Bu gün Ana Vətən partiyasının sədri, millət vəkili Fəzail Ağamalı mətbuat konfransı keçirib. SİA xəbər verir ki, I Avropa Oyunlarına Dəstək dostluq qrupunun gördüyü işlərin yekununa həsr edilən konfransda partiya sədri oyunların yüksək peşəkarlıqla hazırlandığını və ev sahibliyinin öhdəsindən layiqincə gəlindiyini diqqətə çatdırıb.
Fəzail Ağamalı qeyd edib ki, Cənab Prezident İlham Əliyev dövlətinin və xalqının adına daha bir uğur yazdı: "Bütün Avropa, dünya ölkələri Azərbaycanı yaxından gördü, onun beynəlxalq arenada hansı işlər görə biləcəyinin bir daha şahidi oldu. Avropa Oyunlarının təşkilat komitəsi ilə yanaşı minlərlə könüllü vətəndaşımız, xüsusilə gənclərimiz oyunların keçirildiyi ərəfədə müstəsna xidmətləri ilə yadda qaldılar. O cümlədən də bizim oyunlara dəstək qrupumuz bu istiqamətdə bir sıra müsbət işlər gördü. Sevindirici haldır ki, məhz Azərbaycan belə bir ilkə imza atdı, məhz Azərbaycan Avropa oyunlarında bir yenilik, müasirlik, zəfər salnaməsi yazdı. Düzdür bəzi xarici və daxili qüvvələr var ki, ölkəmizin əleyhinə fikirlər səsləndirib bəyanatlar verməkdən utanc duymadılar. Azərbaycanın uğurlarını, inkişafını görməzlikdən gəlmək ikili yanaşmadan başqa bir şey deyil. Nəticədə bir daha sübut olundu ki, belə dırnaqarası qüvvələr göstərdikləri hər cəhdlərində öz istəklərini reallaşdıra bilmədilər. Çünki cənab Prezidentimiz də idmançılarımızla görüşündəki çıxışında vurğuladı ki, bu, Azərbaycan xalqının birliyinin vəhdətinin göstəricisidir. Bu vəhdəti, bu birliyi isə sarsıtmağa heç bir qüvvənin gücü yetməz".
Daha sonra partiya sədri jurnslistəri maraqlandıran sualları cavablandırıb.
Tədbirin sonunda I Avropa Oyunlarına həsr olunmuş videoçarx nümayiş olunub.
sia.az