YAP Suraxanı rayon təşkilatıAzərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə cəbhə xəttində "N" saylı hərbi hissədə tədbir keçirib.Rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov və YAP Suraxanı rayon qadınlar şurasının sədri Zəkiyyə Musayeva çıxış edərək, əsgərləri rayon rəhbərliyi adından ordu günü münasibətilə təbrik ediblər. Bildirilib ki, ölkəmizin ilk müstəqilliyi dövründə ordu quruculuğu ciddi çətinliklərlə üz-üzə qalmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra bu sahədə ardıcıl dövlət siyasətinin həyata keçirilməsinə başlandı. Hazırda bu siyasəti inamla davam etdirən ölkə başçısı, Ali Baş Komandanımız İlham Əliyev çox qısa vaxt ərzində Silahlı Qüvvələrin inkişafında həlledici uğurlara imza atıb. Dövlət rəhbərliyi səviyyəsində ordu quruculuğuna böyük diqqət yetirilməsi nəticə etibarilə güclü və döyüşkən bir ordunun yaranmasına səbəb olub.
Qeyd olunub ki, artıq beynəlxalq hərbi qurumların rəsmiləri də Azərbaycan Ordusunun ən müasir tələblərə cavab verən etibarlı hərbi qurum olduğunu etiraf edirlər. Ölkəmizin son illərdəki dinamik iqtisadi inkişafı Silahlı Qüvvələrimiz üçün ayrılan büdcənin dəfələrlə artmasına zəmin yaradıb. Ali Baş Komandan İlham Əliyevin və ordu rəhbərliyinin həyata keçirdiyi məqsədli siyasət nəticəsində ordumuzun döyüş qabiliyyəti daha da güclənib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Son vaxtlar ölkə başçısının məlum Fərmanı əsasında yüzlərlə hərbçiyə dövlət tərəfindən daimi mənzillərin verilməsi və ötən illərdə istifadə olunmayan məzuniyyətə görə pul kompensasiyasının ayrılması kimi məsələlər də bu qəbildəndir. Artıq hərbi qulluqçuların sosial-hüquqi müdafiəsini gücləndirmək üçün yeni təkliflər hazırlanaraq ölkənin qanunvericilik qurumlarının müzakirəsinə verilib. Azərbaycan Cənubi Qafqaz regionunda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təmin etmək gücünə malik olan yeganə ölkədir.
Tədbirdə Suraxanı rayon mədəniyyət işçiləri konsert proqramı ilə çıxış edib.
Tədbirin sonunda əsgərlərə xatirə hədiyyələri təqdim edilib.
ZÜMRÜD