PDF Oxu

Siyasət

  • 14

Xarici mətbuat ilk Avropa Oyunlarından yazır

Xarici mətbuat ilk Avropa Oyunlarından yazır

Bir sıra Qərb mətbuatın antitəbliğat adddımları iflasa uğradı

"Bakı-2015" ilk Avropa Oyunları - ölkəmizin müasir dövr tarixinin yeni mərhələsinin yazılacağı tarixi hadisə. Bütün dünyanın böyük maraqla və zövqlə izləyəcəyi möhtəşəm oyunların, məhz ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Avropa qitəsindən tutmuş, planetin bütün qitələrində bu oyunları izləyən hər kəsin Azərbaycan deməsi, ölkəmizin dünyadakı siyasi imicinin hansı zirvədə olmasının nəhəng göstəricisidir. 17 gün gecə-gündüz, bütün dünyanın kütləvi informasiya vasitələri, bütün telekanalları ancaq bir mövzudan danışdı - "Bakı-2015" birinci Avropa Oyunlarından, oyunların gedişindən və bu möhtəşəm ilk Avropa Oyunlarına möhtəşəm şəkildə ev sahibliyi edən dünyanın yeni parlayan ulduzu olan Azərbaycandan! Məhz bu oyunların Azərbaycanda keçirilməsi, bütün dnyanın diqqətini Bakıya çevirdi. Azərbaycan, bütün dünyanın ən tolerant, ən təhlükəsiz və ən səmimi bir ölkəsi olaraq həm dünya tarixinə düşməkdədir, həm də planetin ən böyük, ən qüdrətli, irihəcmli ölkələrarası şirkətlərinin, holdinqlərinin, irihəcmli sənaye sektorlarına nəzarət edən qurumların, dünyanın nəhəng istehsal sahələrinə rəhbərlik edən iş adamlarının və biznes sahiblərinin diqqətini qazandı. Bu isə, ölkəmizə yaxın gələcəkdə çox böyük sərmayələrin axınının başlanması deməkdir. Nəhəng kapitalların gələcəkdə ölkəmizə axın etməsi investisiya sahələrində böyük yatırmların olması deməkdir - "Bakı-2015" birinci Avropa Oyunları. Bütün bunlarla yanaşı, Azərbaycan, Avropanın mərkəzi kimi yaddaşlarda qalacaq və bu da o deməkdir ki, nəninki Avropadan, hətta dünyanın hər yerindən mütəmadi nəhəng turist axını olacaq Azərbaycana. Azərbaycanın son 11 ildən bəri çiçəklənməsi, günü-gündən gözəlləşməsi, infrastruktur layihələrin həyata keçirilməsi, ölkəmizin hər qarışının sürətlə abadlaşaraq gözoxşayan görüntülərə bürünməsi, ən müasir üslublarda ölkəmizin günü-gündən bəzənməsi və cənnət bir guşəyə çevrilməsi, Azərbaycana gələn turistlərin xüsusi diqqətini qazanır. Bütün bunlarla bərabər, Azərbaycanın tək bir özəlliyi daha var ki, o da dünyanın ən təhlükəsiz və ən sabit ölkəsi olmasıdır. Əlbəttə ki, bu uğurların arxasında ölkə Prezidenti İlham Əliyevin uzaqgörən, qabaqcıl və müdrik siyasəti dayanır. Dövlətimizin başçısı, xalqımızın maraqları və dövlətçiliyimizin təhlükəsizliyi üçün gecə-gündüz bu amallar uğruna var qüvvəsiylə çalışmaqdadır! Özünün uğurlu və parlaq siyasəti ilə Azərbaycanın bütün problemlərinin birdəfəlik həllinə imza atan Cənab İlham Əliyevin həyata keçirdiyi ən böyük məsələlərdən biri və xalqımıza qazandırdığı uğur və nailiyyətlərdən ən böyüyü - "Bakı-2015" ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi məsələsinə nail olmaq, və bunu da etdi!

