Sarkisyanın hakimiyyətdən getmə ehtimalı reallaşır
İşğalçı Ermənistan bu gün sözün əsl mənasında təlatümə qərq olub. On aydan bəri sadə və işsiz xalqın Serjik diktaturasına qarşı özünün pik həddinə çatıb. Səbri qırtlağa dirnənmiş ermənilər soyğunçu rejimin son enerji tariflərinə kəskin etiraz bildirməklə, əslində 1998- ci ildən bəri davam edən repressiya və soyğunçuluğa etirazını bildirir. Əgər ilk günlər mitinqlərdə 10 minə yaxın insan aksiyalara qatılmışdısa, bu günə olan məlumata görə, hazırda Mşrop və Azadlıq meydanı boyunca uzanan izdiham selində 18 mindən çox insan iştirak edir.
Regionda insan hüquq və azadlıqları ilə bağlı az qala mifik obraz yaradan Avropa indi gülməli hala düşüb
Belə ki, regionda insan hüquq və azadlıqları ilə bağlı az qala mifik obraz yaradan Avropa indi gülməli hala düşüb. Hər zaman Azərbaycanı haqsız yerə ittiham edən, Gürcüstanda 100 siyasi məhbusun olduğunu özləri etiraf etdiyi halda buna reaksiya verməyən, Ermənistanı az qala nümunə göstərən Avropa indi reallıqla hesablaşmalı olub. Ermənistanın paytaxtı Yerevanda elektrik enerjisinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyaları davam edir və baş verən hadisələrdən də aydın olur ki, regionda insan haqlarının ən çox pozulduğu ölkə ilk növbədə Ermənistandır. Belə ki, polis aksiya iştirakçılarına qarşı görünməmiş vəhşilik edib. Məlumatda qeyd edilir ki, etiraz edənlərin geri çəkliməsini tələb edən polis bir saatdan sonra hücum çəkərək adamları döyməyə başlayıb, jurnalistlərin videokameralarını qırmaqdan da çəkinməyiblər. Etiraz edənlərin dağıdılması üçün su çiləyən maşınlardan istifadə olunub. Etirazçılar qəddarlıqları ilə fərqlənən yüzlərlə polisi, xüsusi təyinatlıları və mülki formada olan digər güc strukturlarının əməkdaşlarını mühasirəyə alıblar. Bu zaman etiraz edənlərlə güc strukturları arasında əlbəyaxa dava da olub. "Epress.am" saytının operatoru Tiqran Akopyanın başına dəyənəklə zərbə vurularaq polis şöbəsinə aparılıb. "Epress.am"ın digər operatoru Tiqran Xaçatyanın kamerası sındırılıb. 200-dən çox etirazçının saxlanıldığı bildirilir. Ekspertlər hesab edir ki, bu, hələ başlanığıcdır və Ermənistanda insan haqları daha kobud şəkildə pozulacaq. Çünki qarşıdan prezident seçkiləri gəlir və hazırkı prezident Serj Sarksyan özünə yaxın şəxsin prezident seçilməsi üçün ölkədəki siyasi dairələri tam olaraq sıradan çıxartmağa çalışacaq. Necə ki, Robert Koçaryan Serj Sarksyanı prezident seçdirmək üçün o zaman müxalifəti sıradan çıxartdı və bir neçə şəxs öldü.
Ermənistanda baş verən hadisələrə münasibət bildirən millət vəkilləri və ekspertlər bildiriblər ki, Ermənistanını sonu uçurumdur və erməni cəmiyyəinin faciəsinin böyük səbəbi Azərbaycana qarşı müharibədir.
Siyavuş Novruzov: "Ermənistan axırı olmayan bir dövlətdir"
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Ermənistanda baş verən etiraz aksiyalarına münasibət bildirərkən deyib ki, işğalçı ölkə mənbələrinin özlərinin verdiyi məlumata görə, hər gün yüzlərlə adamın ölkədən köçüb getməsi və Ermənistanın qeyri-müstəqil dövlət olması təbii ki, oradakı vəziyyəti getdikcə ağırlaşdırır, həm də ölkəyə rəhbərlik edən hərbi xunta, həmçinin korrupsiya və rüşvətxorluq orada yaşayan əhalini tamamilə bezdirib: "Heç bir istehsal müəssisəsi yoxdur. Sadəcə olaraq, ordan-burdan gələn yardımların hesabına birtəhər ölkənin saxlanılması ilə məşğuldurlar. Ölkədə aclıq, səfalət, insan hüquqlarının tapdalanması, sərbəst toplaşma azadlığının pozulması və digər məsələlər göz önündədir. Bundan öncə Ermənistanda prezident seçkiləri dövründə namizədlərin birinin güllələnməsi, digər namizədlərə qarşı təzyiqlər, onların toplantılarının keçirilməməsi və digər məsələlər də göz qarşısındadır. Öz etirazını bildirən, sərbəst toplaşma azadlığı haqqında qanunu həyata keçirmək istəyən vətəndaşlara, sözə, mətbuata qarşı təzyiqlər var və müxtəlif texnikalardan, o cümlədən su şırnaqları, gözyaşardıcı qazlar və digər ləvazimatlardan istifadə edərək çalışırlar ki, insanların etirazlarını zor vasitəsilə yatırsınlar".
