, Cənubi Qafqazda qeyri-müəyyənliyi yeni səviyyəyə qaldırır. Məsələn, təcavüzkar Ermənistan hesab edir ki, işğal etdiyi torpaqlardan çıxmaya bilər. Çünki Azərbaycandan daha azad ölkədir. Bu nəticə bir qədər qəribə görünə bilər, lakin təcrübə onun doğruluğunu təsdiq edir. Yerevan dəfələrlə bəyan edib ki, insanlar Azərbaycanda ona görə yaşamaq istəmirlər ki, orada azadlıq yoxdur, milli azlıqlar öz mədəniyyətlərini inkişaf etdirə bilmirlər. Deməli, faktiki olaraq "Freedom House" təcavüzkara dəstək verir. Bütövlükdə götürdükdə, bu təşkilat obyektiv mövqe tutmur. İnsan haqlarını bu üsulla qorumaq mümkün deyil.

Uzun illərdir ki, Yerevan müsəlmanlara qarşı qərəzli mövqedə dayanır. Azərbaycanlılar və kürdlər deportasiya olunublar. Mədəni abidələr dağıdılıb. Orada ermənilərə aid olmayan heç bir mədəniyyət nümunəsi saxlanılmır. Məgər bu, azadlıq əlamətidir? Təbii ki, belə deyil.

Erməni KİV-in özündə bu ölkədə insan haqlarının kobud surətdə pozulması tez-tez vurğulanır. Ekspertlər əhalinin müxtəlif üsullarla gərginlik altında saxlandığını ayrıca qeyd edirlər. Ermənistan müxalifətinin də bu əsasda qondarma bir qurum olduğu bildirilir. S.Sarkisyanın seçkidə məhz bu səbəbdən özünü qalib elan edə bildiyi vurğulanır. Məsələn, ölkənin varlı adamlarından olan və siyasətlə məşğul olan H.Tsarukyanın iqtidar tərəfindən ələ alındığı qeyd olunur. Onun yaxın qohumları Ermənistan hakimiyyətinin yüksək pilləsindədirlər.

Bu ölkədə korrupsiya baş alıb gedir. İqtisadiyyat inhisara alınıb. Digər məqamları da vurğulamaq olar. Lakin "Freedom House"un hesabatında bunlar deyil, başqa şeylər yer alıb. Guya Ermənistanda insanlar sərbəst toplaşıb fikirlərini bildirirlər, müxalifət üçün geniş fəaliyyət imkanları yaradılıb. Sən demə, Ermənistan bu məsələdə, hətta Rusiyadan da irəlidədir. Moskva, ümumiyyətlə, çox sərt tənqid olunur. Cəmi bir neçə il əvvəl isə Rusiya barədə başqa şeylər yazırdılar. Bundan başqa, Ermənistan Rusiyadan tam asılı vəziyyətdədir. Yerevan Kremlin əmri ilə oturub-durur. Bəs onda necə ola bilir ki, vassal öz sahibindən daha azad olsun?

Göründüyü kimi, "Freedom House" təşkilatının hesabatı bu dəfə də qərəz və böhtanla doludur. Bu da, əlbəttə ki, təşkilatın qeyri-obyektivliyini ortaya qoyur. Elə ona görədir ki, dünyada bu cür təşkilatların nüfuzu getdikcə aşağı düşür və artıq dünya ictimaiyyəti "Freedom House", "Human Rights Watch", "Amnesty İnternational" kimi təşkilatları ciddi qəbul etmir.

"Səs" Analitik Qrupu

Digər xəbərlər