Uğurlara qarşı hücumlar səngimədi

Ancaq əfsuslar olsun ki, yaradılan memarlıq inciləri, görülən işlər, Azərbaycanın hərtərəfli inkişafı, paytaxt Bakının günü-gündən gözəlləşməsi, insanlarımızın həyat səviyyəsinin yaxşılaşması bir sıra xarici qüvvələrin qısqanclığına, narahatlığına səbəb olur. Xüsusən də, ermənipərəst dairələr və onların təsiri altında olan media qurumları Azərbaycan əleyhinə təbliğat aparır, ölkəmiz haqqında dezinformasiya, heç bir əsası və sübutu olmayan məlumatlar yayırlar. Azərbaycan Prezidenti İlham Əliyevin milli maraqlara, xalqın iradəsinə söykənən müstəqil siyasəti öz bəhrəsini verdikcə, ölkəmiz regionun lider dövlətinə çevrildikcə anti-Azərbaycan şəbəkə dərhal qarayaxma kampaniyasına başlayır. Bu "canfəşanlıq" Azərbaycanda beynəlxalq miqyaslı tədbirlər keçirilən zaman daha geniş vüsət alır. Acınacaqlı hal isə ondan ibarətdir ki, bir sıra hallarda xaricdən idarə olunan şər-böhtan kampaniyasına daxilimizdə "5-ci kolon" funksiyasını yerinə yetirənlər də "dəstək" olurlar. "Avroviziya-2012" beynəlxalq musiqi yarışması öncəsi bu istiqamətdə fəallıq nümayiş etdirən həmin dairələr indi də eyni dəsti-xətt üzrə Azərbaycanı, ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq vəziyyətini ən müxtəlif bəhanələrlə, qərəzli şəkildə tənqid etməyə başlayıblar. Amma gəlin görək, insan haqları, söz və mətbuat azadlığı, polis-vətəndaş münasibətləri baxımından Qərb ölkələrində vəziyyət necədir? Bu gün Azərbaycanı sərt şəkildə tənqid edən, ölkəmizdə söz və mətbuat azadlığına qadağanın olmasını, siyasi fəaliyyətinə və əqidəsinə görə insanların həbs olunduğunu iddia edən xarici media qurumlarından biri Böyük Britaniyanın "The Guardian" qəzetidir. Bu qəzetin səhifələrində davamlı olaraq Azərbaycan barədə iftira dolu məqalələr yer alır. Lakin İngiltərənin özündə KİV-lərin tam susdurulması və nəzarət altına alınması barədə bu qəzet bir kəlmə də olsa yazmır, yazmağa cəsarət eləmir. Çünki 2010-cu ildə bu ölkədə medianın etik davranışlarına nəzarət edən Xartiya qəbul edilib. Yaradılan yeni xüsusi qurum Britaniyada media üzərində dövlət nəzarətini bərpa etməsinə şərait yaradıb. Xartiyadan irəli gələrək, "etik çərçivə"dən kənara çıxan media qurumları hətta 1 milyon funt sterlinqədək cərimələnə də bilərlər. Ümumiyyətlə, İngiltərədə bu növ qadağalar, cəza tədbirləri yalnız media qurumlarını deyil, sosial şəbəkələrdən istifadə edən vətəndaşlara qarşı da sərt şəkildə tətbiq edilir. Nədənsə, "The Guardian" bu faktları "görmür", yaxud görməyə cəsarəti çatmır, hətta ingiltərəli jurnalistə həmrəylik nümayiş etdirməyi də bacarmır. Ancaq Azərbaycanda konkret cinayət əməllərinə görə həbs olunan şəxsləri "azadlıq fədailəri", "müstəqil jurnalistlər" kimi qələmə verir, buna görə ölkəmizin ünvanına əsassız ittihamlar yağdırır. İndinin özündə də Amerikada irqi ayrıseçkilik zəminində münaqişələrin baş verməsi, qaradərili insanların polis zorakılığına məruz qalması, etirazçıların həbs edilməsi adi hal alıb. Ümumiyyətlə, araşdırmalar göstərir ki, Qərb ölkələrində, xüsusən də inkişaf etmiş ABŞ və Avropa ölkələrinin özündə insan hüquq və azadlıqlarının fundamental prinsiplərindən olan söz, ifadə azadlığının kobud şəkildə məhdudlaşdırılması geniş yayılmış təcrübəyə çevrilib. Lakin ilk Avropa Oyunları ərəfəsində birmənalı olaraq Azərbaycanın imicini zədələməyə çalışan müəyyən Qərb dairələrinin çiçəklənən Azərbaycanı dünya ictimaiyyəti qarşısında ləkələmək kampaniyası uğursuz oldu və birinci Avropa Oyunları vasitəsilə Azərbaycana qarşı aparılan "geosiyasi oyunların iflası" Azərbaycanın taktiki qələbəsidir.