S.Novruzov təəssüf edir ki, bütün bu hadisələr beynəlxalq təşkilatların diqqətindən yayınır: "Təəssüflər olsun ki, istər prezident seçkilərində, istər sonrakı dövrlərdə Ermənistanda baş verən hüquqa zidd, insan hüquqlarının əleyhinə olan bütün məsələlər Avropanın diqqətindən nədənsə yayınır. Ancaq Azərbaycanda sərbəst toplaşma azadlığını həyata keçirmək üçün yerlərin ayrılmasına və bu tədbirlərin mühafizəsinin təmin olunmasına baxmayaraq, anti-Azərbaycan mövqeyində olan qüvvələr Azərbaycana qarşı insan hüquqlarının pozulması ilə bağlı bəyanatlar verir, müxtəlif şərhlər yazır, müxtəlif səpkili anti-Azərbaycan mövqeləri yaratmağa çalışırlar. Amma Ermənistanda bu qədər insan hüquqlarının pozulmasına baxmayaraq, nə ATƏT, nə Avropa Şurası, nə də Avropa Parlamenti bu günə qədər Ermənistanda insan hüquqları ilə bağlı məsələni gündəmə gətirib müzakirə aparmayblar".
YAP rəsmisi onu da qeyd edib ki, budur həmin təşkilatların ikiüzlülüyü, ikili standartlı mövqeyi: "Bizim üçün bunlar artıq bəllidir. Əgər Azərbaycanda belə hadisə baş versəydi, indi "CNN", "BBC", "Euronews" gündə üç dəfə göstərərdi. Azərbaycanda Avropa Oyunları keçirildi, 50-dən artıq Avropa dövləti burada iştirak etdi, bütün dünyanın nəzəri buradadır, lakin buna baxmayaraq, həmin kanallar Azərbaycanın bu uğurlarını çox qısqanclıqla və orada nöqsan axtara-axtara qısa şəkildə verməyə çalışırlar".
Zahid Oruc: "Qərb Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarmaq istəyir"
Millət vəkili Zahid Oruc Ermənistanda baş verən son olayların səbəblərini açıqlayaraq millət vəkili Zahid Oruc geopolitik hadisələr və daxili siyasi-iqtisadi şəraitin çox önəmli yer tutduğunu söyləyib: "Birmənalı söyləmək mümkündür ki, Ermənistan Avrasiya İqtisadi Birliyinə daxil olduqdan sonra ölkə içərisindəki siyasi böhran bir qədər də dərinləşdi. Sarkisiyanın hesablamaları özünü doğrultmadı. O, düşünürdü ki, ölkəsi məlum addımlar hesabına Qərbdən tamamilə üzlüşməyinə rəğmən Rusiya Ermənistanı tam özünün vassalı elan edərək bütün iqtisadi köməklik edəcək. Lakin məlum hadisələr, Ukrayna böhranı, Qərblə Rusiyanın savaşı imkan vermədi ki, Ermənistan arzu etdiyinə çatsın. Eyni zamanda, Rusiya 2 milyard dollara yaxın vəsait verdi ki, özünü dövlət elan edən subyektləri tanısın və onları öz himayəsinə götürsün. Ermənilər üçün bu, baş vermədi. Bunun ardınca Ermənistanda qazın qiymətinin qalxmasının əleyhinə aksiyalar keçirlidi. Gümrüdə rus hərbçi Permyakovun törətdiyi hadisə, 7 nəfərin qətlə yetirilməsi və buradakı hərbi baza ölkənin ictimai fikrini tutdu və hakimiyyətlə savaşı dərinləşdirdi".
Qabil Hüseynli: "Sarkisyan hakimiyyəti indi süngü üstündədir"
Ermənistanda baş verən olayları politoloq Qabil Hüseynli isə bildirib ki, erməni xalqı Qarabağdan gəlmə, Qarabağ klanının rejimini, Sarkisiyanı devirmək istəyir: "Keçən il müxalif qüvvələr Sarkisiyanı hakimiyyətdən salmaq üçün çox çalışdı, ancaq Rusiya buna imkan vermədi. Bu il isə vəziyyət fərqlidir. Hazırda yerli ermənilərlə qarabağlılar arasında ciddi qarşıdurma var. Bu qarşıdurma nəticəsində Sarkisiyan hakimiyyəti devrilə bilər. Hətta Qarabağdan olan Koçaryanın özü də Sarkisiyanın əleyhinədir. Sarkisiyanın əleyhinə çox böyük qüvvələr birləşib, hətta onun komandasında olanlar da yavaş-yavaş üsyançılar tərəfə keçir. Ermənistanda vəziyyət çox qarışıq və idarəedilməz haldadır. Sarkisyan hakimiyyəti indi süngü üstündədir. Napoleonun bir sözü var, deyirdi ki, "süngünün üzərində oturmaq olar, amma axıra qədər süngü ilə hakimiyyəti müdafiə etmək olmaz".
Beləliklə, hadisələr qırmızı şkalaya doğru irəliləyir. Cana doymuş erməni xalqı inqilab, hakimiyyət isə kreslolarını qorumaq üçün qan tökməkdən çəkinməyəcək. Serj Sarkisyan seçim qarşısında qalıb: ya Rusiyanın tələblərini yerinə yetirməli və hakimiyyətini saxlamalı, ya da çevriliş qaçılmazdır.
A.SƏMƏDOVA