Azərbaycanın yüksək templə inkişaf edən iqtisadiyyatı bütün sahələrdə nailiyyətlərin əldə olunması ilə yanaşı, ölkəmizin simasının dəyişməsinə də səbəb olub. Azərbaycan Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, iqtisadi yüksəliş, sosial, mədəni tərəqqisi ilə seçilən Azərbaycanda yaranan bu mənzərə həyata keçirilən dövlət proqramları, islahatlar, genişmiqyaslı layihələr əsasında reallaşıb. Bu inkişaf müstəqil Azərbaycan dövlətinin paytaxtından da yan keçməyib. Qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin qocaman və ən böyük şəhərlərindən biri hesab olunan Bakının rəmzinə çevrilən və ona yeni sima, rəng verən müasir tikililər də məhz iqtisadi göstəricilərin məntiqidir. Bakının ümumi görünüşünü daha da müasirləşdirən "Alov Qüllələri", Dövlət Bayrağı Meydanı, "Crystal Hall", Heydər Əliyev Mərkəzi kimi tikililər və memarlıq inciləri kimi heyrətə səbəb olan nadir nümunələr onun panoramasında nəzərəçarpacaq dəyişikliklərə səbəb olub. Paytaxtımızda "Four Seasons", "Hilton Baku" və "Kempinski Badamdar" kimi beynəlxalq nüfuza malik otellər fəaliyyət göstərir.
Bakıdakı Dənizkənarı Milli Park Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindən biridir. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Burada "Baku Kristal Hall"ın inşası bu ərazinin görkəminə yeni rəng əlavə edib. 25 min nəfərlik tamaşaçı yeri olan kompleks orijinal arxitekturası ilə fərqlənir və paytaxtın memarlıq quruluşuna xüsusi yaraşıq verir. "Baku Kristal Hall"un əhəmiyyətini artıran mühüm amillərdən biri də onun Dövlət Bayrağı Meydanı ətrafında yerləşməsidir. Bəli, dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar salınıb. Bu bənzərsiz, möhtəşəm görkəm Bakının 2015-ci ildə dünyanın ən görməli 52 şəhərindən biri kimi seçilməsinə səbəb olub.
Bu yaxınlarda istifadəyə verilən müasir infrastrukturla təchiz edilən istirahət və əyləncə mərkəzi olan "Dalğa Beach-Aqua Park" xidmətin müxtəlifliyi və quruluşunun cazibədarlığı ilə paytaxtımıza yeni rəng əlavə edib. Ərazisinə görə bu, Azərbaycanda ən böyük Aqua Parkdır. Xəzər dənizinin sahilində yerləşən istirahət mərkəzi nəfis tərtibatda, orijinal üslubda inşa olunub. "Dalğa Beach-Aqua Park"ın Disco Klubunda dünyanın məşhur şirkətlərinin səs və işıq effektləri avadanlığı quraşdırılıb.
AZƏRBAYCAN ETİMADI, ETİBARI MƏSULİYYƏT HİSSİ İLƏ DOĞRULDUR
Şəhərimizdə müasir infrastruktur, xidmət obyektləri tikilir. Dünya standartlarına cavab verən beşulduzlu otellər istifadəyə verilib. Bu möhtəşəmliyin məntiqi nəticəsidir ki, son illər Bakıda bir-birinin ardınca müxtəlif məzmunlu beynəlxalq tədbirlər keçirilir. Keçirilən beynəlxalq idman yarışlarını xüsusi olaraq qeyd etməliyik. Buna səbəb Bakıda və bütövlükdə Azərbaycanda idman infrastrukturunun mövcudluğudur. Ümumilikdə son 11 ildə paytaxtımızda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda - paytaxt Bakıda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Yeniyetmə cüdoçuların Avropa çempionatı, bədii gimnastika üzrə 27-ci dünya çempionatı, sərbəst güləş və yunan-Roma güləşi üzrə 24-cü dünya çempionatı, görmə qüsurlu paralimpiyaçı cüdoçular arasında Avropa çempionatı, bədii gimnastika üzrə 25-ci Avropa çempionatı, qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı, gənclər arasında boks üzrə dünya çempionatı və s. keçirilib. Bu yarışların Azərbaycanda keçirilməsi bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahədə olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Bu gün isə paytaxtımızda ilk Avropa Oyunları keçirilir. Təbii ki, Olimpiya ailəsi tərəfindən ölkəmizə qarşı yaranan inam, məhz bu və ya digər idman növləri üzrə dünya və Avropa çempionatlarının Bakı şəhərində yüksək səviyyədə keçirilməsindən qaynaqlandı. Avropa Olimpiya Komitəsinin Baş Məclisində 2015-ci ildə birinci Avropa Oyunlarının Azərbaycanda - Bakıda keçirilməsi haqqında qərarın qəbul edilməsi, bu inamdan meydana gəlmişdir. Beynəlxalq yarışlara ev sahibliyi etmək təcrübəsindən yararlanan Azərbaycan bu etimadı, etibarı məsuliyyət hissi ilə doğruldur.
AVROPANIN ƏN YAXŞI YERLƏRİNİN SİYAHISINDA BAKI 7-Cİ SIRADADIR
Oyunların keçirilməsi məqsədilə yeni inşa olunan idman arenaları da şəhərimizin gözəlliyinə əlavə rəng qatmış oldu. Bu gözəllik dünyaya təqdim edilir. Növbəti dəfə Bakının turistlər üçün ən yaxşı məkan kimi qiymətləndirilməsi elə paytaxtımızın inkişafına, onun müasirliklə tarixiliyinin vəhdətindən yaranan görkəminə olan münasibətdir. Dünyanın ən çox satılan bələdçilərindən olan "Lonely Planet" nəşri Avropanın ən yaxşı yerlərinin siyahısını təqdim edib. Siyahıda Azərbaycanın paytaxtı Bakı ilk onluqda 7-ci sırada yer alıb. Bakı, həmçinin, postsovet ölkələrindən siyahıda yer tutan yeganə şəhər olub. Paytaxt Bakının Avropanın bir hissəsi kimi göstərilən siyahıda şəhər qitənin ən sürətli dəyişən məkanlarından biri olduğu bildirilib.
Nəşrdə Bakı şəhərinin sovet zamanındakı görünüşünün sürətlə Dubay və Paris parıltısı ilə əvəz olunduğu qeyd olunub. Bakının yeni memarlıq simvolu olan Heydər Əliyev Mərkəzi, YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş İçərişəhər və yaradıcı işıq şousu ilə gecələr göz oxşayan Alov Qüllələrinin adları xüsusi olaraq vurğulanır.
Bakıda keçirilən I Avropa Oyunlarının turistlərinin sayının artmasında önəmli rolu olacağı qeyd olunan nəşrdə "Bakı-2015"in rəsmi saytının keçid linki verilmişdir. Nəşrin hazırladığı Avropanın ən maraqlı yerlərinin siyahısında Bakının adının yeddinci sırada yer alması paytaxtımızın gözəl mənzərəsinə olan münasibətdir.
Nəzakət ƏLƏDDİNQIZI