"Azərbaycanı tənqid edənlər əvvəlcə öz ölkələrinə baxsınlar"
Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Azərbaycanda bağlı qətnamə qəbul olunub. Müxtəlif ölkələri təmsil edən deputatlar Azərbaycan hökumətinin ünvanına kəskin ittihamlar səsləndiriblər. Olsun, bu, heç də bizə təəccüblü görünmür. Çünki AŞPA da başda olmaqla, dünyanı "sülh" vədi ilə aldadıb daha böyük qətliamlara imza atan digər beynəlxalq təşkilatların iç üzü bütün dünyaya bəllidir. Guya ölkəmizdə irimiqyaslı repressiyalar həyata keçirilirmiş. İki gün öncəki iclasda AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt (İspaniya) çıxış edərək bildirib ki, sənəddə həqiqəti əks etdirməyə çalışıblar. O, eyni zamanda, təzyiqlərə məruz qaldığını deyib: "Bizə təzyiqlər çox idi. Qarşısıalınmaz təzyiqlərlə üzləşdim. 25 illik siyasi fəaliyyətim dövründə düşünməmişdim ki, insanlar bu qədər uzağa gedə bilər".
"Ermənistanda 300 nəfər həbs edildi, minlərə insan yaralandı, qadınlara, qocalara güllə atıldı, bu ölkədə qan su yerinə axdı. Bəs AŞPA hara baxırdı?"
Lakin bütün bunlarla yanaşı bizim də AŞPA-ya, orada çıxış edərək Azərbaycanı dünyanın ən "anti-demokratik" ölkəsi kimi təqdim edən müxtəlif ölkələrin deputatlarına suallarımız olacaq. Məsələn, əgər Azərbyacanda kəskin repressiyalar varsa və özü də müxalifət bu repressiyalara məruz qalırsa, o zaman nə üçün 25 ildir min cür böhtanla məmurların, dövlət xadimlərinin, nüfuzlu şəxslərin ailə sirlərini, şəxsi həyatını manşetə çevirən "Azadlıq" qəzeti hələ də fəaliyyət göstərir? Məgər dövlətimiz istəsə, bu qəzeti bağlaya bilməzmi? Əgər bu gün ölkəmizdə "Azadlıq" kimi "şər maşını" işləyirsə, bu, o deməkdir ki, sizin tələb etsiyiniz "söz azadlığı" Azərbaycanda ən yüksək səviyyədə təmin olunub. Lakin bu, o demək deyil ki, biz "şər maşını"nın işləməsində maraqlıyıq. Sadəcə, hər kəsə şərait yaradılıb, lakin kimsə bundan istifadə edib sırf dövləti cinayətlər törədəcəksə, bax, o zaman həmin şəxsin dörd divar arasında çürüməkdən başqa yolu yoxdur. İkincisi, AŞPA-nın yay sessiyasında müzakirələr getdiyi bir ərəfədə Ermənistanda kütləvi aksiyaların iştirakçısı olan 300 nəfər həbs edildi, minlərə insan yaralandı, qadınlara, qocalara güllə atıldı. Bir sözlə, iki gün öncə Ermənistanda qan su yerinə axdı. Bəs AŞPA hara baxırdı? Nə üçün Ermənistanla bağlı bir cümlə belə işlətmədilər!? Ənənəvi olaraq ABŞ-ın Ermənistandakı maket səfirliyi bəyanat yaydı ki, biz insanları əmin-amanlığa çaırırıq. Bu, necə olur, ay ABŞ? Qırğınları törədib sonra əmin-amanlığa çağırmaq sizin olmayan vicdanınızı heç sızlatmırmı? Bütün bunlar baş verən vaxt ispaniyalı deputat Pedru Aqramunt hara baxırdı? O, deyə bilərmi ki, İspaniyada AXCP kimi partiya, "Azadlıq" kimi qəzet olsa idi, nə edərdi? Və ya nə üçün İspaniyada bir ədəd radikal mövqedən çıxış edən, İspaniya hökumətini tənqid edən qəzet fəaliyyət göstərmir?
