PDF Oxu

Siyasət

  • 15

İlham Əliyev: “Birinci Avropa Oyunları bir daha xalqımızın birliyinin nümayişinə çevrildi”

İlham Əliyev: “Birinci Avropa Oyunları bir daha xalqımızın birliyinin nümayişinə çevrildi”

İyunun 29-da birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayəndələri və Oyunların təşkilində xidmətləri olmuş xarici tərəfdaşlarla görüş keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak ediblər. Əvvəlcə birinci Avropa Oyunlarının möhtəşəm açılış və bağlanış mərasimlərini, yarışlarda ən yaddaqalan məqamları, o cümlədən Azərbaycan idmançılarının çıxışlarını əks etdirən videoçarx nümayiş olundu.

Dövlətimizin başçısı mərasimdə nitq söyləyib. APA-nın məlumatına görə, Dövlət başçısı qeyd edib ki, indiyə qədər Azərbaycanda bu səviyyədə beynəlxalq yarış keçirilməyib, Avropada isə heç vaxt qitə oyunları təşkil olunmayıb. Prezident İlham Əliyev, Avropa Oyunlarının Azərbaycanda baş tutmasına görə Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki və oyunların keçirilməsində iştirak edən hər kəsə dərin minnətdarlığını bildirib: "Bu oyunlara bütün ictimaiyyət fəal dəstək verdi və bunun sayəsində Avropa Oyunları yüksək səviyyədə keçdi. Bakı-2015 Birinci Avropa Oyunları Əməliyyat Komitəsinin rolunu da yüksək qiymətləndirirəm. Könüllülər ölkəmizin bir daha böyük potensiala, insan kapitalına malik olduğunu göstərdilər. Bu gün gənclər bizim üçün qürur mənbəyidirlər, onlar gecə-gündüz peşəkarlıqla, böyük mədəniyyət göstərərək Azərbaycan xalqına xas qonaqpərvərliyi nümayiş etdirərək çalışıblar. Doğrudan da bizim gələcəyimiz etibarlı əllərdədir. Bu gənclər Avropa Oyunlarından sonra cəmiyyətdə öz layiqli yerlərini tutacaqlar".

Bakı-2015 Birinci Avropa Oyunları ilə bağlı yaradılmış Təşkilat Komitəsinin fəaliyyətinə toxunan Prezidentin sözlərinə görə, hər bir xırda məsələ ilə bağlı işlər yüksək səviyyədə görülüb: "Buna görə də oyunların keçirilməsində heç bir problem yaşanmadı. Təşkilat Komitəsinə rəhbərlik etmiş Mehriban Əliyevanın fəaliyyətini xüsusilə yüksək qiymətləndirirəm. O, bu oyunların keçirilməsinə çox böyük töhfə verib, oyunların bu səviyyədə keçirilməsi üçün canını qoyub. Mən Təşkilat Komitəsinin tərkibini müəyyən edərkən tam əmin idim ki, bu tərkibdə Təşkilat Komitəsi ən yüksək nəticə göstərə bilər. Çünki burada həm təcrübə, həm peşəkarlıq, ən önəmlisi xalqa, dövlətə sevgi, məhəbbət var idi və var. Ümumiyyətlə, bunlar ölkəmizin əldə etdiyi uğurların əsas şərtidir".

İdmançıların uğurlarından danışan dövlətimizin başçısı, bu oyunların bir daha Azərbaycanın potensialını göstərdiyini bəyan edib: "Birinci Avropa Oyunları cəmiyyətdə unikal əhval-ruhiyyə yaratdı və bu oyunlar bir daha xalqımızın birliyinin nümayişinə çevrildi. İdmançıların qələbələri bu Oyunları daha böyük zirvələrə qaldırdı. Mən tam əminəm ki, burada oturanlar və ümumiyyətlə, ictimaiyyət arasında yəqin ki, müxtəlif fərziyələr var idi ki, komandamızın neçənci yeri tutacaq. Ancaq bəlkə də heç kim inanmırdı ki, bu, ikinci yer olacaq. Bu, tarixi qələbədir".

Dövlət başçısı bildirib ki, bu, Azərbaycan idmanının, Azərbaycan dövlətinin qələbəsidir: "Yəqin ki, bu günlər ərzində hamımız bir neçə dəfə kövrəldik. Hamımızın elə unudulmaz anları olub ki, bunu sözlə təsəvvür etmək çətindir. Qələbə sevinci, qürur hissi, idmançılarımızın rəşadəti, gücü, xalqımızın birliyi - bütün bunlar heç vaxt yadımızdan çıxmayacaq. Azərbaycan bu gün zirvədədir".

Sonra mükafatlandırma mərasimi oldu. "Bakı-2015" birinci Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov çıxış edərək Oyunların yüksək səviyyədə təşkilində fəal dəstəyinə görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırdılar.

Mərasimdə Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə Mehriban Əliyevanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi barədə Prezident İlham Əliyevin 2015-ci il 29 iyun tarixli Sərəncamı oxundu. Dövlətimizin başçısı "Heydər Əliyev" ordenini Mehriban Əliyevaya təqdim etdi. Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Mehriban Əliyevaya bildirib ki, "Bakı-2015 I Avropa Oyunlarını keçirməklə Azərbaycan bir daha qüdrətini dünyaya nümayiş etdirdi. Müstəqil Azərbaycanın hər bir qələbəsinin arxasında Prezident İlham Əliyevin iradəsi, biliyi dayanır.

M. Əliyeva I Avropa Oyunlarına hazırlıq zamanı göstərilən dəstəyə görə dövlət başçısına minnətdarlığını bildirib: "Siz bir daha bütün dünyaya sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf seçib, qorxuda bilməz. Ədalət, xoş niyyət və xalqla birlik hər zaman zəfər çalacaq. Bu 17 gün ərzində yaşadığımız xoş anlar üçün Sizə dərin minnətdarlığımızı bildiririk. 17 gün ərzində Azərbaycan xalqı bir komanda və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə olan halda əlbəttə, qalib gəlməmək mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza xidmət etmək ən böyük şərəfdir. Xidmətimizin nəticələrini görüb yaşamaq ən böyük xoşbəxtlikdir. Cənab prezident, biz hər birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın gələcəyi naminə tam gücümüzlə xidmət etməyə hazırıq. Çox sağ olun ki, Azərbaycanı belə yüksək zirvələrə qaldırmısınız. Tanrı hər zaman Sizi və Azərbaycanı qorusun".

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana və idmançılara göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına bir daha minnətdarlıq etdi. Sonra birinci Avropa Oyunlarında Azərbaycan idmançılarının qələbələrindən, dövlətimizin başçısı tərəfindən qalib gələn atletlərimizə medalların təqdim olunması anlarından bəhs edən videoçarx nümayiş etdirildi.

Digər xəbərlər