Avropa Oyunları xarici mətbuatda - Qərb mətbuatı Qərb mətbuatını necə "vurdu"

Lakin Qərbin bir sıra qərəzli mətbu orqanlarına cavab olaraq, məhz Qərb ölkələrinin hadisələrə doğru qiymət verməyi bacaran mətbuatı "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı çoxsaylı məqalələr dərc etdi. İspaniyanın Radio və Televiziya Korporasiyasının (RTVE) rəsmi saytında "Bakı-2015" ilk Avropa Oyunları ilə bağlı məqalə müəllifi Ruben Herasın Bakı şəhərinin Olimpiya dəyərləri əsasında köhnə qitədə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməsi, infrastruktur, idman növləri və yarışlar barədə ətraflı məlumat verilir. Bildirilir ki, "Rio-2016" Yay Olimpiya Oyunlarının başlanmasına bir ildən artıq vaxt qalarkən Olimpiya hərəkatı təqviminə Avropa Oyunları əlavə olunur. İlk Oyunlara Azərbaycanın paytaxtı Bakı şəhəri ev sahibliyi edir. Yazıda Avropa Oyunlarının keçirilməsinin əsas təşəbbüskarlarından olan İspaniya Olimpiya Komitəsinin prezidenti Aleksandro Blankonun fikirlərinə də yer verilir: "Azərbaycan Asiya və Avropanın qovuşuğunda yerləşən cazibədar ölkədir. Bu ölkə Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək. Azərbaycan qapılarını dünyaya açır, bu ölkədə idman və turizm daha da inkişaf edəcək". Müəllif məqalədə 2016-cı ildə ilk dəfə Azərbaycanda "Formula-1" üzrə Avropa Qran-pri yarışlarının keçiriləcəyini də diqqətə çatdırır.

"aroundtherings.com" saytının verdiyi məlumata görə, hazırda bütün diqqət Bakı Olimpiya Stadionuna yönəlib: "Hər kəs açılış mərasimində olduğu kimi finalda da əsrarəngiz şou gözləyir". Məqalədə o da vurğulanır ki, bağlanış mərasimində böyük alov şousu nəzərdə tutulur: "Bu şounu 10 minlərlə insan canlı, 800 milyondan çox tamaşaçı isə efir vasitəsilə izləyəcək". Sayt Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova istinadən yazır ki, "Bakı-2015"ə ev sahibliyi etməklə, Azərbaycan dünya idman tarixində yeni səhifə açıb: "Bununla Azərbaycan həm də növbəti beynəlxalq idman yarışlarının başlanğıc meydanı olmaq imkanı qazanıb".

"Avropa Oyunlarının bağlanış mərasimini təşkil etmək mənim üçün böyük şərəfdir. Bu, çox zövqvericidir, çünki bu tədbir ilk dəfədir keçirilir. Biz müasirliklə qədimiliyin sintezini ortaya qoymuşuq və bu çox maraqlı alınıb", - deyə bağlanış mərasiminin bədii direktoru, 25 illik təcrübəyə malik olan Ceyms Hedli vurğulayıb.