Digər həmməruzəçi Tadeuş İvinskinin Pedru Aqramuntun təzyiqi ilə Azərbyacan hakimiyyəti əleyhinə səsləndirdiyi əsassız ittihamları çıxsaq, yerdə qalan bütün çıxışı həqiqəti əks etdirdi: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla müharibə vəziyyətindədir. Azərbaycanın torpaqlarının 20 faizi işğal olunub, 1 milyona yaxın qaçqın və məcburi köçkün var".
Müzakirələr zamanı İspaniyadan olan deputat Xordi Xukla bildirib ki, Azərbyacanda baş verənlərə göz yummayın. Sən narahat olma, onsuz da heç kim göz yummur. Ölkəmizdəki inkişafı görüb qısqanmamaq, buna göz yummaq çətin məsələdir. Bu dəfə də Azərbyacan əleyhinə qəbul edilən qətnamənin qəbulu üçün ən çox canfəşanlıq edənlər ispan, alman və fransız deputatlar oldu.
"Azərbaycanda demokratiya ilbəil möhkəmlənir"
Fransalı deputat Durie Jozettinin qərəzli çıxışına, eləcə də almaniyalı deputat Finç Kramer provokativ məruzəsinə türkiyəli deputat Egemen Bağış tutarlı faktlarla cavab verdi: "Azərbaycanın geosiyasi vəziyyəti kifayət qədər mürəkkəbdir, bu ölkə Rusiya və İranın qonşuluğunda yerləşir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan hökuməti demokratik cəmiyyət qurmağa çalışır. Bu ölkədə demokratiya ilbəil möhkəmlənir. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Azərbaycan Avropa Şurasına üzv olmaqla göstərdi ki, Avropanın ayrılmaz hissəsidir. Bu ölkəyə kömək etməliyik".
"Azərbaycana qarşı qarayaxma kampaniyası başlayıb"
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rəfael Hüseynov çıxış edərək tənqidləri rəsmi Bakıya qarşı qarayaxma kampaniyasının tərkib hissəsi kimi qiymətləndirib: "İnsan haqları", "demokratiya" adı altında Azərbaycana qarşı təzyiq kampaniyası başlayıb. Bakıda birinci Avropa Oyunları keçirilir və mən bununla fəxr edirəm. Bu tədbir ərəfəsində Avropanın bir sıra siyasətçiləri Azərbaycana qarşı şər-böhtan kampaniyasına başladılar. Biz Bakıda keçirilən "Eurovision" ərəfəsində də belə halın şahidi olmuşduq. Azərbaycan demokratikləşmə yolunda uğurla irəliləyir və bizi bu yoldan döndərmək mümkün olmayacaq".
"AŞPA nəyə nail olmaq istəyir?"
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu tənqidlər qarşısında kifayət qədər sərt çıxış edib: "Azərbaycanı tənqid etdiyiniz bəsdir! Bəs niyə Dağlıq Qarabağda öldürülən valideynlərdən, yetim qalan uşaqlardan danışmırsınız? Siz bizdən insan haqları sahəsində öhdəliyi yerinə yetirməyi tələb edirsiniz, özünüz də öhdəliyinizə əməl edin. Azərbaycanı tənqid edənlər əvvəlcə öz ölkələrinə baxsınlar. Biz Avropa Oyunları keçirməyə namizədliyimizi verəndə əvvəlcə heç kim etiraz eləmədi. Amma sonra müəmmalı şəkildə tənqidlər başladı. Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altındadır, 1 milyona yaxın qaçqınımız var. Bundan niyə danışmırsınız? Rusiya nümayəndə heyəti artıq burada yoxdur, Azərbaycanı sanksiya ilə hədələyirsiz. Nəyə nail olmaq istəyirsiniz?"
Samir