Fransa mətbuatında da birinci Avropa Oyunları haqqında məqalələr yazılır və yarışların yüksək səviyyədə təşkil olunduğu qeyd olunur. Fransanın "liberation.fr" saytında birinci Avropa Oyunlarının açılış mərasiminin möhtəşəm olduğu bildirilir. Vurğulanır ki, birinci Avropa Oyunları idman sahəsində ilin ən çox gözlənilən hadisələrindən biridir. "Equipe21" televiziyası fransız idmançılarının çıxışlarını canlı yayımlamaqla yanaşı, gecə saatlarında digər ölkələrin atletlərinə də yer verir.

İsveç mətbuatı da Bakıda keçirilən birinci Avropa Oyunlarını diqqət mərkəzində saxlayır. İsveçin nüfuzlu "Aftonbladet" qəzeti bu ölkənin atletlərinin Avropa Oyunlarında iştirakından, o cümlədən Bakıda keçirilən bu mötəbər idman tədbirinin yüksək səviyyədə təşkil edilməsindən, atletlər üçün yaradılan gözəl şəraitdən bəhs edir. İsveç avarçəkənlərinin əldə etdikləri müvəffəqiyyətdən yazan müəllif yarışların keçirildiyi Mingəçevir şəhərinin gözəlliyini xüsusi vurğulayır.

İrlandiyanın irishtimes.com saytı Bakıya həsr olunmuş geniş məqalə dərc edib. Azərbaycan paytaxtının oyunlara hazırlıqla bağlı çox böyük iş gördüyünü və bu oyunların onu ölkənin hüdudlarından kənarda da tanıtdığını qeyd edib.

İsveçrənin "Neue Zürcher Zeitung" qəzetinin internet versiyasında Valentin Otterlinin "Avropa Oyunlarından Olimpiya Oyunlarına doğru" sərlövhəli məqaləsi dərc olunub. Müəllif oyunlar üçün inşa edilmiş idman arenalarının möhtəşəm olduğunu bildirir. Qeyd edir ki, Bakı Atıcılıq Mərkəzinin bəlkə də dünyada tayı-bərabəri yoxdur. Oyunların ən az açılış mərasimi qədər möhtəşəm təşkil olunan bağlanış mərasimindən sonra beynəlxalq mətbuatın diqqəti yenidən ölkəmizə yönəldi. Əksər xarici mətbu orqanlarda verilən məqalələrdə bağlanış mərasiminin möhtəşəmliyi qeyd olunur.

İspaniyanın "produccion.notitarde.com" saytında yayılmış məqalədə bağlanış mərasimindəki çıxışlar yüksək qiymətləndirilib, səhnə tamaşaları "çox təsirli" adlandırılıb. Sayt Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin bağlanış mərasimindəki çıxışına diqqəti yönəldərək onun bu oyunların bütün gözləntiləri üstələdiyini söylədiyini qeyd edib.

Fransanın "ladepeche.fr" saytı birinci Avropa Oyunlarını xarakterizə edərək "Olimpiya Oyunlarının ideal surəti" ifadəsini işlədib. Sayt yazır ki, Bakı oyunların təşkili ilə digər böyük idman tədbirlərinə də ev sahibliyi etməyə qadir olduğunu sübut etdi.

Beləliklə, bu və digər çoxsaylı misallar xarici mətbuatın birinci Avropa Oyunlarına verdiyi önəmi bir daha təsdiq edir ki, Azərbaycan tarixdə ilk belə tədbirə ev sahibliyi etməklə dünya ictimaiyyəti qarşısındakı mövqeyini daha da möhkəmləndirdi, müstəqil və güclü bir ölkə olduğunu sübut etdi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər